E-mail: [email protected]
Azərbaycanda hərbi xidmət müddəti azaldıla BİLƏRMİ?
Gürcüstanda həqiqi hərbi xidmət müddəti 4 ay azaldılacaq. Qonşu ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı bildirib ki, bu məqsədlə çağırışçılar üçün milli hərbi xidmətin yaradılması nəzərdə tutulub.
Onun sözlərinə görə, ölkədə həqiqi hərbi xidmətə çağırış sistemində də dəyişikliklər ediləcək. Eyni zamanda, həqiqi hərbi xidmət müddətinin 12 aydan 8 ayadək azaldılması planlaşdırılıb. Nazir qeyd edib ki, dəyişiklikdən sonra həqiqi hərbi xidmətdən yalnız Müdafiə Nazirliyi sistemində keçmək mümkün olacaq. Xidmət dövründə gənclər yüksək səviyyədə ilkin döyüş hazırlığı əldə edə biləcəklər.
Gürcüstan qanunvericiliyinə əsasən, 18-27 yaş arasında kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər. Yeni qərar uyğun olaraq, bu müddət 8 aya endiriləcək.
Bəs bizdə də hərbi xidmət müddəti azaldıla bilərmi? Müharibə dövrünü geridə qoyan Azərbaycanda Gürcüstanda olduğu kimi hərbi xidmət müddətinin azaldılması mümkündürmü?
Bu barədə Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev hazırda ölkəmizin postmünaqişə şəraitində yaşadığını xatırladıb. Onun sözlərinə görə, indiki durumda Azərbaycanda belə dəyişiklik prioritet deyil.
"Qanunvericiliyə dəyişiklik etməklə hərbi xidmətin 1 ildən 8 aya endirilməsindən söhbət getməməlidir. İndi qanunvericiliyə görə, ali təhsili olan şəxslər üçün 1 il, ali təhsili olmayan şəxslər üçün isə həqiqi hərbi xidmət müddəti 1 il 6 aydır. Məncə, bu belə də qalmalıdır"
Deputat vurğulayıb ki, Azərbaycanda Türkiyə modelinə keçid həyata keçirilir. Tədricən müqavilə əsasında müddətdən artıq hərbi xidmət keçmə kimi məsələlər nəzərdə tutulur. Yəni söhbət komando hərbi hissələrinin yaradılmasından gedir:
"Ancaq hərbi xidmət müddətinin artırılması və ya azaldılması nəzərdə tutulmur. Mən özüm də bunun əleyhinəyəm. Əsgər xidmətə gəlib formalaşana kimi 5-6 ay keçir".
Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, Azərbaycanda müharibə bitsə də, indiyədək Ermənistanla sülh müqaviləsi imzalanmayıb:
"Sərhəddə Ermənistan silahlı qüvvələri tərəfindən vaxtaşırı təxribatlar törədilir. Buna görə də, Azərbaycan özünün hərbi hazırlığını ən yüksək şəkildə həyata keçirməlidir. Bu baxımdan hərbi xidmət müddətinin azalması gündəmdə deyil. Gələcəkdə Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə aradan qalxanda və regionda əsaslı sülh yarananda, əlbəttə, bu məsələ Azərbaycanda da müzakirə oluna bilər".
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, hərbi xidmət müddətinin azaldılıb-artırılması hər ölkənin daxili işidir. Bu, müəyyən şəkildə çağırışçıların, yaxud həqiqi hərbi xidmətdə olanların qarşısında qoyulan vəzifələrdən asılıdır.
Polkovnik Azərbaycanda professional ordu quruculuğu siyasətinin həyata keçirildiyini sözlərinə əlavə edib:
“Bizdə əsas ixtisaslar üzrə müddətdən artıq xidmət edənlər çoxdur və onların həqiqi hərbi xidmətdə olan əsgərlərdən üstünlüyü göz qabağındadır. Biz Vətən Müharibəsində bunun şahidi olduq. Mən deyərdim ki, Azərbaycanın müharibədən öncə professional ordunun qurulmasını rəhbər tutaraq müddətdən artıq xidmət edənləri orduya cəlb etməsi, onları əsas vəzifələrə təyin etməsi Vətən müharibəsində Zəfər qazanmağımızı şərtləndirib. Biz bilirik ki, istər topçular, istər tankçılar, yaxud kəşfiyyatçı və xüsusi təyinatlılar olsun, bunların hamısı müddətdən artıq xidmət edən hərbçilərdir. Əlbəttə, onların biliyi, hərbi bacarığı, təcrübəsi əsgərlərdən qat-qat üstündür”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan müharibədə qazandığı təcrübədən irəli gələrək ordunun gücünü daha da artırır:
"Qeyd edim ki, müharibə başlamadan öncə bizim müqavilə əsasında xidmət edən hərbi qulluqçularımızın sayı 60-70 faiz təşkil edib. Əgər biz bu istiqamətdə inkişaf etsək, həqiqi hərbi xidmətdə olan vəzifələrə uyğun olaraq əsgərlərin qarşıya qoyulan vəzifələri yerinə yetirmək, yaxud biliklərə sahib olmaq durumu bir daha nəzərdən keçirilə bilər”.
Ş.Ramaldanov hesab edir ki, bundan sonra konkret qərarlar qəbul edilə bilər:
“Mən istisna etmirəm ki, hərbi xidmət müddəti azala bilər. Ümumiyyətlə, gələcəkdə həqiqi hərbi xidmətdə çağırışçıların sayı azala bilər. Ola bilsin ki, gənclər elə vəzifə daşıyacaqlar ki, orada prinsip cəhətdən xidmət müddətini azaltmaqla onların yiyələnəcəyi vəzifəyə kifayət edəcək. Hazırda bu barədə danışmaq tezdir”.