E-mail: [email protected]
Fransada cinayətkar elan edilmiş təşkilat liderləri Xankəndində Arayiklə görüşdü… - Ruslar bunları NİYƏ BURAXIR Kİ?
İyunun 1-də Fransada fəaliyyət göstərən "SOS Şərqin Xristianları" ("SOS Chrétiens d'Orient") ictimai təşkilatının rəhbərləri Rusiya “sülhməramlı”larının yaratdığı şərait sayəsində Azərbaycan Respublikasının Laçın “dəhlizi”ndəki dövlət sərhədindən rahatca keçərək Xankəndinə gəlib. Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Separatçı-terrorçu rejim rəhbəri Arayik Arutyunyanla görüşdə xristianlıq pərdəsi altında gizlənən təşkilat rəhbərləri Qarabağ ərazisində “humanitar layihələri”, o cümlədən erməni apostol kilsəsinin Xankəndindəki eparxiyasının binasının, həmçinin Tərtər rayonunun Ağdərə şəhərindəki kilsənin əsaslı təmiri məsələlərini və s. müzakirə ediblər.
Araşdırmamızdan bəlli olub ki, sözügedən “humanitar” təşkilat haqda 2022-ci ilin fevralın 18-də -Rusiyanın Ukraynaya təcavüzündən az öncə Fransa dövlət qurumları tərəfindən ciddi təhqiqat başlanılıb.
Belə ki, "SOS Şərqin Xristianları" ("SOS Chrétiens d'Orient") “ictimai” təşkilatının Suriyanın Həma əyaləti və ətrafında hərbi cinayətlərdə ittiham olunan Bəşər Əsəd rejimini dəstəkləyən yerli silahlılarla sıx əlaqələr saxladığı bəlli olub. İstintaqı Fransa Milli Jandarmının İnsanlığa Qarşı Cinayətlər, Soyqırım və Müharibə Cinayətləri ilə Mübarizə Mərkəzi Bürosu ("OCLCH") aparır.
Prokurorluq təşkilatın kəndləri qarət etmək, mülki şəxslərə atəş açmaq və uşaqlara hərbi təlim keçmək kimi hərbi cinayətlərdə günahlandırılan Əsəd rejiminin yarımhərbi qruplaşması "Şəbihə" ilə əlaqələrini araşdırır.
Məlumdur ki, “Şəbihə”nin liderləri “SOS Şərqin Xristianları” ilə əlaqəsi olan xristianlar Simon Əl-Vekil və Nebil Əl-Abdullahdır.
2016-cı ildən bəri "SOS Şərqin Xristianları" Əsəd rejiminin silahlı qüvvələrinin köməyi ilə “humanitar” əməliyyatlar üçün 10 minlərlə avro topladığı deyilir. Bu vəsaitlərin dəqiq hara xərcləndiyi məlum deyil. Təşkilat mediaya "OCLCH"-ın araşdırmasını şərh etməyib.
"SOS Şərq Xristianları" təşkilatının baş direktoru Benjamin Blanşar 2021-ci ilin payızında Simon Al-Vekil ilə görüntülənib. 27 oktyabr 2021-ci ildə isə Moskvada "Xristian Dünyası" Birliyinin konfransında Nebil Əl-Abdullahın yanında əyləşib.
"SOS Şərq Xristianları" üzvləri özlərini “apolitik” , yəni siyasətdən uzaq kimi qələmə versələr də, təşkilat 2013-cü ildə yarandığı gündən Fransada ifrat sağçılarla sıx əlaqə saxlayır.
Təşkilatın bir çox liderləri ifrat sağçı prezidentliyə namizəd, ötən il Qarabağa qanunsuz səfər etmiş Erik Zemmurun, bəziləri isə Marin Le Penin ifrat sağçı Fransa "Milli Birlik" partiyasının üzvləridir.
Bundan əlavə, Zemmurun 2019-cu ildə "SOS Şərqin Xristianları" tərəfindən Suriyanın cinayətkar “Şəbihə” qruplaşmasının nəzarət etdiyi Mıharde kəndi üçün təşkil etdiyi xeyriyyə hərracına 20 min avro bağışladığı da məlum faktdır…