E-mail: [email protected]
Cəbrayılda su təchizatı ilə bağlı aparılan işlər AÇIQLANDI
"Cəbrayıl şəhərində yeraltı sulardan istifadə olunacaq, artezian və subartezian quyuları qazılacaq”.
Bunu “Report”a açıqlamasında “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, artıq Cəbrayıl şəhərində su təchizatı ilə bağlı “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən layihə hazırlanıb:
“Burada istifadə olunacaq suların anbarlara toplanması və paylanması üzrə şəbəkənin yaradılması ilə bağlı layihə işləri hazırdır. Şəhərdə tikinti işlərinə paralel olaraq bu işlərin də görülməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə hazırda layihələndirmə işləri aparılan Cəbrayıl rayonunun üç kəndinin içməli su təchizatının aparılması məsələsi həyata keçiriləcək”.
“Azərsu” rəsmisi qeyd edib ki, sonra Cəbrayıl rayonunda tikiləcək digər yaşayış məntəqələrində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan sifarişlər əsasında su təchizatı və kanalizasiya infrastrukturunun layihəsi işlənib hazırlanacaq, mərhələli şəkildə icra olunacaq.
“Gələcəkdə rayon ərazisində vaxtı ilə mövcud olmuş artezianların və kəhrizlərin bərpası istiqamətində də işlərin görülməsi planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində xidmət aparan hərbçilərimizin, mülki şəxslərin içməli su təminatı ilə bağlı heç bir problem yoxdur”, - A.Cəbrayıllı deyib.