22 
iyn
2022
19:00
134

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Hakimlərin maaşları artırılır, rüşvət azalacaqmı?

22 iyn, 2022
19:00
12134

Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları artırıla bilər. Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişiklik nəzərdə tutulur. Qanuna dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3 min 550 (hazırda 2 min 475 manatdır) manat maaş verilməsi təklif edilir. Nəticədə Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 min 100 manat ödəniş veriləcək. Hazırda bu məbləğ 5 min manata yaxındır.
Məhkəmələrdə korrupsiya və rüşvət iddiaları ilə bağlı tez-tez şikayətlər eşidilir. Bəs maaşların artırılması bu sahədə vəziyyəti dəyişə bilərmi?
Korrupsiya ilə bağlı 43 hakim…
Məhkəmə Hüquq Şurasının (MHŞ) məlumatına görə, fəaliyyəti dövründə (2005-2022) korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, doqquz nəfərin səlahiyyətlərinə xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Qurumdan vurğulandığına görə, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planında da dövlət orqanlarında əmək haqlarının mərhələlərlə artırılması nəzərdə tutulub.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, məhkəmə hakimlərinin maaşı ən yüksək səviyyədə olmalıdır: "Korrupsiyanın kökünü o kəsə bilər. Hakim indi 4-5 min maaş alır. Onun da yarısı kargüzarlıq işlərinə gedir, çox vaxt məhkəmə işçilərinin maaşları aşağı olduğuna görə hakim öz cibindən ona vəsait ödəməli olur. Ona görə də hakimin rüşvət almaması üçün birinci növbədə onun əməkhaqqısı yüksək olmalıdır".
"Siyasi sistemindən qaynaqlanan problemlərdir"
Hüquqşünas Xalid Ağalıyev də AzadlıqRadiosuna bildirib ki, ümumilikdə hakimlərin maliyyə müstəqilliyi çox yaxşı cəhətdir: "Yəni kimdənsə, hansısa qurumlardansa asılılığını aradan qaldırmaq üçün onların normal maaşla təmin olunması çox vacib elementlərdəndir".
Lakin bununla yanaşı, ekspert hesab edir ki, Azərbaycanda hakimlərin maaşlarını artırmaqla məhkəmə sistemində olan problemlərin ortadan qalxacağını düşünmək ağlabatan deyil: "Azərbaycanda məhkəmə sahəsində olan problemlər ümumi siyasi sistemdən qaynaqlanan problemlərdir. Məhkəmələr, demək olar ki, icra hakimiyyətinin təsiri altındadır. Ona görə də fikirləşmirəm ki, maaşların artırılması ilə məhkəmə sistemində olan problemlər aradan qalxacaq".

Bizimlə əlaqə saxlayın