E-mail: [email protected]
Xankəndi aktuallığını itirməyəcək: Qarabağdakı ermənilər iqtisadi təminat ala bilərlər – Deputatla MÜSAHİBƏ
Turkdunyasi.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Oxu.Az-ın suallarını cavablandırıb.
Deputatla müsahibəni təqdim edirik:
- Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verən hadisələr perspektiv üçün nə deməkdir? Nəzərə alaq ki, Fərrux zəfərindən sonra ictimai rəydə Xankəndi məsələsi yenidən aktuallıq qazanıb.
- Rusiya sülhməramlı qüvvələri dediyiniz kimi, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilib. Həmin zonada gedən istənilən proses – istər siyasi, istər iqtisadi, istərsə də hərbi – Azərbaycan ərazisində baş verir. Azərbaycan suveren dövlətdir, BMT tərəfindən tanınan sərhədləri var. Buna görə də öz ərazimizdəki fəaliyyət dövlətin qərarları ilə baş tutur. Rusiya sülhməramlılarının əsas prinsipi silahlı qarşıdurmanın qarşısını almaqdır. Azərbaycan Fərrux kəndində nəzarəti bərpa etdikdən sonra isə digər ərazilər də, o cümlədən də Xankəndi öz aktuallığını itirməyəcək. Azərbaycanın qoşunlarının yerini dəyişdirməsi, dislokasiya, antiterror əməliyyatları keçirməsi onun hüququdur. Azərbaycan öz prinsipiallığından əl çəkən deyil.
- Rusiyalı deputat Mixail Delyagin Azərbaycanı təhdid etdi, daha sonra üzr istədi. Nə düşünək, bu, onun şəxsi psixologiyasının məhsuludur, yoxsa dediyində başqa motivlər yatır?
- Son zamanlar Rusiya tərəfindən qeyri-adekvat bəyanatların səslənməsi təəssüf doğurur. Delyagin kimi səriştəsiz şəxslərin bu cür bəyanatlarda iştirakı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrinə də ziddir.
Delyaginin belə çıxışına mütləq şəkildə bir reaksiya olmalıdır və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya Xarici İşlər Nazirliyi də Delyaginə etiraz etdi. Milli və irqi ayrı-seçkilik salmaq deputatlara yaraşmayan hərəkətlərdir. Delyagin də rupor kimi Rusiya kanallarından istifadə edir.
- Ümumiyyətlə Azərbaycanın hansı addımı Rusiyada narahatlıq yaradır və ya əksinə?
- Azərbaycan müxtəlif dövlətlər arasında vasitəçilik prinsipini də həyata keçirə bilir. Beynəlxalq aləm başa düşür ki, Azərbaycan kiçik ölkə olsa da, böyük işlərə qadir dövlətdir. Bu da bir sıra dövlətlərin Azərbaycana ikili standartlarla yanaşmasına gətirib çıxarır. Cənab Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın suverenliyinin, vətəndaşların rifahının qorunmasına xidmət edir. Cənab İlham Əliyev müstəqilliyimizə olan təhdidlərə qarşı mühüm addımlar atır.
- Müdafiə naziri Zakir Həsənov keçirdiyi sonuncu müşavirədə Azərbaycan ordusuna müasir silahların tətbiqinə hər an hazır olmaq tapşırığını verdi. Bunun səbəbləri nələrdir?
- Azərbaycan ordusu suda, quruda, səhrada, dağlıq şəraitdə, havada döyüşmək qabiliyyətinə malikdir. Təbii ki, müxtəlif təlimlərin keçirilməsi, müasir silahlardan istifadə etmək, hibrid müharibənin aparılması müasir Azərbaycana ordusuna da şamil olunur. Ən müasir silahlardan istifadə və bunun üçün kadr potensialının yetişdirilməsi vacibdir və ordumuz bu istiqamətdə mühüm addımlar atır.
- Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab verir, amma Helsinki Yekun Aktını önə çıxarır, qısası statusa vurğu edir. Bu, vaxt uzatmağa hesablanmış addımdır?
- Məlum məsələdir ki, heç bir statusdan söhbət gedə bilməz. Ermənistan başa düşür ki, Azərbaycan diktə edən tərəfdir. Ermənistan sülh təklif edə bilər, amma bunun səmimiyyətinə inanmaq da mümkün deyil. Ermənistan həm Rusiya ilə, həm də Qərblə öz siyasətini elə qurmaq istəyir ki, delimitasiya, demarkasiya prosesi yubansın və indiki vəziyyət dəyişməsin. Bu isə alınan deyil. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan qalib tərəfdir və diktə edir. Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir.
Separatçılar da başa düşürlər ki, Ermənistan əvvəl-axır onlardan əlini üzəcək. Son proseslər də göstərdi ki, sülh sazişi nə qədər tez imzalanarsa, bu, Ermənistanın özünə dividentlər gətirə bilər. Belə olan təqdirdə, nə qədər ağır olsa da, Qarabağdakı təqsirsiz mülki ermənilər Azərbaycandan müvafiq iqtisadi məsələlərdə təminat ala bilərlər. Təbii ki, əgər Azərbaycana qarşı fəaliyyətdə, cinayət tərkibli fəaliyyətlərdə iştirak etməyiblərsə.