E-mail: [email protected]
Zaur Kamalın hərəkətinə görə ARB məsuliyyət daşıyır - Ekspert
“ARB televiziyasında özünü “aparıcı” adlandıran şəxs Afşin Azəri adlı gənc müğənini canlı efirdə qəsdən aşağılayıb, nüfuzdan salmaq məqsədi ilə təhqiramiz və tərbiyədən uzaq davranışa məruz qoyaraq, efirdən qovub. Bu hərəkət həm hüquqi baxımdan, həm də etik baxımdan ciddi pozuntudur”.
Turkdunyasi.az xəbər verir ki, bunu hüquqşünas, media eksperti Ələsgər Məmmədli ötən gün ARB televiziyasında aparıcı Zaur Kamalın müğənni Afşin Azərini canlı efirdən qovmasına münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, Media Qanununun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların, o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir.
“Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcının” məsuliyyəti yox, həm də onun efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır.
Bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır. Media Qanunun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir.
Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq edtdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır. Deməli, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir”.
Ə.Məmmədli məsələnin etik tərəfindən danışarkən deyib ki, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1 maddəsi jurnalistə adamları yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır.
"Halbuki, efirdə “aparıcı” məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır. Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır. Göründüyü kimi həm hüquqi, həm etik məsuliyyət mövcuddur”.