E-mail: [email protected]
Ermənilər “artsax-artsax” oyunu oynayırlar... - GƏLİŞMƏ
Rəsmi İrəvan növbəti dəfə danışıqlarda destruktiv mövqe sərgiləmək xəttini götürüb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son açıqlaması da bundan xəbər verir. Belə ki, onun yerli mediaya dedikləri klassik erməni cığallığı və diplomatik fırıldaqdır.
Sitat: “Əvvəldən dedik ki, Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir. Və bu baxımdan bizim üçün ”artsax"da hüquq və təhlükəsizlik məsələlərini, eləcə də “artsax”ın statusunu müzakirə etmək vacibdir. Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi vacibdir. Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir. Ona görə də mən yalnız bizim hazırlığımızı, regionumuzda sülh və sabitliyə sadiqliyimizi vurğulaya bilərəm. Amma bunun üçün hər iki tərəfin istəyi lazımdır’’.
Göründüyü kimi, rəsmi İrəvan xarici işlər naziri Ararat Mirzoyanın dili ilə, faktiki olaraq sülh danışıqlarını pozmaq cəhdi göstərir və prosesi “uzatma dəqiqələri”nə daşıyır. İrəvan mümkün olmayan bir formatı - ATƏT-in Minsk Qrupunu “diriltməyi” və sülh danışıqlarını bu platformada aparmağı təklif edir. Artıq hər kəsə bəllidir ki, Minsk Qrupu formatı çalışmaz hala gəlib və bu formata həmsədrlik edən ölkələr faktiki olaraq savaş halındadırlar. Rusiya, Fransa və ABŞ Ukrayna ərazisindən istifadə etməklə, bir-birinə qarşı amansız savaş aparmaqdadırlar. Bu ölkələrin özlərinin yeni bir barış formatına ehtiyacları var, o ki ola onlar bir yerdə hansısa münaqişəni sülh müqaviləsinəcən apara bilsinlər... Artıq bu ölkələrin rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərində iştirak üçün özəl təmsilçilər ayırıblar və həmsədrlik təsisatı artıq mövcud deyil. Azərbaycan da dəfələrlə bildirib ki, Minsk Qrupu formatını qəbul etmir, bu qrup “cəhənnəmə gedib”... Belə olan halda, Ermənistan Ararat Mirzoyanın timsalında niyə oyunpozanlıq edir, düzünə qəsdlə zamanı uzadır? Bir sıra ekspertlərin nəzərincə, Paşinyanın son Moskva səfərindən sonra Ermənistanın baş naziri və onun komandası danışqlardakı konstruktiv mövqeyindən və Brüssel anlaşmalarından uzaqlaşıblar. Bunun da səbəbi Rusiyanın təhdidləri, paralel olaraq da verdiyi vədlər ola bilər. Mümkündür ki, zamanı uzatmaqla Ermənistan dünyadakı beynəlxalq konyukturun dəyişəcəyinə, xüsusilə də 2023-cü ildə Ərdoğanın prezident seçilməməsi ehtimalına oynayır.
Minsk Qrupunun “dəfnini” hətta Rusiya da təsdiqləmiş olub. Rusiyanın baş diplomatı S.Lavrov özü də etiraf etdi ki, ATƏT-in Minsk Qrupunun gələcək taleyinin necə olacağını bilmir. Lavrov Minsk Qrupunun naməlum taleyinin səbəbi kimi həmsədr dövlətlər - ABŞ və Fransanın rusofob siyasətini göstərmişdi. Rus diplomatın sözlərinə görə, rusofob əhval-ruhiyyədə olan fransalı və amerikalı tərəfdaşları Rusiya Federasiyası ilə bağlı olan hər şeyi ləğv ediblər, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr üçlüyündən də imtina ediblər.
Bu yerdə vurğulayaq ki, mayın 18-də Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa hakimiyyətinin Rusiyanın Fransadakı diplomatik qurumlarının 41 əməkdaşının arzuolnmaz şəxs elan etməsi ilə bağlı təxribat xarakterli və əsassız qərarla əlaqədar kəskin etiraz bildirilib. Bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb. “Cavab olaraq, Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşı ”persona non-qrata" elan edilib. Səfirə müvafiq notanın təqdim edildiyi andan iki həftə ərzində onların Rusiya ərazisini tərk etmələri ilə bağlı əmr verilib", - deyə Rusiya XİN məlumatında qeyd edilib.
ABŞ-Rusiya münasibətləri də bəlli. Baydenin son qərarı faktiki olaraq müharibə cinayətlərində ittiham olunan Rusiyanın nəfəsini kəsməyə hesablanıb. Belə bir durumda Rusiyaya “sülhməramlı” mandat tanınması absurd olardı... Odur ki, oynağan diplomatiyanın başında dayanan Ararat Mirzoyanın açıqlaması da zaman uzadılması taktikasının cümlələrlə ifadə olunmuş təzahürüdür. İstənilən halda, əminik ki, Azərbaycan XİN bu məsuliyyətsiz və diplomatik fırıldaq xarakterli açıqlamaya münasibət bildirəcək. Bizə görə isə Ermənistana lazım olan inandırıcı cavab Azərbaycan Ordusundan, Ali Baş Komandanın “Dəmir yumruq”undan gəlməlidir. Bu durumda Azərbaycanın çıxış yolu nədir? Danışıqları davam etdirməli, yoxsa Ermənistanın qarşısına öhdəliklərini icra etmək üçün konkret vaxt qoymalıyıq? Dia.az-ın məlumatına görə, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin Litva prezidenti ilə görüşündə verdiyi bəyanatda da sülh mesajının şahidi olduq: “Yəni biz sülh istəyirik və bu, təbii ki, tək regionda deyil, beynəlxalq səviyyədə də öz bəhrəsini verəcək. Bəs onda Ermənistan rəsmisinin istədiyi nədir? Təbii ki, status-kvonun saxlanması. Əgər onlar Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat istəyirlərsə, biz dəfələrlə bunu bəyan etmişik və bildirmişik ki, cinayətkar, revanşist və Azərbaycan Konstitusiyasına zidd hərəkətləri olanlar istisna olmaqla, hamısı bizim vətəndaşdır və tam təhlükəsizliklərinə zəmanət verilir”. ATƏT-in Minsk Qrupu məsələsinə gəldikdə, deputat qeyd etdi ki, bu haqda çox danışılıb: “Onlar öz missiyalarını yerinə yetirə bilmədilər və hətta elə bir vəziyyətin yaranmasına gətirib çıxartdılar ki, hələ illərlə Azərbaycan bundan həm mənəvi, həm də maddi əziyyət çəkəcək. Minsk Qrupuna həmsədrlik edən ölkələr faktiki olaraq savaş vəziyyətindədirlər. Ukrayna ərazisindən Rusiya, Fransa və ABŞ demək olar ki, müharibə aparırlar. Bunların bir yerdə çalışması da absurd məsələdir. Buna görə də təmsilçilər ayırıblar və həmsədrlik mövcud deyil. Bu reallığı Ararat Mirzoyan da başa düşür, onun havadarları da. Sanki burada da Rusiya-Qərb münaqişəsi davam edir. Avropada bir söz danışılır, Rusiyadan qayıtdıqdan sonra başqa bir anormal ideya ortaya çıxır. Daxildəki siyasi oyunlar, şoular bir daha göstərir ki, sanki ermənilər Azərbaycanı yenidən müharibəyə çağırırlar, amma hansı güclə, hansı ordu ilə?” A.Nağıyevin proqnozuna görə, danışıqlar davam edəcək: “İlk addımlar artıq atılıb və bizim sülh çağırışlarımız da öz yerindədir. Sadəcə olaraq, öz xalqından qorxan, gələcək müqəddəratından çəkinən, özlərini sığortalamağa çalışan erməni siyasətbazları xalqı, ümumiyyətlə, saya saymırlar və belə addımlar atmaqla, ”suda batan saman çöpündən yapışar" prinsipindən çıxış edib “artsax-artsax” oyunu oynayırlar. Lakin bizim də buna səbrimiz çatmaya bilər, təbii ki, biz öz işimizi görürük və görəcəyik də. Erməni və havadarları da başa düşməlidirlər ki, regionun təhlükəsizliyi tək onlardan asılı deyil və biz buna nail olacağıq".
Siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, Ararat Mirzoyanın açıqlamaları Moskvada keçirilməsi ehtimal olunan üçtərəfli görüş öncəsi indiyədək əldə edilmiş razılaşmaların “0" nöqtəsinə qaytarılması cəhdidir: ”Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyəti daxili siyasətə hesablanmış manevr xarakterli açıqlamalar verməklə, etirazçıların bir sıra iddialarına qarşı öz arqumentlərini təqdim etmək, emosiyaları qismən də olsa “soyutmaq” niyyəti güdə bilərlər. Mirzoyanın açıqlamalarında həm də çaşqınlıq hiss olunur və belə bir təəssürat yaranır ki, Ermənistanın Xarici İşlər Nazirliyi ən azı bir neçə aylıq vaxt udmağa çalışır". E.Mirzəbəyli burada 2023-cü ildə Türkiyədə keçiriləcəyi gözlənilən seçkilərin hər hansı bir rol oynadığını düşünmür: “Mövcud reallıqlar çərçivəsində Türkiyədə hakimiyyət dəyişikliyinin baş verəcəyi, yaxud Türkiyənin Azərbaycanla bağlı mövqeyinin dəyişəcəyi gözlənilən deyil. Mirzoyanın Minsk Qrupu ilə bağlı söylədikləri də bəsit bəhanədən başqa bir şey deyil və hazırda nə Moskvanın, nə Vaşinqtonun, nə də Brüsselin mövqelərini əks etdirir. Vaşinqton və Brüssel (Paris) heç bir halda Minsk Qrupu formatı çərçivəsində Rusiya ilə masaya oturmayacaqlar və Moskvanın Cənubi Qafqaz bölgəsi üzərindən Mərkəzi və Şərqi Avropa ilə bağlı bazarlıq etməsinə imkan verməyəcəklər”. Siyasi şərhçinin sözlərinə görə, Minsk Qrupunun bir format olaraq mövcudluğu ona görə mümkün deyildir ki, bunu Moskva istəmir: “Əksinə, Moskva bazarlıq üçün ən kiçik imkanlardan belə istifadə etməyə hazırdır. Sadəcə, ona bu fürsəti vermək istəyən yoxdur. Hazırda Rusiya ilə masa arxasına oturmaq istəməyən tərəf Vaşinqton və Brüsseldir. Əgər belə olmasaydı, Vaşinqton Minsk Qrupunun formal olaraq da sıradan çıxmasına yol açan addımı Moskvadan öncə atmaz, sabiq həmsədr Endryu Şoferi ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşavir vəzifəsinə təyin etməzdi. Bu səbəbdən də Minsk Qrupu üzərindən verilən açıqlamalar cəfəngiyyatdan başqa bir şey deyil və Ermənistana heç nə verməyəcək”. Analitik qeyd etdi ki, indiki şəraitdə Ermənistanı narahat edəcək əsas məsələ Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü bloklaması olmalıdır: “Çünki İsveç və Finlandiya ilə bağlı masada həm də Ermənistanın manevr etmək imkanları heçə endiriləcək. Həmçinin Ermənistan rəhbərliyinin nə deməsindən və istəməsindən asılı olmayaraq, yaxın 3 ay ərzində rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı mövqelərini dəqiqləşdirməzsə, həmçinin cəfəng iddialarından əl çəkməzsə, daha ağır şərtlər altında və ola bilsin ki, növbəti kapitulyasiya şərtləri altında sülh müqaviləsini imzalamalı olacaq”.
Sonda: faktiki olaraq “soyuq müharibə” aparan üç ölkə “həmsədr” qiyafəsində yenidənmi bölgəmizə gələcək? Ararat Mirzoyan bu reallığı anlamırsa, başını həkimə göstərsə, daha yaxşıdır...