

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilmişdir

Yevlaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilmişdir
Bu münasibətlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,Yevlax rayon Prokuroru Ceyhun Almasov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun əməkdaşları iştirak etmişlər.
Turkdunyasi.az xəbər verir ki, tədbir iştiakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsinin önünə gül dəstələri düzərək Dahi Şəxsiyyətin müqəddəs ruhuna ehtiram ifadə olunmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev öz çıxışında prokurorluq işçilərinin peşə bayramını təbrik etmiş, onlara çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğunun qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyevin daim göstərdiyi diqqət və qayğı nəticəsində 1970-ci illərdən başlayaraq prokurorluq orqanlarının inkişafı üçün mühüm addımlar atılıb: Azərbaycan SSR Konstitusiyasında prokurorluğa xüsusi maddə ayrılıb, Baş Prokurorluğun inzibati binasında yeni korpus inşa edilərək istifadəyə verilib. Təsadüfi deyil ki, Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə quruma ilk dəfə olaraq konstitusion status verilmişdir. Məhz Ulu Öndərin tarixi həqiqəti əbədiləşdirərək prokurorluğa və prokurorluq işçilərinə xüsusi diqqət göstəricisi olan 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməklə qeyd olunmağa başlanmışdır. Bu gün də prokurorluğun kollektivi Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi "Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" sözlərini dərin ehtiramla və böyük məsuliyyət hissi ilə dərk edərək üzərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər edir. Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır.
Yevlax rayon prokuroru Ceyhun Almasov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışmışlar.
Sonda 1 oktyabr-Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 107-ci ildönümü münasibətilə rayon prokurorluğunun əməkdaşlarına Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.