23 
may
2022
16:34
103

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ: “Müharibə iştirakçılarının intiharlarına səbəb olmayın” - MÜSAHİBƏ

23 may, 2022
16:34
15103

Milli Məclisin deputatı Elman Məmmədov Oxu.Az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Postmüharibə sindromu deyilən bir dövr var, bu dövrdə keçmiş döyüşçülərin intihar etməsi halları olur. Bir çox qazi, müharibə iştirakçısı sosial narazılıqlar edir. Bu etirazların səbəbini məmurların öz vəzifələrini layiqincə yerinə yetirə bilməmələrində axtara bilərikmi?
- Hesab edirəm ki, nə qədər döyüşçü, qazi, müharibə veteranı var, onların hamısı ən yüksək diqqət və qayğıya layiqdir. Prezident İlham Əliyev də lazımi tədbirlər görür, şəhid ailələrinə, qazilərə böyük diqqət göstərir.
Ancaq bütün istiqamətlərdə və sahələrdə qazilərimizin, müharibə veteranlarının qayğı və tələblərinin ödəndiyini deyə bilmərik, bunun səbəbi isə məmurlardır. Bu günün özündə də müəyyən nazirliklərdə, digər icra orqanlarında müharibə iştirakçılarına diqqət göstərilmir, laqeyd münasibət sərgilənir və bürokratiya mövcuddur.
Aidiyyəti nazirliklərin və digər qurumların belə münasibət və yanaşmalar sərgiləməsi qaziləri, müharibə iştirakçılarını narazı salır.
Onlar Prezidentdən və Birinci vitse-prezident Mehriban Əliyevadan nümunə götürməlidirlər. Qurumlar Prezidentin sərt şəkildə dediyi sözləri başa düşməlidirlər ki, onlar qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşmalıdırlar. Bunlar məsələnin bir tərəfidir.
İkinci tərəfi isə budur ki, döyüş yolu keçmiş şəxslər elə travmalar alırlar ki, onların psixoloji durumunda problemlər yaranır. Üstəgəl maddi durumun yaxşı olmaması onları daha da gərginləşdirir.
- Bir deputat kimi səlahiyyətli qurumlara çağırışınız varmı?
- Bəli, mən aidiyyəti qurumlara çağırış edirəm ki, onlar müharibə iştirakçılarının intihar həddinə çatmasına, intiharlarına səbəb olmasınlar. Nazirliklər, qurumlar döyüşçülərin qanuni şəkildəki bütün müraciətlərinə baxıb onları vaxtında dəyərləndirməli və onlara lazımi köməklikləri göstərməlidirlər.
- Parlamentin iclaslarında deputatlar, elə siz də, müxtəlif sosial problemləri qaldırırsınız. Plenar iclasların birində həmkarlarınızdan biri həmin problemlərə aidiyyəti qurumların laqeyd yanaşdığına işarə etdi. Nazirlər deputatların sözlərinə qulaq asmaq istəmirlər?
- Biz deputatlar çox sayda problemləri Milli Məclis tribunasından çatdırırıq. İstər respublika əhəmiyyətli problemlər, istərsə də seçildiyimiz bölgələrə dair problemlər. Qaldırılan bütün məsələlərin hamısının həmin dəqiqə həllini tapması da mümkün deyil, bunu da başa düşürük. Deputatlar həmişə arzu edirlər ki, onların qaldırdığı məsələlərə icra orqanları məsuliyyətlə yanaşsınlar, problemlərin həll olunması istiqamətində əməli işlər görsünlər.
- Bəs məsuliyyətsizliyə dair fakt deyə bilərsinizmi?
- Bəli. Bilirsiniz ki, millət vəkilləri müxtəlif qurumlara müraciətlər, məktublar göndərirlər. Sağ olsunlar, bəziləri problemin həlli üçün müsbət istiqamətdə işlər görürlər. Amma bəziləri də var ki, hazır, şablon cavabların altına imza çəkib bizə geri göndərirlər. Bu da problemin həll edilməsi demək deyil. Deputat parlamentdə öz şəxsi problemlərini qaldırmır ki!
- Parlamentin Müdafiə komitəsinin üzvü olduğunuza görə hərbçilərlə bağlı bir sual vermək zərurətini hiss edirəm. Bilirsiniz ki, müharibədən sonra hərbçilərin maaşı fərqli qaydalarla hesablandı. Hərbçilərin maaşına yenidən baxılmalıdırmı?
- Hərbçilərin ən yüksək səviyyədə təminatı üçün tədbirlər görülür. Hərbçilərimizin təminatı nə qədər yüksək olsa, müdafiə qüdrətimiz də bir o qədər güclü olar. Hərbçilərin heç bir sosial problemi olmamalıdır. Hərbçinin təminatı elə olmalıdır ki, o, ancaq hərbi üçün fikirləşsin. Belə olan təqdirdə, onun döyüş qabiliyyəti də yüksək olacaq və bu, dövlətimizin müdafiəsinin təminatı üçün vacibdir. Hərbçilərin maaşı daha yüksək səviyyədə olmalıdır.

Bizimlə əlaqə saxlayın