E-mail: [email protected]
Prokuror Vilyam Hacıyevə 13 il həbs istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Modern.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Vilyam Hacıyevin cinayətdə təqsirinin sübuta yetirildiyini və onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan başqa prokuror sabiq icra başçının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib. Dövlət ittihamçısı, həmçinin V. Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və puluna həbs qoyulmasını xahiş edib.
İş üzrə növbəti məhkəmə prosesi iyulun 8-nə təyin olunub.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.