E-mail: [email protected]
Göyçayda tiktoker qızı öldürən şəxsə hansı cəza verildi?
Şəki Apellyasiya Məhkəməsi Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə qərarını elan edib.
“Report”un əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.
Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə 2021-ci il mayın 9-u saat 6 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib.
İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb.
Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da onun bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb.
Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb.
İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, V.Bədəlov ifadəsində F.Məmmədovanın “Tik-Tok” sosial şəbəkəsində bir çox videogörüntülərinin yayıldığını deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.