E-mail: [email protected]
“Makron Fransa dövlət sisteminin ən ağır endemik xəstəliyidir”
Fransa həbsxanalarındakı məhbusların sayı 2024-cü il dekabrın 1-də artıq 80 min 792 nəfər olub. Bu isə mənfi mənada rekorddur.
Bu haqda Fransada nəşr olunan Le Figaro qəzeti öz araşdırmasında yazıb. Nəşr bildirir ki, məhbusların sayı 2024-cü il noyabrın 1-də 80 min nəfərlik həddi keçmişdi (80130 məhbus). 2024-cü il dekabrın 1-ə olan vəziyyətə görə, 21291 müttəhim öz hökmünü həbsdə gözləyir. Həmin tarixə olan məlumata görə, ümumilikdə Fransada həbsə alınmış adamların sayı 97 min 372 nəfər olub. Onlardan 16 min 580 nəfərə elektron qolbaq taxılıb və ya küçələrdə ictimai işlərə cəlb olunmuş şəxslərdir.
Avropa Şurasının məlumatına görə, Fransa bu göstəricilərlə - həbsxanalardakı sıxlıq üzrə Avropada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Daha dəqiq desək, həbsxanalarında sıxlığa görə ən pis göstəriciləri olan Kiprdən və Rumıniyadan sonra üçüncü yerdədir.
Fransa hökuməti bu problemi həll etmək üçün bir aydan az müddətə həbs qətiimkan tədbirini ləğv etmək, hökmlərin korrektəsi və ya ictimai işlərin inkişaf etdirilməsi yolu ilə həll etməyə çalışıb. Bundan başqa hökumət daha 15 min yerlik həbsxanalar tikmək qərarı verib. Bunu Emmanuel Makron hələ 2017-ci ildə özünün birinci müddətə prezidentlik müddətinə seçilərkən vəd etmişdi. Ancaq Barnye hökumətində ədliyyə naziri postunda olan zaman indi artıq keçmiş nazir Didye Miqonun verdiyi açıqlamaya görə, daha 15 min nəfərlik yeni həbsxana tikilməsi planı 2029-cu ildən tez başa gəlməyəcək. Onun sözlərinə görə, bu yeni həbsxanalar 2027-ci ildə artıq hazır olmalı idi. Ancaq qarşıdakı 3 il ərzində işlərin ən yaxşı halda 42 faizi görülmüş olacaq.
Deməli, son aylarda Fransanın hazırkı prezidentinin legitimliyi daha da sarsılıb.
Emmanuel Makronun konkret olaraq Azərbaycana qarşı Ermənistanı dəstəkləməsinə də bu prizmadan yanaşmaq olar. Ermənistan hazırda Yelisey Sarayının sahibini özünün ən etibarlı tərəfdaşı bilir və Makrona güvənir. Ona görə də belə bir sual yaranır: öz ölkəsində legitimliyini itirmiş bir prezident, xalqının etimad etmədiyi bir dövlət başçısı başqasına necə etibarlı dost, səmimi tərəfdaş ola bilər?! Öz ölkəsini bu cür ağır problemlərin girdabına yuvarlamış rəhbər başqa ölkəni çətinliklərdən çıxaracaq?! Öz xalqını fəlakətlərə sürükləyən siyasətçi özgəsinə səadət gətirəcək?!
Cavabları çox axtarmağa lüzum yoxdur; doğru cavablar elə sualların özüdədir. Le Figaro nəşrinin ifadəsini bir qədər də dəqiqləşdirsək, elə Emmanuel Makronun özü Fransanın dövlət sisteminin ən ağır endemik xəstəliyidir.