E-mail: [email protected]
Fərdi ev adı altında biznes mərkəzi: Bakı-Sumqayıt yolunda tikilən obyekt kimə məxsusdur?
Abşeron Rayon İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyi (FHN) qanunsuz tikililərlə bağlı heç bir addım atmır.
Bu məsələni müntəzəm diqqətdə saxlayan Yenicag.az-da bir neçə gün əvvəl belə bir tikili barədə material dərc olunub. Həmin yazıda dövlət başçısının il ərzində ən azı 4-5 dəfə istifadə etdiyi, ölkənin ən strateji magistrallarından sayılan Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən keçən hissəsinə yaxın ərazidə fərdi ev adı altında dövlət qeydiyyatına alınan, reallıqda isə ticarət mərkəzi kimi inşa edilən tikilidən bəhs edilib.
Haqqında danışılan tikili ilə bağlı əldə etdiyimiz yeni məlumata əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınan o tikilinin sahibi rəsmi sənədə görə, Fərzəliyev Bəhruz İsfəndiyar oğludur. Bununla belə, sözügedən obyektin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsus olduğu iddia edilir.
Maraqlı və təəccüb doğuran məqam isə budur ki, qanunsuz tikililərə cavabdeh olan Abşeron Rayon İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyi (FHN) hələ də bəhsi keçən məsələyə reaksiya verməyə tələsmir. Adları çəkilən rəsmi dövlət qurumlarının Abşeron rayonunda aparılan qanunsuz tikiliyə göz yummasına səbəb isə həmin obyektin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsus olması barədə səslənən iddiaların ciddiliyini xeyli artırır.
Hazırda Abşeron rayonunda aparılan qanunsuz tikililərin sayının yüzlərlə olduğu bildirilir.
Onu da qeyd edək ki, tikintisi davam etdirilən ticarət obyekti Bakı-Sumqayıt magistral yolunun cəmi 4-5 metrliyində yerləşir. Sutkanın səhər və axşam saatlarında daim sıx tıxacların müşahidə edildiyi o ərazidə belə bir obyektin inşası yaxın gələcəkdə magistralda hərəkətin daha dözülməz vəziyyət alacığını əminliklə söyləməyə imkan verir.
Mövzunu davam etdirəcəyik.