

E-mail: turkdunyasi.az@mail.ru
Polis Mingəçevirdə şagirdlərlə maarifləndirici görüş keçirib -Foto

Mingəçevir şəhər ümumtəhsil müəssisələrində narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirləri davam edir. Bu dəfə belə tədbir şəhərin Milli Qəhrəman N.Qasımov adına 4 saylı tam orta məktəbdə keçirilib.
Turkdunyasi.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi yeniyetmələri narkomaniyanın fəsadları, yol hərəkətinin təhlükəsizliyi və digər zərərli vərdişlər barədə məlumatlandırmaq olub.
Tədbirdə çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şagirdlərə əvvəlcə Polis Akademiyasına qəbul şərtləri, üstünlükləri və oradakı maddi-sosial imkanlar barədə geniş məlumat verib.
Ədalət Əliyev narkomaniyanın insanlıq üçün ciddi təhlükə olduğunu qeyd edərək, onun zərərləri və səbəb olduğu faciələr barədə real faktlara istinadla şagirdləri məlumatlandırıb. O, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal olmasının vacibliyini vurğulayıb və gənclərə zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edib. Rəis bildirib ki, bir çox gənclər bu fəlakətə məlumatsızlıq və iradələrinin zəifliyi səbəbindən düşürlər; əgər onlar əvvəlcədən bu təhlükələrdən xəbərdar olsalar, özlərini qorumağı bacararlar. O, həmçinin ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Tədbir çərçivəsində polis əməkdaşları gənclərə yol hərəkəti qaydaları, antinarkotik təbliğat və digər zərərli vərdişlər barədə məlumat verərək onları maarifləndiriblər. Sonda şagirdlərin sualları cavablandırılıb.
Esmira Hidayətova



