E-mail: [email protected]
Leyla Abdullayeva: “Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir”
"Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri olsa da, bu baxımdan ən az beynəlxalq dəstək alan ölkələrdəndir".
“Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib.
O, Ermənistanın bir vaxtlar işğal altında saxladığı əraziləri illər boyu minalarla çirkləndirdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu ərazilərə 1 milyondan çox mina basdırılıb: “Azərbaycan bu ərazilərin bərpası üzrə işlər aparır, yüz minlərlə insan doğma yurd-yuvasına qayıdacağı vaxtı gözləyir, lakin məcburi köçkünlərin sakit və təhlükəsiz qayıdışını təmin etmək üçün əvvəlcə bu əraziləri bərpa etmək lazımdır”.
L.Abdullayeva bildirib ki, müharibə başa çatsa da, 2020-ci ilin noyabr ayından indiyədək 200-dən çox şəxs minaların qurbanı olub.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi dünən Ağdama baş tutmuş səfər çərçivəsində konfrans iştirakçılarının erməni işğalının fəsadları ilə əyani şəkildə tanış olduqlarını vurğulayıb.
Gündəlikdə duran əsas məsələlər minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.
Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.