30 
mar
2022
12:04
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Putinin dostları – Bu ölkələr işğalı DƏSTƏKLƏYİR

30 mar, 2022
12:04
661

Rusiyanın Ukraynaya davam edən hücumu dünya liderlərinin, Moskvanın Avropadakı bəzi siyasi müttəfiqlərinin beynəlxalq qınağına səbəb olub. Bəzi ölkələrin liderləri hərbi əməliyyatları bütün Avropaya qarşı müharibə elanı kimi qəbul edir.
 
Turkdunyası.az bildirir ki, Ukraynadakı müharibə dünya ölkələrini iki hissəyə bölüb. Bəzi ölkələr Rusiyanın hücumunu pisləyir, lakin hərbi əməliyyatları dəstəkləyənlər də var.
 
Hazırda dünya ölkələrinin müharibə haqqında düşüncələri necədir? Rusiya və Ukraynaya kimlər dəstək verir?
 
Ukrayna NATO-nun üzvü olmasa da, təşkilatın 30 üzvü, o cümlədən Avropanın 28 ölkəsi, ABŞ və Kanada Kiyevə tam dəstəyini ifadə edib. NATO-nun baş katibi Yens Stoltenberq fevralın 25-də keçirdiyi mətbuat konfransında “Rusiya Avropada sülhü pozdu” deyərək, Kremli müharibəni dayandırmağa çağırıb. Bundan əlavə, Ukraynaya açıq dəstək nümayiş etdirən ölkələr Rusiyaya qarşı kəskin sanksiyalar tətbiq edib, eyni zamanda Kiyevə humanitar və hərbi yardım göstəriblər. 
 
Bəs hansı ölkələr Rusiyanın hərbi müdaxiləsini dəstəkləyir?
 

Belarus

 

 
Belarus Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat qərarı verdiyi gündən Moskvanı dəstəkləyir. Hazırda Belarus Şərqi Avropada həm Rusiya, həm də Ukrayna ilə həmsərhəddir və Ukrayna kimi 1991-ci ildə müstəqillik əldə edənə qədər Sovet İttifaqının tərkibində olub.
 
Ölkə rəsmiləri Rusiyanın ortaq qonşusuna təcavüzünü dəstəklədiyini bildirib və rus qoşunları Belarus vasitəsilə Ukraynaya daxil olub.
 
Belarus lideri Aleksandr Lukaşenko çıxışlarında lazım gələrsə, öz qoşunları Rusiyaya dəstək məqsədilə döyüşə cəlb edəcəyini gizlətməyib.
 

Ermənistan

 

 
İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiyanın hərbi əməliyyatlarını dəstəkləyir. Bu yaxınlarda Ermənistan tərəfi döyüş təyyarələrini və pilotlarını Rusiya ordusunun ixtiyarına verib.
 
Belə ki, dörd ədəd Su-30 tipli döyüş təyyarəsi martın 25-də Ermənistandan qalxaraq Ukraynada istifadə olunmaq məqsədilə Rusiyaya yola düşüb. Bundan əlavə, Rusiya istehsalı qırıcıları xüsusi təlim görmüş erməni pilotlar idarə edəcək. Beləliklə, Ermənistan bu addımla Ukraynada işğala şərik, müharibənin isə tərəfi olub və növbəti dəfə regional sülhə zərbə vurub.
 
Məlumat üçün bildirək ki, Ermənistan F-14 və F-15 qırıcılarına rəqib olaraq istehsal edilən Su-30 döyüş təyyarələrindən 4 ədəd alıb. Çoxməqsədli döyüş təyyarələrinin təhvili 2020-ci ilin may ayında baş tutub.
 

Çin 

 

 
Çin Rusiya ilə iqtisadi müttəfiqdir, lakin Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək vermək və ya onu qınamaq barədə səssiz qalıb. Bununla belə, Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Pekində tənqid olunur.
 
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin fevralın 25-də keçirdiyi mətbuat konfransında “ABŞ 2011-ci ildən bəri Rusiyaya qarşı 100 dəfədən çox sanksiyalar tətbiq edib. Faktlar göstərir ki, sanksiyalar heç vaxt problemlərin həlli üçün əsas və ya effektiv yol deyil” deyib. Yəni Çin müttəfiqini açıq şəkildə dəstəkləməsə də, öz mövqeyini bildirir.
 

Suriya

 

 
Rusiyanı dəstəkləyən ölkələr arasında Suriya da var. Rusiyanın Şri-Lankadakı səfirliyi fevralın 25-də “Twitter” hesabında yazıb ki, Suriya Prezidenti Bəşər Əsəd fevralın 25-də Putinlə telefonla danışıb və Rusiyanın xüsusi hərbi əməliyyatına güclü dəstəyini ifadə edib.
 
Bəşər Əsəd Putinə deyib ki, Rusiyanın işğalı tarixin düzəldilməsi və Sovet İttifaqının dağılmasından sonra dünyada itirilən tarazlığın bərpasıdır. Rusiya səfirliyinin məlumatına görə, o, Putinlə danışarkən ABŞ və NATO-nun münaqişə ilə bağlı mövqeyini pisləyib.
 

Hindistan 

 

 
Hindistan Sovet İttifaqı dövründə Rusiya ilə tarixən müttəfiq olub. Çin kimi, Hindistan da Rusiyanın işğalını açıq şəkildə dəstəkləməyib və ya qınamayıb. Ukraynadakı Hindistan vətəndaşlarının, xüsusən də tələbələrin təhlükəsizliyindən narahat olduğunu bildiriblər. Amma müttəfiqlərinə gizli də olsa, dəstək verirlər.

 

Kuba 

 

 
Kuba hakimiyyəti fevralın 23-də verdiyi bəyanatda işğal başlamazdan əvvəl Rusiyaya ümumi dəstəyini ifadə edib. Bildirilib ki, ABŞ həftələrdir Rusiyanı təhdid edir, Vaşinqton beynəlxalq ictimaiyyəti Ukraynaya “yaxınlaşan kütləvi işğal” təhlükəsi ilə bağlı manipulyasiya edir. Ölkənin xarici işlər naziri Bruno Rodriges Rusiyanın özünü müdafiə etmək hüququna malik olduğunu deyib.
 

İran 

 

 
İranın Xarici İşlər Nazirliyi Rusiyanın fevralın 24-də Ukraynaya müdaxiləsinə görə NATO-nu günahlandırıb.
 
“Ukrayna böhranının kökləri NATO-nun təxribatçı addımlarında dayanır. Biz müharibənin həll yolu olmadığına inanırıq. Atəşkəs rejiminin yaradılması və diqqətin siyasi və demokratik həll yoluna yönəldilməsi zəruridir”, - İran XİN bildirib.
 
Bir tərəfdən ABŞ və müttəfiqləri ilə İran arasında gərginliyin artması fonunda Rusiya İrana silah verib və Suriya müharibəsi zamanı onunla əməkdaşlıq edib.
 
General Qasim Süleymaninin öldürülməsindən sonra Vaşinqton və Tehran münasibətləri kəskin pisləşib. Moskva generala hücumu birmənalı şəkildə pisləyib. Bu mənada İranın ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyanı ürəkdən dəstəkləməsi gözlənilir.
 
Eyni zamanda Ukraynada 35 gündür davam edən müharibədə vaxtilə Sovet İttifaqının tərkibində olan ölkələrdən bəzilərinin, o cümlədən Qazaxıstan, Qırğızıstan, Türkmənistanın Rusiyanın yanında olacağı gözlənilirdi. Lakin adları çəkilən ölkələr diplomatik kanallar vasitəsilə strateji müttəfiqləri olan Rusiyaya dəstək versələr də, açıq mətbuat müstəvisində ehtiyatlı davranırlar.

Bizimlə əlaqə saxlayın