sen
2023
10:35
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qaxda vətəndaşı dinləyən yoxdur... - rəsmilər isə deyir ki...

1 sen, 2023
10:35
595

Bir ilə yaxındır yataq xəstəsi olan 65 yaşlı Almas İsgəndərova Kəlbəcər rayonundan məcburi köçkündür.


Xəstəliyinə görə, Almas İsgəndərova hərəkət qabiliyyətini tamam, nitq qabiliyyətini isə qismən itirib, yaxşı danışa bilmir.

Ona gəlini və digər ailə üzvləri qulluq edir.

Həyat yoldaşı 66 yaşlı Rahim Həsrətov deyir ki, onun özünün də hər iki gözü tutulub.

Ailə deyir ki, illərdir yaşayış yerləri olmadığına görə, Qaxın Qapıçay kəndindəki keçmiş kərpiz zavodunun gözətçi köşkündə məskunlaşıblar.

Dörd nəfər və iki yaşlı körpədən ibarət olan ailə bu bir otaqlı daxmada yaşayır.

Əvvəllər gözətçi köşkü olmuş bu tikilinin döşəməsi betondur, tavanında isə iri dəliklər görünür.

Həyətə qaz gəlmir və ailə bir gözlü tikilidə qışda odun peçi yandıraraq keçindiklərini deyir.

Ailə deyir ki, sağlamlıqları üçün müraciət etdikləri Qax xəstəxanasında şəfa tapa bilməyiblər.

Rahim Həsrətov həm də Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və səhiyyə təşkilatlarının onlara etinasız münasibət göstərdiyini deyir.

Məcburi köçkün ailəsi deyir ki, şəraitsizlikdən yeməklərini tavanı dəlik-deşik olan daldalanacaqda hazırlayırlar. Elə həyətlərindəki ev heyvanları da günün istisindən bura sığınıb.

Qaxın Qapıçay kəndinin icra nümayəndəsi İlqar Məmmədov BBC-yə deyib ki, ailənin ittihamlarının hamısı haqlı deyil.

“İcra başçısı ötən ilin mayında gəlmişdi, onlar da ev istədilər. Hüquqşünaslar da vardı orda və onlara başa salındı ki, onlar Qax ərazisində qeydiyyatda deyillər. Ev məsələsini qeydiyyatda olduqları Şəki və başqa yerlər müraciət etmələri deyilib”, - İlqar Məmmədov

İcra nümayəndəsi deyib ki, Rahim Həsrətov Şəki qeydiyyatındadır, Almas İsgəndərova isə məcburi köçkün kimi başqa ünvanda, Gəncədə qeydiyyatdadır və onlardan yardım müraciəti daxil olmayıb. Onun sözlərinə görə, əgər ailə ərzaq yardımı üçün ona və ya bələdiyyəyə müraciət etsə vaxtaşırı icra hakimiyyətindən ayrılan belə yardımları ala bilər.

TƏBİB-dən BBC News Azərbaycancaya bildiriblər ki, Almas İsgəndərova və Rəhim Həsrətov heç biri Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət etməyib.

"Rahim Həsrətov Zaqatala RMX-ya müraciət edib, ona özəl tibb müəssisəinə göz əməliyyatı üçün müvafiq göndəriş təmin olunub. Daha sonra o müraciət etdiyi özəl tibb müəssisəsindən narazılığını ifadə edib", - TƏBİB bildirib.

TƏBİB-də deyilib ki, qurum, yalnız dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Rahim Həsrətov deyib ki, onu gözü üçün Bakıdakı özəl tibb müəssisəsinə göndərsələr də, imkansızlıqdan Bakıya səfər edə bilməyib və xidmətdən imtina edib.

Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hələ ittihamlara cavab verməyib. //BBC-Azərbaycanca//



Bizimlə əlaqə saxlayın