E-mail: [email protected]
“Səhliyalı”nın “1000 bərəkət, halal nemət”inə haram qatan kimlərdir? - İTTİHAM VAR!
Beyləqanda vaxtı keçmiş “Manqalüstü” sosislərinin yenidən emal olunaraq təzə mal adı ilə marketlərə verildiyi iddia olunur.
Ət və ət məhsullarının istehsalı və satışı üzrə ixtisaslaşmış “Səhliyalı” kiçik müəssisəsinin markası olan “1000 bərəkət, halal nemət” kolbasa və sosislərindən söhbət açacağıq. Xeyr, başqa istehlakçılar kimi kolbasanın içindən siçan nəcisi, qurd tapmamışıq. Onsuz da bu iddiaları sübut etmək çətindir. Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub. Hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxıblar. Ancaq köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər.
Azərbaycanda istehsal olunan kolbasa məhsullarının halallığı ilə bağlı hər zaman şübhələr olub. Çünki mütəxəssislər tərkibində donuz əti və piyi olmayan bu tip məhsulları uzun müddət saxlamağın mümkün olmadığını deyirlər. Nə isə, bu məsələlər 2012-ci ilin avqust ayından Azərbaycanda halal standartını tətbiq edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, şirkətə “halal” sertifikatını vermiş “AzeSERT HALAL” MMC-nin, uyğunluq sertifikatı verən “AzFoodSert” MMC-nin və əlbəttə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin işidir. Bu günkü mövzumuz şirkətin məhsulunun deyil, heyətinin içindəki “ikiayaqlı qurdlar” barəsindədir.
Şirkətin Beyləqan regional bölməsinin rəhbəri əslən Qubadan olan, Bakıda böyümüş “Sovetski uşağı” Fuad Həsənovdur ki, heç cür beyləqanlıların rəğbətini qazana bilməyib. Çünki başqa zonalardakı bölmə rəhbərlərindən fərqli olaraq Fuad bəy şirkətin göndərdiyi məhsulların yüklənərək yerlərdə marketlərə çatdırılması ilə məşğul olan bölmə işçilərinin qazancından həddən artıq mənfəət güdür, malsatanlara şirkətin qəbul olunmuş startegiyasına uyğun orta hesabla 27-30 faiz deyil, cəmi 10-15 faiz güzəşt edir.
O da bildirilir ki, Beyləqan regional bölməsi vaxtı keçmiş “Manqalüstü” sosislərinin yenidən emal olunaraq təzə mal adı ilə satış nöqtələrinə verilməsini də təşkil edib. Hətta bu cinayəti törətmək üçün xüsusi paketləyici ütü və digər lazımi avadanlıq tapıb işə salıb. Bundan başqa, məlumatlarda regional bölmədə işçilərin əmək müqaviləsi olmadan əməyə cəlb olunması, vergidən yayınma hallarının da olduğu qeyd edilir.
“Səhliyalı” kiçik müəssisəsinin Beyləqn regional bölməsinin rəhbəri Fuad Həsənov təkcə təmsil etdiyi şirkətin deyil, başqa daha 5 istehsalçının məhsulunun satışına da girişib, daha dəqiq ifadə etsək, “malı mala qatıb” ki, bu da şirkət qarşısında götürdüyü öhdəliyə ziddir.
Qafqazın ən böyük kolbasa və sosis istehsalçısı olan şirkəti mərhum atası Vahid Bəşirovdan miras götürən İlham Bəşirov respublikanın nüfuzlu iş adamlarından biri kimi tanınır, nümunəvi vergi ödəyicisi kimi təqdim olunur, xeyriyyəçiliyi ilə də şöhrət qazanıb. Ancaq görünür, yad adamlara etibar etmədiyindəbn, ətrafına öz yaxın qohumlarını – qardaşı, bacısı və baldızı uşaqlarını yığıb, idarəçilik işinə cəlb edib. Di gəl, həmin şəxslərin İlham bəyə sadiqlikləri səhih deyil. Söz gəzir ki, Fuad Həsənov məhz şirkət rəhbərinin Xırdalandakı mərkəz filialında toplaşan xəyanətkar qohumlarından kimlərləsə əlbir olaraq və yəqin, haram gəlirlərini onlarla bölərək cinayət əməllərini həyata keçirir.
Mövzuya qayıdacağıq.
RealMedia.az