iyn
2022
05:48
88

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlin ikinci yarısında minimum əməkhaqqını və pensiya məbləğini artırmaq mümkündür

7 iyn, 2022
05:48
988

Pərviz Heydərov yazır...
Ölkəmizdə cari ilin dövlət büdcəsinə yenidən baxılacağı ilin əvvəlindən məlum idi. Daha doğrusu gözlənilirdi. Çünki neftin dünya bazar qiymətləri xeyli vaxtdır yüksək səviyyədədir. Keçən il də büdcə gəlirlərimiz neftə görə nəzərdə tutduğumuzdan artıq əldə olunmuşdu, bu il də 50 ABŞ dolları məbləğində proqnoz edilsə də, baş verən iqtisadi proseslər, müharibə fonunda proqnozlaşdırılandan iki dəfə artıq gəlir müşahidə edilir. Odur ki, Azərbaycanda cari ilin dövlət büdcəsinə yenidən baxmaq üçün böyük ehtiyac var.
Sual olunur, niyə?
Əvvəla xatırladım ki, 2022-ci il dövlət büdcəmizin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat təsdiq edilib. Neftin dünya bazar qiymətləri isə 50 ABŞ dolları proqnozlaşdırılıb. İlin əvvəlindən isə, dünya bazarlarında qiymətlər 100 dollardan yuxarı təşkil edir.
Bəli, neftin qiymətinin baha olması iqtisadiyyatı birtərəfli inkişaf edən, yəni dövlət gəlirləri sırf xammal resurslarının ixracından asılı olan ölkələr üçün sərfəlidir. Çünki əlavə gəlir gətirir, valyuta axını yaradır və s. Azərbaycan da bu ölkələr sırasındadır. 
Lakin bu amil, qeyri-neft sektorunun inkişafını buxova alır, ciddi bahalaşma və inflyasiya törədərək idxal vasitəsilə istehlak bazarında qiymətlərin yüksəlişi üçün zəmin və təkan yaradır.
Ümumiyyətlə, xam neftin hədsiz bahalaşması dünya iqtisadiyyatı üçün xeyirli deyil. Çünki bütün növ yanacaq məhsulları bahalaşmaqla daşınma xərcləri artır, nəticədə də istehlak mallarının qiymətləri artmaqla tələblə təklif arasında balans pozulur. Başqa sözlə desəm, istehsal, dəqiq desəm, onun təkrar tsikli və yaxud prosesi dalana dirənir.
Hazırda qlobal iqtisadiyyatda müşahidə olunan böhranın əsas səbəbi də məhz bundan ibarətdir. Yəni, ərzaq bahalaşıb, inflyasiya tüğyan edir. Və bu, özünü neft ölkələrində, o cümlədən Azərbaycanda da büruzə verir.
Ona görə də ötən şərhimdə yazmışdım ki, neftin baha olması bir tərəfdən dövlət gəlirlərimizi artırır, digər tərəfdən isə təəssüf ki, addım-addım çətin iqtisadi vəziyyət yaradır...
Sual yaranır ki, söhbət, hansı çətin iqtisadi vəziyyətdən gedir? Və həmin çətin iqtisadi vəziyyətin məğzi nədən ibarətdir?
Məsələ bundadır ki, pul şəklində aldığımız bugünkü gəlirlərimiz sabah inflyasiyanın yeminə çevrilmə təhlükəsi daşıyır. Belə ki, sabah biz bu pulları iqtisadi böhranla əlaqədar, yəni əhalinin sosial vəziyyətini müdafiə etmək məqsədilə dövriyyəyə buraxıb əməkhaqqılarını artırmaq, pensiya, sosial müavinətləri qaldırmaq, mövcud iqtisadi şəraitlə sosial sfera arasında yaranan disbalansı aradan götürmək məcburiyyəti qarşısında qala bilərik ki, həmin pullar bu zaman həqiqətən qiymət artımı və inflyasiyanın yeminə çevriləcək. 
Başqa yol varmı? Xeyr.
Odur ki, ortada iqtisadi artım faktı olmalıdır. Bu, mütləq dərəcədə vacibdir. Hələ yaxşı ki, Azərbaycan enerjidaşıyıcıları ölkəsidir və biz bu sahədə idxalçı deyil, ixracçı dövlətik. Qlobal miqyasda yaranmış çətin iqtisadi durumda ölkəmizdə inflyasiya və istehlak qiymətlərinin artması ilə yanaşı istehsal da genişlənməkdə davam edir ki, qeyri-neft-qaz sektoru inkişaf edir. İşğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri getdikcə daha böyük vüsət alır və sair.
Cari ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin eyni dövrünə nisbətən 7,2 artaraq 39 milyard 554 milyon 800 min manat, qeyri-neft-qaz sektoru üzrə isə 11,4 faiz artaraq 19 milyard 469 milyon 100 min manat təşkil edib. Qeyri neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin ilk 4 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artıb.
Sözügedən sektorun inkişafında prioritet sahələrdən olan emal sənayesində qeyd olunan dövr ərzində ötən ilin müvafiq dövrünə nisbətən əlavə dəyər 12,2 faiz, qeyri-neft emal sənayesində isə 22,6 faiz yüksəlib.
Odur ki, bütün bunlar qorunub saxlanılmalıdır. Bu isə dövlət büdcəsindən əlavə xərclər tələb edir. Belə ki, məsələn, işğaldan azad olunan ərazilərdə görülən işlərə bu ilin büdcəsindən keçən il olduğu kimi 2,2 milyard manat ayrılıb. Dövlət büdcəsinə yenidən baxmağı zərurətə çevirən şərtlərdən də biri məhz bu vəsaiti artırmaqdan ibarətdir. Eyni zamanda iqtisadiyyatın inkişafı ilə bağlı digər investisiya xərclərinə də vəsait ayırmaq mümkündür.
Lakin bütün bunlara paralel olaraq heç şübhəsiz ki, sosial istiqamətdə də növbəti artımlara getmək mümkündür və bu, olduqca vacib sayılır. Belə ki, prezident İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra olunmağa başlanan illik maliyyə tutumu 2,1 milyard manata bərabər 3,4 milyon insanı əhatə edən sosial paketdən əlavə ikinci bir paketin də icrası üçün ehtiyac var və buna müvafiq imkan da mövcuddur. 
Başqa sözlə, dövlət büdcəsinin icra vəziyyəti bu il ərzində növbəti bir sosial paketin də icrası üçün zəmin yaradır.
Yeri gəlmişkən, dövlət büdcəsinə yenidən baxılarkən istəməzdim ki, Neft Fondundan transfert artırılsın. Büdcənin icrası o qədər yaxşı vəziyyətdədir ki, ilin axırınadək Neft Fondundan transfert xeyli aşağı həcmdə həyata keçirilə bilər. Bu da büdcənin neftdən asılılığını azaltmaq baxımından vacibdir. Xatırladım ki, bu il, yəni 2022-ci ildə Fonddan dövlət büdcəsinə 12 milyard 710 milyon manat transfert nəzərdə tutulub.
Son olaraq qeyd edim ki, adıçəkilən qurumdan transfert artırılmadan belə büdcəyə dəyişiklik zamanı ölkə üzrə minimum əməkhaqqını ilin ikinci yarısı ərzində 350 manata, minimum pensiya məbləğini isə 260 manata artırmaq mümkündür və realdır.

Bizimlə əlaqə saxlayın