E-mail: [email protected]
Dağıstanın keçmiş baş nazirinin oğlu sevgilisinin qətlinə görə 13 il azadlıqdan məhrum edildi
Andçılar məhkəməsi MDBMİ-nin tələbəsi Tomiris Bəysəfanı qətlə yetirməkdə təqsirləndirilən Dağıstan hökumətinin keçmiş sədri Muxtar Məcidovun (O, 2013-cü ilin yanvar-iyul ayları ərzində regionun Nazirlər Kabinetinə rəhbərlik edib) oğlu Murtuzəli Məcidovu təqsirli bilib.
Bu barədə Moskvanın İzmailovski Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Məcidov 2020-ci ilin iyulunda qətlə görə həbs edilib. Qazaxıstandan gələn MDBMİ tələbəsi universitet binasının dördüncü mərtəbəsinin pəncərəsindən yıxılıb və xəstəxanada ölüb. Şahidlərin sözlərinə görə, hadisədən az öncə qız auditoriyada sevgilisi Murtuzəli Məcidovla mübahisə edib. İlkin olaraq cinayət işi “Ölüm həddinə çatdırma” maddəsi ilə başlanıb.
2021-ci ilin iyununda andçılar məhkəməsi Məcidova bəraət qazandırıb. İşə Nikulinski məhkəməsi baxaraq, bəraət hökmü çıxarıb və onu həbsdən azad edib.
Lakin bu ilin yanvarında iş prokurorluğun tələbi ilə İzmailovski məhkəməsinə verilib. Belə ki, əvvəlki məhkəmənin obyektivliyini və qərəzsizliyini şübhə altına ala biləcək hallar üzə çıxıb. Məcidovdan ölkəni tərk etməmək barədə yazılı iltizam alınıb.