E-mail: [email protected]
Fərrux kəndi niyə strateji əhəmiyyətli sayılır…
Xocalı rayonunun Fərrux kəndi günlərdir Azərbaycan və Ermənistan mətbuatının gündəmindən düşmür. Bu da səbəbsiz deyil: ərazidə yaranmış hərbi gərginlik Fərrux kəndi ilə bağlı xəbərləri önə çıxarır.
Azərbaycan hərbçilərinin martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə nəzarəti ələ keçirməsi və bu yaşayış məntəqəsi ətrafındakı Daşbaşı yüksəkliyində (ermənilər Qaraqlux yüksəkliyi deyirlər - red.) mövqe tutması Ermənistan rəhbərliyinin və onun Qarabağda himayə etdiyi separatçılarda narahatlığı artırıb.
Azərbaycan hərbçilərinin yeni dislokasiya yerlərində qərar tutmasından sonra ermənilər Xocalının həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini (ermənilər Xramort deyirlər - red.) tərk etməyə məcbur olublar.
Gedişat göstərir ki, Azərbaycan ordusunun Fərrux kəndi istiqamətindəki yeni mövqelərdə möhkəmlənməsini ermənilərlə yanaşı, Qarabağdakı Rusiya sülhməramlıları da həzm edə bilmirlər.
Təsadüfi deyil ki, Azərbaycan hərbçilərinin Fərrux kəndi və yaxın yüksəklikləri nəzarətə götürməsi Rusiya və Azərbaycan Müdafiə nazirlikləri, eləcə də Xarici İşlər nazirlikləri səviyyəsində ittiham xarakterli qarşılıqlı açıqlamalarla müşahidə olunub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, “martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib”.
Ermənistan tərəfi hazırda həm hərbi, həm də diplomatik kanallardan istifadə etməklə Azərbaycan hərbçilərinin Fərrux kəndi istiqamətindən əvvəlki mövqelərinə çəkilməsinə nail olmağa çalışır.
Ermənistan tərəfinin bu gün – martın 30-da yaydığı məlumatda qeyd olunur ki, Fərrux kəndi ətrafında əməliyyat-taktiki vəziyyət dəyişməyib və gərginlik davam edir.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Daşbaşı yüksəkliyindəki yeni mövqelərində qalmaqda, eyni zamanda Fərrux kəndinə nəzarəti əldə saxlamaqdadırlar.
Düşmənin məlumatından belə anlaşılır ki, Ermənistanın Qarabağda himayə etdiyi separatçılar bu gün də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə birlikdə diplomatik kanallar vasitəsilə Azərbaycan qoşunlarının ilkin mövqelərinə qaytarılması üçün danışıqları davam etdirirlər.
Eyni zamanda, ermənilərin bu istiqamətdə müdafiə istehkamlarını gücləndirdiyi də vurğulanır.
Fərrux kəndi ətrafında möhkəmlənmək üçün tədbirlər görən Azərbaycan həbçiləri isə dünən ərazidə mühəndis-istehkam işləri apararkən insan meyitlərinin qalıqlarını aşkarlayıb.
Hərbçilərimizin Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən tapdıqları insan sümüklərinin Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş azərbaycanlılara aid olduğu güman edilir.
Hələ 1988-ci ildə Qarabağ hadisələri başlayanda Fərrux kəndində yuva qurmuş erməni silahlıları Ağdamın ətraf kəndlərini atəşə tutur, dinc insanları qətlə yetirirdilər.
Məhz buna görə də 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli milis dəstələri Fərrux kəndinin erməni quldurlarından azad edilməsi üçün əməliyyat keçirmişdilər.
Həmin əməliyyatın şahidlərindən olan keçmiş döyüşçü Rey Kərimoğlu bildirir ki, qeyd edilən tarixdə Fərrux erməni quldurlarından təmizlənmiş, kənd Azərbaycan hərbçilərinin nəzarəti altına düşmüşdü.
“31 yanvar 1992-ci ildə keçirilən əməliyyat zamanı 3 erməni əsir götürülmüş, düşməndən bir neçə silah da qənimət kimi əldə olunmuşdu. Bu əməliyyatla bağlı ilk dəfə 1992-ci ilin həmin günlərində Azərbaycan televiziyasında efirə bir süjet də verilmişdi”.
Keçmiş döyüşçü deyir ki, 1992-ci ildə Fərruxun alınması əməliyyatına qatıla bilməsə də, sonralar kəndin ermənilərdən müdafiəsində iştirak edib...
İllər sonra - bu gün yenidən Azərbaycan hərbçilərinin nəzarətinə keçən və xüsusi strateji əhəmiyyətə malik yerlər sayılan Fərrux kəndi, eləcə də onun ətrafındakı Daşbaşı yüksəkliyi Əsgərandan 16 km, Xankəndidən 32 km aralıda yerləşir.
Fərrux kəndi hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün əhəmiyyətli məntəqə sayılır.
Həmçinin, Fərrux ətrafındakı yüksəkliklərin geri alınması ilə Ağdamın bir sıra kəndi düşmənin vizual nəzarətindən çıxarılıb.
Hərbi ekspertlərin fikrincə, Fərrux kəndindən Xankəndinə birbaşa yolun olması, eləcə də ətrafdakı Daşbaşı yüksəkliyindən həm Ağdam, həm də Əsgəran və Xocalı istiqamətinə vizual nəzarətin mümkünlüyü bu yerlərin strateji əhəmiyyətindən xəbər verir.