11 
dek
2025
20:08
209

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ulu Öndər Heydər Əliyevin anım günü - Dövlətçilik məfkurəsinin əbədi zirvəsi

11 dek, 2025
20:08
7209


12 dekabr Azərbaycan xalqı üçün sadəcə bir anım günü deyil, həm də milli yaddaşın, dövlətçilik ənənəsinin və vətənə bağlılığın rəmzidir. Bu tarix Ümummilli Lider Heydər Əliyevin vəfat etdiyi gündür. Hər il bu gün ölkənin hər yerində onun əziz xatirəsi ehtiramla yad edilir, xalqımız böyük liderin dövlətimiz üçün gördüyü misilsiz xidmətləri xatırlayır. Heydər Əliyev Azərbaycanın taleyinə yazılmış ən parlaq dövlət xadimi, müstəqil dövlətimizin memarı və müasir Azərbaycanın ideoloji təməlini qoyan dahi şəxsiyyətdir.
Heç kimə sirr deyil ki, Azərbaycan xalqı tarixinin ən ağır dönəmlərində Heydər Əliyev kimi bir liderə ehtiyac duyurdu. Ulu Öndər həm sovet dövründəki rəhbərliyi illərində, həm də müstəqillik sonrası mürəkkəb proseslərdə xalqı ilə bir oldu, dövlətçiliyin qorunması və inkişafı üçün fədakarcasına çalışdı. Onun həyat yolu dövlətə və xalqa xidmətin ən parlaq nümunəsidir.
1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gələn Heydər Əliyev çox keçmədən respublikanı inkişaf yoluna çıxardı. Sənaye sahələri genişləndirildi, yeni təhsil və mədəniyyət müəssisələri açıldı, milli kadr siyasəti gücləndirildi. O dövrdə Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişdi və respublika ittifaq miqyasında nüfuz qazanmağa başladı. Bu, Heydər Əliyevin idarəçilik istedadının və uzaqgörənliyinin nəticəsi idi.
1990-cı illərin əvvəlləri isə xalqımız üçün sınaq illəri oldu. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, ölkə daxilində siyasi qarşıdurma və iqtisadi çöküş Azərbaycanı uçuruma aparırdı. Dövlət hakimiyyəti əlində olmayan, lakin vətənini ürəkdən sevən Heydər Əliyev Naxçıvanda xalqın yanında olaraq ölkənin bütövlüyünün qorunmasına çalışırdı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı isə Azərbaycanın taleyində dönüş nöqtəsi oldu.
Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etdi, separatizm təhlükəsinin qarşısını aldı, iqtisadi böhranın qarşısını kəsdi və dövlət idarəçiliyini yenidən qurdu. Onun sayəsində Azərbaycan parçalanmadan xilas oldu və inkişaf yoluna çıxdı. Dövlətçiliyin möhkəmlənməsi, Konstitusiyanın qəbul edilməsi, ordu quruculuğu və beynəlxalq əlaqələrin genişləndirilməsi məhz bu dövrdə həyata keçirilmiş mühüm addımlar idi.
Ulu Öndərin ən böyük strateji nailiyyətlərindən biri də 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu tarixi qərar Azərbaycanın enerji potensialını dünyaya açdı, ölkəyə böyük maliyyə resurslarının axınını təmin etdi və ölkənin iqtisadi müstəqilliyinin əsas sütununa çevrildi. Heydər Əliyevin neft strategiyası bu gün də Azərbaycanın sabit və güclü iqtisadi inkişafının təməlində dayanır.
Heydər Əliyevin xalqa, dövlətə və elmə verdiyi dəyərlərin mərkəzində azərbaycançılıq məfkurəsi dayanırdı. Onun yaratdığı azərbaycançılıq ideologiyası bu gün Azərbaycan cəmiyyətinin birliyini, dözümlülüyünü və milli məfkurəsini formalaşdıran ideyalar sistemidir. Ulu Öndər hər zaman bildirirdi ki, “Biz hamımız azərbaycançılıq ideologiyası ətrafında birləşməliyik.” Bu fikir bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
12 dekabrda Ulu Öndərin xatirəsini anmaq həm də onun ideyalarına sədaqətimizin göstəricisidir. Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin gücləndirilməsi, xalqın rifahının artırılması, ordu quruculuğu və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin davamıdır. Xüsusilə 44 günlük Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Heydər Əliyevin yaratdığı güclü dövlətin parlaq nəticəsidir.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anır. O, ömrünün hər anını millətinə həsr etmiş, Azərbaycanı regionun lider dövlətinə çevirməyin təməlini qoymuş böyük şəxsiyyətdir. 12 dekabr xalqımız üçün həm də minnətdarlıq günüdür – Azərbaycan dövlətinin bu günkü möhtəşəm uğurları onun uzaqgörən siyasətinin bəhrəsidir.
Allah Ulu Öndərə rəhmət eləsin.
Onun xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlova

Bizimlə əlaqə saxlayın