E-mail: [email protected]
"Vaxtı keçmiş məhsulları "bəzəyib" satışa qaytarırlar" - Tanınmış ekspertdən İTTİHAM
Bəzən marketlərdə, mağazalarda üzərində yararlılıq müddəti olmayan, üzərindəki etiketi dəyişdirilən, yararlılıq müddəti silinən keyfiyyətini itirmiş məhsullara rast gəlirik. Çox zaman istehlakçı olaraq buna etirazımızı bildirsək də, hər hansı bir yolla məsələ bağlanır.
Bəs mağazalarda yaralılıq müddəti bitən məhsullar distribütora qaytarılandan sonra həmin məhsullarla nə edilir?
Başqa ölkələrdə yararlılıq müddətinin bitməsinə az qalmış və görünüşü pozulan, ancaq keyfiyyətini itirməyən məhsulların satılması üçün xüsusi mağazalar var. Azərbaycanda isə, əksər hallarda məhsullar bir haldan digər hala keçirilərək, yenidən satışa qaytarılır. Əslində isə bu məhsullar istehlaka yararsız məhsullar hesab edilir.
İstehlaka yarasız məhsul nədir? “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istehlaka yararsız məhsul insanın tələbatını ödəməyən məhsuldur. Hər bir məhsul üçün müəyyən standart var. Standarta uyğun olmayan və istehlakçının təlabatını ödəməyən məhsullar istehlaka yararsız məhsullar adlanır. Azərbaycan Respublikasının qanunvericiliyində yararlılıq vaxtı keçmiş ərzaq məhsullarının satılması qadağandır. Belə məhsulları satan şəxslər aşkarlanan zaman onları 1500 manat cərimə gözləyir.
“Bu gün mən Beynəlxlaq Təşkilat FAO-nun toplantısında idim. Yararsız ərzaq mallarının tullantılara çevrilməsi məsələsi, insanların israfçılıq məsələsini necə azaltmaq olar və s. məsələlər müzakirə edildi. Belə müəyyən edilib ki, hər il hər vətəndaşa 93 kiloqram ərzaq mallarının tullantısı düşür. Demək olar ki, dünyada olan istehsalın 3/1 i tullantıya çevrilir. Biz bu gün məhz bu mövzuları müzakirə etdik” - deyə ekspert bildirib. O, qeyd edib ki, “ərzaq məhsullarının yararlılıq müddəti bitəndən sonra onunla nə etməli” sualına gəldikdə isə, bu Azərbaycanda könüllülük prinsipinə əsaslanır. Yəni istehsalçılar istəsələr onu məhv edə bilər, istəməsələr onun başına hər cür oyunu açıb, geri istehlakçıya qaytararlar.
“Təşkilatımız, keçən ay 100 tona qədər ərzaq məhsulunun Sumqayıt Poliqonunda məhv olunmasında iştirak edib. Təşkilatımızın Sumqayıt Şöbəsinin sədri İbrahim İbrahimovun bu barədə aktları var. Burada əsas təşəbbüskar istehsalçının özü olmuşdu. AQTA da burada iştirak etmişdi. Burada cəmi biz iki şirkətin fəaliyyətini müşahidə edirik. Bura “Sun Food” şirkəti və “Milla” şirkətləri istehlaka yarasız məhsullarını könüllü şəkildə məhv edirlər.
Bəs qalan şirkətlər öz yararsız məhsullarını necə məhv edir? Bu isə onu sübut edir ki, ölkə ərazisində bu alqoritm işləyir. Dükanlardan vaxtı keçmiş mallar distributora qaytarılır. Distributora onu "bəzəyir", bir haldan başqa hala salıb istehlakçıya qaytarır. Bu da ərzaq tullantılarının yaranmasına səbəb olur. Çünki keyfiyyətsiz məhsulu istehlakçı tullantıya çevirir. Biz, bu sahədə də iş aparırıq. Xüsusi bir qurum yaradılmalıdır və hər gün çıxan 10 tonlarla yararsız məhsullar yığılmalıdır” - deyə sədr bildirib.
Eyyub Hüseynov, aztəminatlı ailələr üçün ayrıca dükanlar şəbəkəsi yaradılmasını təklif edib. Qeyd edib ki, həmin mağazalara insanlar vəsiqə ilə buraxılmalıdır.
Yararlılıq müddət keçməmiş, etiketi cırılmış və ya nisbətən əzilmiş məhsulları istehlakçılar mağazalardan almır. Yararlılıq müddəti keçməmiş və keyfiyyətini itirməmiş məhsulları həmin şəbəkəyə keçirmək lazımdır ki, orada insanlar daha ucuz qiymətə malları alsınlar. Və yaxud bu məhsulları hansısa yemə çevirmək olar. Təəssüf ki, bu məsələlər həll edilməmiş qalır. AQTA bu sahədə sadəcə məsləhət verə bilər. Bu işləri biznes qurumları öz vəsaitləri hesabına etməlidirlər. Qidaların tullantıya çevrilməsinin qarşısı alınmalıdır.
Bəzi Avropa ölkələrində xüsusi mağazalar var. Orada yararlılıq müddəti az qalmış məhsullar ora keçirilir və nisbətən ucuz satılır. Yararlılıq vaxtı keçmiş məhsullardan qaz və müxtəlif gübrələr alınır. Ancaq Azərbaycanda bu baş vermir. Yalnız utilizasiya həyata keçirilir”- deyə təşkilat sədri əlavə edib.
Eyyub Hüseynov, digər şirkətləri də şəffaf məhvetməyə qoşulmağa çağırır.
“Mağazalar şəbəkəsi yararlılıq müddəti bitmiş məhsulları geri qaytarmalıdır. Nazirlər Kabineti bununla bağlı müəyyən qaydalar tətbiq etməlidir. Təəssüf olsun ki, bu kimi qanunvericiliklərdə boşluqlar var. Mən çıxışımda bildirim ki, “hökumət biznes qurumları üçün qeyri-adi toxunulmazlıq şəraiti yaradıb. Hökumətin bu siyasəti səhvdir. Hökumət biznes qurumları üçün rahat şərait yaratmaqla yanaşı istehlakçı hüquqlarını önə çəkməlidir. Çünki bazarın şahı istehlakçıdır.
İsrafsız istehlakçı davranışına nail olmaq üçün müqəddəs kitabımız Quran-i Kərimə baxmaq lazımdır. “Qidanı elə qəbul et ki, gözün onun arxasınca qalsın”. Deyilir. Bundan böyük düstur ola bilməz”,- deyə ekspert bildirib.