29 
mar
2022
09:14
56

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sülhməramlılara ciddi xəbərdarlıq edilib – Belə davam etsə...

29 mar, 2022
09:14
456

Azərbaycan Ordusunun Qarabağda dislokasiya işləri apararaq mövqelərini möhkəmləndirməsi Ermənistanla yanaşı, Rusiya sülhməramlı kontingentini də ciddi narahat etməyə başlayıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanata açıq-aşkar hörmətsizlik nümayiş etdirən sülhməramlı qüvvələr separatçıların marağından çıxış edərək rəsmi Bakıya qarşı təxribatçı mövqe sərgiləyir.
 
Tarixi torpağımız olan Xocalının Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsini qəbullana bilməyən dırnaqarası sülhməramlı qüvvələr əsl xislətlərini ortaya qoymaqdan belə çəkinmirlər. Belə olan təqdirdə, sülhməramlı olmayan erməni sevdalısı rus hərbçilərin "xidməti" nəyə və kimə lazımdır?
 

Bu barədə Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov əvvəlcə Fərrux kəndinin strateji əhəmiyyətindən söz açıb. Bildirib ki, kəndin işğaldan azad edilməsi bizim üçün əlavə imkanlar yaradır:
 
“Bu imkanlar ilk növbədə Əsgəranla bağlıdır. İkinci məqam əsas yaşayış məntəqələrindən biri olan Xankəndi ilə əlaqədardır. Fərrux kəndi və yüksəkliyinin işğaldan azad edilməsi bizə Ağdamın tam təhlükəsizliyini təmin etmək üçün imkan verir. Bundan əlavə, Xocalı ilə bağlı lazım olan qərarların Azərbaycan Ordusu tərəfindən həyata keçirilməsinə imkan yaradır. Fərrux kəndilə Əsgəran arasında məsafə 16 kilometr, Xankəndi ilə isə 32 kilometrdir. Bu, bizim üçün son dərəcə vacib məsələdir. Əgər seperatçılar və onlara himayədarlıq edənlər öz vəzifə borcalarını yerinə yetirməsələr, Azərbaycan Ordusu çox rahat şəkildə həmin işləri həyata keçirəcək”.
 
Ekspert hesab edir ki, yaranmış imkanlar nəticəsində ərazilərimiz separatçılardan təmizlənəcək.
 
“Üçtərəfli bəyannamənin dördüncü bəndinə uyğun olaraq qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazilərimizdən təmizlənməsi başa çatacaq və yurdlarından didərgin düşmüş vətəndaşlarımız öz torpaqlarına qayıdacaq. Fərrux kəndin azad edilməsindən sonra artıq orada yaşayan mülki sakinlər və silahlı birləşmələr qeyri-qanuni fəaliyyətlə məşğul ola bilməzlər. Biz artıq onların bütün hərəkətlərini nəzarət altında saxlayırıq”, - deyə Ü.Cəfərov bildirib.
 

Bundan əlavə, ekspert hesab edir ki, ümumiyyətlə, Rusiya sülhməramlıları Qarabağa gələn gündən öz vəzifə borclarını bilməyiblər:
 
“İndi də bilmirlər. Əgər bilsəydilər, öz vəzifə borclarını layiqincə yerinə yetirərdilər. Təəssüflər olsun ki, onlar öz missiyalarından başqa bütün işlərlə məşğul olurlar. İrəvandan mülki əhalinin Qarabağa köçürülməsinə şərait yaradıldı. Separatçı Noraya Mirzoyan barədə Azərbaycan Baş Prokurorluğu tərəfindən  cinayət işi qaldırılmasına baxmayaraq, onu separatçılara asanlıqla qaytardılar. Bir neçə fakt var ki, onlar bizə sülhməramlıların fəaliyyəti ilə bağlı narahatlıq yaradır. Sülhməramlılar daha çox erməni mənafeyindən çıxış edir”.
 
Hərbi ekspert xatırladıb ki, Azərbaycan öz etirazlarını həm Rüstəm Muradova, həm də sülhməramlıların indiki rəhbəri general-mayor Andrey Volkova çatdırıb. Onlara ciddi xəbərdarlıq edilib ki, belə davam edəcəyi təqdirdə sülhməramlıların vaxtından əvvəl Qarabağdan uzaqlaşdırılması məsələsi ortaya qoyula bilər.
 
“Biz Xankəndi və Əsgəranla bağlı işimizi həll etdikdən sonra sülhməramlıların uzaqlaşdırılması məsələsi gündəmə gələcək. Onların burada qalmasına ehtiyat olmayacaq. Qalsa da, çox kiçik kontingent olacaq. Onlar da müəyyən zaman çərçivəsində fəaliyyət göstərib, gedəcəklər”,- deyə Ü.Cəfərov vurğulayıb.
 
Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanat əsasında rusiyalı sülhməramlılar Qarabağa gəlib. Sülhməramlı qüvvələrə 1960 əsgər, 90 ədəd BTR zirehli maşın, 370 ədəd avtomobil və xüsusi texnika cəlb edilib.
 
Qarabağın bəzi ərazilərinə yerləşdirilən sülhməramlıların nəzərdə tutulan 5 il müddətində əsas missiyası sülhyaratma əməliyyatına yardım etmək, üçtərəfli bəyanatın icrasını təmin etməkdir. Lakin geridə qalan müddət ərzində sülhməramlılar dəfələrlə qeyri-adekvat hərəkətlərlə gündəmə gələrək, Azərbaycan ictimaiyyətinin etirazına səbəb olublar. 

Bizimlə əlaqə saxlayın