24 
okt
2025
23:22
121

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Mingəçevir regionun ən böyük Universitet–Sənaye Birliyi Sammitinə ev sahibliyi edib

24 okt, 2025
23:22
8121

Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group Academy”nin təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub.

Turkdunyasi.az xəbər verir ki, sammitin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Mingəçevir Dövlət Universitetinin himni və “Zəfər sədası” uşaq xor qrupunun ifası təqdim olunub. Dövlət Bayrağı və universitetin bayrağı tədbir meydanına gətirilib.

MDU-nun rektoru Anar Eminov “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”in ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addım olduğunu qeyd edib. O, vurğulayıb ki, tədbir “Regiondan Qlobala” konsepti əsasında həyata keçirilərək Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir.

Sammitin əsas məqsədi regionlarda universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir. Bildirilib ki, bu ilki sammit çərçivəsində 110-dan çox dövlət və özəl müəssisə, 87 startap layihəsi, universitet və innovasiya mərkəzi, həmçinin Mingəçevir və ətraf regionlardan olan tələbə, magistr, məzun və işaxtaran gənclər iştirak ediblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək tədbirin regionun iqtisadi və sosial inkişafına, eləcə də gənclərin gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin sədri Mürsəl Rüstəmov, Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədr müavini Ramal Quluzadə, “HBN Group Academy”nin icraçı direktoru Tariyel Dövlətov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova, Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin üzvü Ramin Cəfərov və 4SİM-in şöbə müdiri Gülminə Məlikzadə tədbirin əhəmiyyətinə dair çıxışlar ediblər.

Ardınca Mingəçevir Dövlət Universiteti ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan HR İnstitutu, eləcə də “Proqress” Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sammit çərçivəsində universitetin Dövlət Məşğulluq Agentliyi ilə birgə Karyera Sərgisi təşkil olunub. Sərgidə 110-dan çox dövlət və özəl müəssisə öz vakansiyalarını, fəaliyyət istiqamətlərini və xidmətlərini təqdim edib. Sərgiyə baxış zamanı tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlər təşkil olunub.

Bundan əlavə, sammit çərçivəsində keçirilən “UniStartup” müsabiqəsində 87 startap layihəsi təqdim olunub. MDU və digər region universitetlərinin tələbə və magistrlərindən ibarət komandaların hazırladığı layihələr ekspertlər tərəfindən qiymətləndirilib, master-klass təqdimatları keçirilib.
Tədbirin təşkilində fəallıq göstərənlər təşəkkürnamələrlə təltif olunublar. Sammit iştirakçıları regionlarda innovasiya potensialının artırılması, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi və gənclərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.
Sonda MDU-nun rektoru Anar Eminov jurnalistlərin suallarını cavablandırıb.
Esmira Hidayətova

Bizimlə əlaqə saxlayın