E-mail: [email protected]
Dosta və dostluğa dair...
Şəhriyar Del Gerani yazır...
Kim nə deyir desin, həyat dediyimiz bu “hər nədirsə” çox çətin şeydir. Çox adama elə gəlir ki, yaşamaq asandır. Amma elə deyil. Gerçəkdən, dünya həssas qəlblər üçün cəhənnəmdir. Dünya zarafat yer deyil, yaşamaq ciddilik tələb edir. Bu fərəhsiz dünyada dostsuz xoş güzəran yaşamaq mümkündürmü? Əlbəttə, yox.
Düzü, əksəriyyətin başı çatmır. Burada gizlətməli bir şey yoxdur. Adamlar bəsitləşir getdikcə. Gərək reallığımızı bir-birimizə deyək, başa salaq. Heç kəs inciməsin, həyatı olduğu kimi görmək lazımdır. Səydəşlik trend olub. Bambılılıq elitalaşıb, zövqlər aşılanıb. Hərə özündən bir artist düzəldib, bütün günü hırıldaşır. Baxırsan, gül kimi adamdı, amma nə vecinə, ağlı yoxdur, kef edir. Belə bir dövrdə ağıllı adamdan xüsusi istedad, bacarıq tələb edir yaşamaq. Kim nə deyir desin, belə bir dövrdə ağıllı adam üçün dostsuzluq dözülməzdir. Hətta, dostsuz yaşamaq haradasa mümkün deyil artıq. Bu boyda adilik, bəsitlik, bozluq və boşluq adamı üyüdüb bir ovuc kəpək edər və küləkdə-tufanda deyil, fırtınada da yox, bir asqıraq havasında göyə sovurar büsbütün.
Bəs, dostluq etmək asandırmı? Deyil! Dostluq etmək çətindirmi? O da deyil. Söhbət ağıllı adamlardan gedirsə, deməli, sadəcə adam olacaqsan, yetər. Yəni adam kimi adam. Vəssalam. Dostluq da bütün digər sevdalar kimi sözlərdən çox hərəkətlərdir. Dostluq da isim deyil, feildir. Davranışı bilmək şərtdir. Söz sözü çəkib gətirmişkən bunu da deyim, dostluq da bir sənətdir. Sən bu sənəti hər incə detallarına qədər duymalı, öyrənməli və bilməlisən. Dostluğun yolun-yolağasını idrak etməlisən. Adam var, yolu-yolağanı bilmir. Bəlkə də bunu bilsə, hər şey qaydasına düşər, daşlar yerinə oturar. Amma bilmir. Bunu qoyub o birinə keçirəm. Bir gün dostlarla Tiflisə gedirdik. Adətimiz üzrə Kürdəmirdə çay fasiləsinə dayandıq. Heç vaxt yadımdan çıxmayacaq və məni uzun illər düşündürəcək bir cümləyə rast gəldim Kürdəmirin çölündə. Həqiqətən də, insan zəkası aciz qalır belə durumlarda. Nə qədər çalışırsan çalış, neçə gecə düşünürsən düşün, idrakı qeyri-mümkündür. Həmin cümlə kişi tualetinin iç divarına yazılmışdı. Cümlə belə idi: “Ayka, sənə dəlilər kimi aşiqəm˝. Oxuyanda heyrətə gəldim. İlahi, insan cəhalətinin dibi görünməz imiş. Bunca intəhasız, göz işlədikcə uzanan nadanlıq sahibi üçün yaşamaqdan asan nə ola bilər ki? Kimsəni aşağılamır, qınamırıq, çiçəyinə toz qondurmuruq. Bəlkə də həmin aşiq bəndə haqlıdır, bəlkə də doğrudan doğruya Aykaya dəlilər kimi aşiqdir. Hər halda heç bir ağlı başında olan heyvərə Kürdəmirin çölündəki kişi tualetinin iç divarına sevgi mesajı yazmaz. Di gəl, sevginin yolu-yolağası bu deyil. Ola bilər, küt bir ehtimal olsa da, mümkündür. Ki, Ayka xanım nə vaxtsa bir gün Kürdəmirin çölündəki həmin çayxanada olsun. Bu da mümkün ehtimallardan biridir və danılmaz faktdır ki, Ayka xanım çayxananın tualetindən də istifadə etsin. Lakin, ağlasığmaz olaydır hansısa bir qadının Kürdəmirin çölündəki çayxananın kişi tualetinə girməsi. Hələ-hələ Ayka xanım dünyasında belə bir iş görməz. Tamam, aydındır. Bəs, bizim aşiq niyə bu yola əl atıb? Hansı kor ümidlər o aşiqi bu yola sövq edib? Bilmirik. Hadisənin üstündən yalan olmasın, 10 il keçib, hələ də yadıma düşəndə tüklərim biz-biz olur. Allah uzaq eləsin. Nə isə, sözüm ondadır ki, çox adam yolu-yolağanı bilmir. Nə ailədə, nə sevgidə, nə də dostluqda.
Rast ki söhbət dostluqdan düşüb, üstəlik ağıllı adamlardan, gərəkdir bir neçə mətləbə aydınlıq gətirək və xatırladaq bəzi məqamları. Hər kəsin xatırlamağa ehtiyacı var. Gülməli gəlməsin sizə, həqiqətən də bəzən adamların yaxşı adam olmaq yadından çıxır. Ömür o qədər sürətlə keçir, adam tənəgnəfəs olur. Bu arada, bu söz ˝təngİnəfəs˝ deyil, təngƏnəfəsdir. Nəfəsin təngə gəlməyindən gedir söhbət. Yəni nəfəsin usanmağından. Dilçilər, redaktorlar, məxsusən həkimlər bu sözü yadında saxlasın. Belə də ki, özü bilər kim necə yazır. Bizdən deməkdir.
Qəbiristanlıqları gəzməyi çox sevirəm. Keçən həftə Türkiyənin ən böyük və ən qədim qəbiristanlığı olan “Karacaahmet Mezarlığı”na getmişdim. Üsküdarda yerləşir. Yeri gəlmişkən, İstanbula səfər edən hər kəsə məsləhət görürəm bu ünvanı. Çoxlu sayda mətləbləri başa salır bu məkan. Ümumiyyətlə, qəbiristanlıqlar mistik yerlərdir. Boş vaxtlarınızda mütləq gedin. Xülasə, qəbir daşlarının birində məhz belə yazılmışdı: “İyilik iyidir”. Ertəsi günün axşamı bir dostumuz qəribə şəkildə mənə telefonunda aktyor Ali Sürmelinin bir videosunu göstərdi və Ali bəy həmin videoda başqa bir məzarlıqda gördüyü eyni İlahi sədanı nəql edirdi: “Yaxşılıq yaxşıdır...” Bu da başqa bir mistika. Sözüm ondadır ki, yaxşılığı xatırlatmaq da yaxşılıqdır. Çalışın həmişə yaxşılıq barədə danışın. Yaxşılıq barədə düşünmək və danışmaq zamanla insanın özünü də yaxşı kimsəyə çevirir. Bir nəfər Rumi əfəndidən soruşur: “Yaxşı insanları necə tanımaq olar ilk baxışdan?” Rumi cavab verir: “Əgər bir insan sənə Allahı xatırladırsa, deməli, yaxşı adamdır. Şeytanı xatırladırsa, deməli, yaxşı adam deyil”. Yaxşı adam deyil, yəni pis adamdır. Ruminin “pis” sözündən xoşu gəlməzmiş və bacardıqca işlətməzmiş bu sözü. Amma biz Rumi deyilik, ona görə də işlədirik. Pis adamdır. Nə edək? Pis adamlardan qaçmaq lazım. Çalışın pis adamlardan uzaq olun, hətta ən doğmanız olsa belə. Yaxşılıq kimi pislik də yoluxucudur çünki.
Dostluq haqqında düsturlardan biri də İmam Sadiqin zaman-zaman xatırladığım bu hədisidir: “Dostluğun bəlli sərhədləri var. Kim onların hamısına, ya bir neçəsinə malik olsa, dostdur, əks halda, onu əsla dost bilmə.
1. Zahirdə və batində sənə qarşı eyni olsun;
2. Sənin abır-həyanı öz abrı, öz həyası, sənin ayıbını və rüsvayçılığını öz ayıbı və rüsvayçılığı bilsin;
3. Sərvət və məqam onun sənə qarşı münasibətini dəyişməsin;
4. Əlindən gələn köməyi səndən əsirgəməsin;
5. Çətinliklərdə səni tənha qoymasın”.
Hər gün xatırlayacağımız, yazıb cibimizdə daşıyacağımız, hafizəmizdə saxlayıb dəfələrlə zikr edəcəyimiz bir mətndir. Ən təsirli bəndi isə sonuncudur – Çətinliklərdə səni tənha qoymasın...
Yaşamaq həqiqətən də çətindir, həyat gerçəkdən məşəqqətlidir ağıllı adamlar üçün. Gərəkdir insanın sığınmağa bir dostu olsun. Tənhalaşmasın insan. Tənhalıq təhlükəlidir. İnsan tənhalaşanda pis adama çevrilə bilir. Tənhalıq bircə Allaha yaraşır.
Dostluğun ən mübarək tərəfi mənə görə azad olmasıdır. Yəni dostu hər kəs özü seçir. Biz adətən seçə bilmədiyimiz nəsnələrə müqəddəs deyirik. Məsələn, ana müqəddəsdir, ata müqəddəsdir, Vətən müqəddəsdir və s. Halbuki nə ana-atamızı, nə də Vətənimizi özümüz seçirik. Burada bizə seçim haqqı tanınmayıb, İlahi təqdirdir. Amma dostu özümüz seçirik. İstənilən halda dostluğun da İlahi təqdir olduğuna şübhə etmirəm. Di gəl ki, bu seçimdə mənim də səs haqqım var, sənin də səs haqqın var. Bu səbəbdən insani münasibətlərin bəlkə də ən müqəddəsi elə dostluqdur. Deyə bilərik ki, dostluq da müqəddəsdir. Baxırsan, qanı qanından deyil, südü südündən, amma canı canındandır, ruhu ruhundan. Bu gözəl dünyada mənə doğma qardaşlar göstərə bilməzsiniz onlar həm də dost olsunlar. Şəxsən mənim tanıdığım elə qardaşlar yoxdur. Bunun çoxlu sayda psixoloji, hətta sosioloji səbəbləri var. Bu, başqa bir məqalənin mövzusudur. Dediyim budur ki, ata dost ola bilmir adama, bacı da, qardaş da, əmi də, dayı da. Bircə anadan başqa. Bu fani dünyada ana yeganə varlıqdır ki, övladını təmənnasız sevir, bunu bacarır. Bircə bu səbəb ananı övlada dost edə bilir. Bu da başqa məqalənin mövzusudur. Amma dost bir başqa ölçüdür, bir başqa anlayışdır. Qardaş elə qardaşdır, ata sadəcə atadır, bacı bacıdır, əmi əmidir, dayı dayıdır, amma dost bütün bunların hamısıdır, cəmidir. Dostu dost edən də bu fövqəladə məziyyətidir. Mən özümdən təzə mənalar uydurmuram. Kimsə inciməsin. Belə pis çıxmasın, mənə deyilənləri deyirəm. Həzrət Əli əfəndimizin təsbitidir: “Dost yaxınların ən yaxınıdır”. Nə məna uydura, nə cümlə yaza, nə misra cızasan bundan yuxarıda olsun?
Qədim kitablarda yazılır ki, çox zaman dostluqlar uzun sürüb əbədi olmaya bilir. Hadisələrin gedişindən və zamanın gərdişindən asılı olaraq dəyişir. Bəzən bahar buludu kimi gah yağar, gah kəsər. Hədd-kamala çatmış, uzun müddət öz təravətini və təzəliyini, mübarəkliyini və həqiqiliyini mühafizə etmiş, qorumuş dostluqlara da bəzən bədnəzər olur, göz dəyir, bir anda nifrət və ədavətə çevrilir. Ona görə də ağıllı adamlar gərəkdir hər məqamda təmkinli olsunlar, hövsələsiz davranış sərgiləməsinlər. İnsan qəlbindən zərif heç nə yoxdur. Acı sözlərlə, sərt davranışla qırılan könüllərin bərpasını görmədim. Nalayiq davranışla viran olan qəlbləri xarabaya dönən gördüm.
Bəzən bizi çaşdıran məsələlərdən biri də zəkası yetişməmiş böyüklərimizdən eşitdiyimiz puç və xor cümlələrdir. Hər kəs eşidib yəqin. Bir də görürsən saçı-saqqalı ağarmış, əsası əlində, eynəyi gözündə, qırışları alnında bir nəfər olduqca müdrik görkəm alıb ağır-ağır nəfəs ilə, ləngərli səslə zərrə qədər də utanmadan belə deyir: “Bu dünyada dost yoxdur, bala. Dostluq boş şeydir...”. Əvvəla biz çox yaxşı bilirik. Ki, əgər bir məfhum varsa, o, mütləqdir, var. İkincisi, Allah Quranda dostluqdan bəhs edir, peyğəmbərlərdən, imamlardan hədislər var, alimlər araşdırma aparmış, çıxışlar etmiş, yazıçılar hekayələr, romanlar yazmış, şairlər şeirlər, nəğmələr yaratmış, rejissorlar filmlər çəkmiş, üstəlik, içində olduğumuz zamanda necə ləyaqətli, neçə mərifətli, ürəkaçan, sadiq dostluqlara şahid olmuşuq, oluruq. Məgər bunlar hamısı boş və puçdurmu? Ay qocala bilməmiş ağsaqqal, alimdən, yazıçıdan, şairdən, ondan, məndən, bizdən çox bilirsən, başa düşdük. Yaxşı, Allahdan da çox bilirsən? Hara tələsirsən? Bu məqaləni oxuyan ağsaqqal və ağbirçəklərə tövsiyə edirik ki, tələsməsinlər. Dostluğun yoxluğu haqqında fətva verməyə tələsməsinlər. Ümumiyyətlə, Allahdan çox bilməyə tələsməsinlər. Üçüncüsü, yaş heç kəsə ağıl vermir, zəka bəxş etmir. Əgər elə olsaydı, bütün yaşlı adamlar dahi olardı. Yaş, ömür, gün hər nə varsa adamda, onun üzərinə olanı gəlir, olanı gətirir, mövcud olanı artırır yəni. Ona görə də səfehlər yaş ötdükcə axmaq, ağıllılar yaşlandıqca müdrik olurlar. Əslində, biz bu cür düşünən adamları da qınamırıq. Nədən ki, onun həyatında bir üzüntü baş vermiş, dost sarıdan bəxti gətirməmiş, xəyal qırıqlığı yaşamışdır. Keçmiş olsun. Amma bu, ona zəmanət vermir ki, hansısa gəncin, hansısa yeniyetmənin ürəyinə xal, zehninə qurd salasan. Sənin dostun yoxdursa, sən dost ola bilməmisənsə, o demək deyil ki, dost yoxdur, dostluq puçdur.
Dostluq sevgidən böyükdür, çünki daha uzun sürər. Həqiqi dostlar ulduzlar kimidir, onlar qaranlıq çökərkən görünər. İdeal dost axtarışında olmaq əslində dost axtarmamaqdır. Dostluqda gərək olduğu kimi qəbul edəsən insanı. Atalar məsəlində deyildiyi kimi, “Dəvəçiylə dost olanın darvazası gen gərək”. Bu, şərtdir ki, dostlar eyni ruhdan doğulsunlar. Tülküylə toyuğun, şirlə dovşanın dostluğuna ağıl deyil, mədə qərar verər.
Yanıldığımız məqamlardan biri də “İnsanı əvvəlcə sına, sonra dost ol” təfəkkürüdür. Büsbütün yanlışdır. Yuxarıda qeyd etdiyimiz kimi, həyat çətin, yaşam qəliz, insan isə zəif və acizdir. Ola bilər hansısa dost sənin çətin bir həyat situasiyasında qalıb sınaq adı verdiyin keçiddə axsasın, büdrəsin, sənin o mənasız sınağından keçə bilməsin. Şəxsən mənim başıma gəlib. Çox çətin, hədsiz dərəcədə məşəqqətli, ifadə etməyə belə çətinlik çəkdiyim ağır şərtlər diktə edib həyat, dostumu aciz görmüşəm, amma yenə də boynuna sarılmışam. Başa düşmüşəm ki, bu keçiddən adlamaq onun xarakterinə görə deyil. O, bunu bacarmayacaq. Bacarmayıb da. Amma bu hadisə onun mənə qarşı dostluğuna kölgə salmayıb. Buna imkan verməmişəm. Mən də oxşar durumda eyni acizliyi yaşaya bilərəm. Həyat proqnozlaşdırılmayıb. İnsanı gücü çatmayacaq yüklərin altına itələmək zalımlıq, cahillikdir. Dost adam gərək bağışlamağı bacarsın. Bağışlamaqdan ali bir nemət yoxdur bəlkə də dostluğu bəsləyəcək. Bağışlamaq açarının düşmədiyi qapı da yoxdur. Hər gün kimisə bağışlayın. Ən azından özünüzü. Bağışlamaq ruhu duruldur. Dostluqları bir-birinizi bağışlayaraq böyüdün, qoruyun, saxlayın, möhkəmləndirin. Çünki dostlar və dostluqlar dünyaya lazımdır, insana lazımdır, Allaha lazımdır. Allah necə haqdır?!