E-mail: [email protected]
Buğda və gübrə satışına qadağalar: Dünyanı çörəklə sınağa çəkmək alınacaq? - AÇIQLAMA
Dünyada buğda ajiotajı yaranan kimi Hindistan Ticarət Nazirliyi bu məhsulun ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul etdi.
Yerli medianın Hindistan mətbuatına istinadən dərc etdiyi məlumatlarda qeyd olundu ki, hökumətin yüksək səviyyəli rəsmiləri Hindistanın dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətində olduğunu deyirlər.
Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün bazarı diqqətlə izlədiyini də bəyan etdi. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir. Mart ayında yayılan məlumat, deyəsən, özünü doğrultmayacaq.
Çünki mayın 14-də xarici mediada Hindistanın buğda ixracını qadağan etdiyinə dair məlumatlar yayılıb. Hətta ölkənin Ticarət və Sənaye Nazirliyi qadağanın dərhal qüvvəyə mindiyini bəyan edib.
Müvafiq qərar bir çox amillər səbəbi ilə dünyada buğda qiymətinin qəfil qalxması, bunun nəticəsində Hindistanın, qonşularının və digər həssas ölkələrin ərzaq təhlükəsizliyinin risk altında olması nəzərə alınaraq verilib.
Bəs indi buğda ixracı ilə bağlı məsələdən ölkələr necə təsirlənəcək?
Rusiya, Ukrayna və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bir anda Hindistan da taxıl ixracına qadağa qoyduğunu elan edir. Təbii olaraq buna müxtəlif səbəblər irəli sürülür, ilkin ehtimallardan biri isə puldur, yəni satışı gerçəkləşdirmək niyyətində olan Hindistanın taxılı daha baha satmaq istəyi.
Ekspertlərin bir qismi satışın müvəqqəti dayandırıldığını qeyd edir.
Bu vəziyyət Azərbaycana necə təsir edə bilər?
İqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında Hindistanın dünya taxıl istehsalçıları arasında ilk üçlüyə girdiyini deyib:
“Dünyada taxıl istehsalının 13-14 faizi Hindistanın payına düşür. Lakin buna baxmayaraq, Hindistan dünya taxıl ixracında cəmi bir faiz paya sahibdir. Əhalisi çox olduğuna görə istehsal etdiyi taxılın əsas hissəsi daxili bazara gedir.
Bizim taxıl idxalının 75 faizi xaricdən olur ki, burada əsas oyunçular Rusiya, Qazaxıstan, Ukraynadır. Biz Hindistandan taxıl idxal etmək fikrinə düşsəydik belə, o, bazarda Rusiya, Ukrayna və Qazaxıstanı əvəz etmir. Çünki Hindistandan Azərbaycana taxıl gətirmək, onsuz da, baha başa gələcəkdi. İdxal prosesi Hind okeanı vasitəsilə həyata keçiriləcəyi üçün sərf etmir -məsafə böyükdür, gəmi və digər nəqliyyat vasitəsilə daşınmanın qiymətini nəzərə alsaq, əvvəlki qiymətlərlə müqayisədə yenə də baha almış oluruq. Bu nöqteyi-nəzərdən Hindistanın bu sahədə qərarları bizi çox da qayğılandırmır”.
Ekspert qeyd edir ki, Rusiya dünya bazarına taxıl icraçını dayandırmayıb:
“Sadəcə olaraq iyunun 30-na qədər Avrasiya İqtisadi Birliyi ölkələrinə qısamüddətli tətbiq edilən məhdudiyyət var. Buna da səbəb həmin ölkələrin normadan artıq taxıl almasıdır. Bu baxımdan taxılın qiymətləri artır və artmağa da davam edəcək. Hindistanın bazardan çıxıb-çıxmaması, məhdudiyyət tətbiq edib-etməməsi də özündən narahat olması ilə əlaqəlidir. Gələcəkdə öz ölkəsində taxıl qıtlığının yaşanmaması üçün çalışır, bu səbəbdən Hindistanın qərarları birbaşa Azərbaycana təsir etməyəcək”.
Hindistanın buğda ixracına qadağası ilə eyni zamanda Çin və Rusiyanın gübrə satışını dayandırması da bazarda vəziyyəti gərginləşdirib.
Bazarın bu seqmentinin 40 faizini idarə edən ölkələrin bir anda belə qərar verməsi ümumi vəziyyətə, xüsusilə Azərbaycana necə təsir göstərəcək?
Millət vəkili Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan gübrə qiymətlərində artımlar müşahidə edilirdi:
“Eyni zamanda həm Avropa, həm də Asiya bazarında gübrənin qiymətində artımlar var. Digər tərəfdən, fosforlu gübrələrin qlobal ixracatının 30 faizi Çinin payına düşür. Son dövrlərdə bu məhsulların da qiymətində artım var. Hələ 2021-ci ildə dünya bazarında fosforlu gübrələrin qiyməti 60 faizə qədər yüksəlmişdi.
Azərbaycan idxal etdiyi gübrənin əhəmiyyətli hissəsini Rusiyadan alırdı və həmin məhsulların da qiymətindəki artım onun xərcinin artmasına gətirib çıxarır. Sözsüz ki, ölkəmiz gübrəyə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödədiyi üçün dünya bazarındakı qiymət artımları Azərbaycana idxal edilən gübrənin xərcinə, qiymətinə təsir edir. Paralel olaraq azot gübrəsinin və digər gübrələrin qiymətlərində də artım var”.
Ekspert əlavə edib ki, Dövlət Gömrük Komitəsinin statistikası da onu göstərir ki, bir ton gübrənin idxal dəyəri orta hesabla 565 dollar olub:
“Bu da əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artım deməkdir. Dünya bazarında qiymət artdığı üçün ölkəyə idxal edilən gübrənin qiyməti də artır. Bu isə yerli istehsalın genişləndirilməsi və zavodlarda gübrənin istehsalının həyata keçirilməsini vacib edir. Çünki bu məqamda əsas hədəf tələbin yerli istehsal hesabına ödənilməsi olmalıdır.
Biz təklif etmişdik ki, indiki məqamda vacib məqamlardan biri fermerlər üçün subsidiyanın baza qiymətinin artırılmasıdır. Fermerlərə gübrə alışına görə verilən subsidiya məbləğlərinin artırılması məqsədəuyğundur. Yəni qiymət artımlarının təsirinin hiss edilməməsi üçün subsidiya məbləğlərinin artırılmasına diqqət ayrılmalıdır”.