E-mail: [email protected]
Meymunçiçəyi, yoxsa dəri xəstəliyi? - Həkim-dermatoveneroloqdan HƏYƏCAN TƏBİLİ + FOTO
Son günlər sosial şəbəkədə meymunçiçəyi virusu ilə bağlı müxtəlif fikirlər paylaşılır. Üstəlik, ictimai nəqliyyatda qolunda meymunçiçəyi infeksiyasına xas səpkiləri xatırladan yaralar olan sərnişinin fotosu insanlar arasında daha da narahatlıq yaradıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı son məlumata görə, ölkədə meymunçiçəyinə yoluxma faktı aşkarlanmayıb.
Bəs meymunçiçəyi, eləcə də suçiçəyi infeksiyası ilə eyni formada təzahür edən dəri xəstəliyi varmı?
Oxu.Az-ın bu və digər suallarını həkim-dermatoveneroloq Aqşin Kəngərli cavablandırıb.
Həkim bildirib ki, iri, suluqlu yaralarla müşahidə edilən müxtəlif dəri xəstəlikləri var:
“Səpki və qaşınma ilə xarakterizə olunan polietioloji dəri xəstəlikləri qrupundan olan dəmrovu misal çəkmək olar. Bu xəstəliyin bir çox növü var - sulu dəmrov, ekzema, pullu dəmrov, kəmərləyici dəmrov və s. Ekzemanın müəyyən formaları - sulu, yarısulu, quru kimi səpkilərlə müşahidə edilir. Ən əsas və əhali arasında ən çox yayılan xəstəliklər məhz bunlardır. Yəni onların dəridə müşahidə edildiyi forma suluqlu yaranı xatırladır”.
Həkim onu da əlavə edib ki, bu xəstəliklər təmasla keçmir:
“Onların hər birinin müxtəlif mənbəyi və yaranma forması var. Sadalananlar arasında elə dəri xəstəlikləri var ki, autoimmun problem səbəbindən, eləcə də genetik, orqanizmdə yaranan müəyyən aqressiya səbəbindən əmələ gəlir. Kəmərləyici dəmrov isə virus xəstəliyidir. Viruslar isə ümumiyyətlə çoxdur.
Kəmərləyici dəmrov virusu sinir sisteminin virusu hesab edilir. O, yarandığı zaman dəri sinirlərini zədələyir və başlayır törəyərək yayılmağa”.
Bəs bu sadalanan xəstəliklər dəridə iz qoyur, yoxsa təmiz sağalır?
Həkim-dermatoveneroloq bildirib ki, dəridə iz qalması birbaşa virusun dərinin hansı qatına düşməsindən asılıdır:
“Dərinin qatları çoxdur. Əgər virus dərinin iki-üç qatını zədələyibsə, əlbəttə ki, müalicədən sonra da müəyyən ləkələr, izlər qala bilər. Hətta çapıq formasında da qala bilər. Yox, əgər dəri səthindədirsə, heç bir iz olmadan sağala bilir”.