

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda “Heydər Əliyev ideyaları parlaq gələcəyimizin təminatçısıdır” mövzusunda tədbir keçirilib

Yevlaxda “Heydər Əliyev ideyaları parlaq gələcəyimizin təminatçısıdır” mövzusunda tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Böyük Azərbaycanlı, Azərbaycan tarixinin parlaq siması olan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 3 oktyabr tarixində ölkəmizdə ilk dəfə prezident seçilməsi ilə əlaqədar “Heydər Əliyev ideyaları parlaq gələcəyimizin təminatçısıdır” mövzusunda tədbir keçirilib.
Turkdunyasi.az xəbər verir ki, YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirdi ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan Dahi Lider respublikamızda ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Xüsusilə Azərbaycanın tarixində yeni mərhələ başladı və ölkəmiz böhrandan çıxma prosesinə qədəm qoydu. Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf etdi, böyük layihələrə imza atdı. Bəli, məhz onun nəticəsidir ki, Ulu Öndərin müdrik siyasi kursu əsasında bu gün Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib. Suveren və müstəqil Azərbaycan öz tarixinin şanlı səhifələrinə qürurverici hadisələr əlavə edərək, işıqlı gələcəyə doğru addımlayır.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin güclü siyasət kursundan geniş bəhs edib. Qeyd edilib ki, dahi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı, müasir, dünyəvi, demokratik və hüquqi dövlətçilik prinsiplərinə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl və qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi-iqtisadi, hərbi və diplomatik strategiyası nəhayət öz töhfəsini verdi və 2020-ci il sentyabrın 27-də əks-hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra 8 noyabrda otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi tarixi Zəfərlə başa çatdı. Bu isə bir daha onu sübuta yetirdi ki,Heydər Əliyevin ideyaları yaşayır və bizə böyük uğurlar qazandırır.
Tədbirdə çıxış edənlər Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatının əməkdaşı Aynur Quliyeva, Yevlax şəhər 6 nömrəli tam orta məktəbin direktoru Ülkər Əliyeva və Yevlax rayon Duzdaq qəsəbə ümumi orta məktəbin müəllimi Fariz İmamverdiyev vurğulayıblar ki, 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyərək Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, Ümumi Daxili Məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın inamlı sabahı baxımından strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesi sürətlənir və ölkəmiz böyük inkişaf yolunda uğurla addımlayır.