

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib-Foto

Yevlaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib
Yevlaxda “Konstitusiya və Suverenlik İli”çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “ Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ən böyük siyasi mirasdır” mövzusunda tədbir keçirilib.
Turkdunyasi.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, partiya veteranları,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,təşkilat müəssisə rəhbərləri, şəhid ailəsinin nümayəndələri, müharibə əlilləri və iştirakçıları, partiya fəalları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev partiyanın 33 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. Yerli təşkilatın sədri Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətindəki mühüm işlərdən və Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik fəaliyyəti ilə ölkəmizin işıqlı gələcəyə doğru uğurla addımlamasından geniş bəhs edən məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Yeni Azərbaycan Partiyasının yaranmasını Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Rayon rəhbəri bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını, şanlı Zəfər tariximizi, həmçinin partiyamızın həm qələbələr, həm də ümumxalq partiyası olduğunu xüsusi ilə diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının veteran üzvü Vahid Quliyev, YAP fəalı, Yevlax rayon Salahlı kənd tam orta məktəbinin direktoru Lalə Məmmədova və YAP fəalı, Mingəçevir Dövlət Universitetinin tələbəsi Nilufər Abbasova Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 33 il müddətində zəngin və olduqca şərəfli bir inkişaf yolu keçdiyini bildiriblər. Qeyd edilib ki, YAP yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrilib.
1990-cı illərin əvvəllərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi bir dövrdə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası hazırda möhtərəm Sədr, dövlətimizin başçısı cənab İlham Əliyevin ali idarəetməsi ilə böyük uğurlarla imza atmaqdadır.
Tədbir çərçivəsində Şəhid anaları Sədaqət Budaqovaya və Arzu Əyyubovaya gül buketləri təqdim olunub, vətənpərvər və qəhrəman oğullar böyütdüyünə görə onlara Yeni Azərbaycan Partiyası adından təşəkkür hissi ifadə edilib.
Tədbirdə Yevlax rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub, xatirə fotosu çəkdirilib.
Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti, Respublikanın əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərovanın və pianoçu Mehriban Allahverdiyevanın təqdimatında milli musiqilər səsləndirilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.













