E-mail: [email protected]
Ermənistan sülhə RAZILAŞIR - Blokadadan çıxmaq üçün SON ŞANS
Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin siyasi elitası Azərbaycanla sülh sazişinin imzalanması məsələsini gündəmə gətirərək, iki ölkə arasında razılaşmanın əldə olunmasının vacibliyini diqqətə çatdırır. Rəsmi Bakı da artıq İrəvandan müsbət mesajların daxil olduğunu bildirir.
Siyasi şərhçilər hesab edirlər ki, qarşılıqlı anlaşma fonunda yaxın zamanlarda sülh sazişi imzalana bilər. Bildirilir ki, sülh sazişi Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində qalan erməni silahlılarının ərazilərimizdən tamamilə çıxarılması və İrəvanın Bakının təkliflərini qəbul etməsindən sonra mümkün olacaq. Belə məqamda Azərbaycan ordusunun antiterror əməliyyatları keçirməsinə ehtiyac qalmayacaq və münasibətlər sülh sazişinin müddəaları əsasında tənzimlənəcək.
Ermənistanın sülhə yönəlik son çağırışları barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan müharibəni çoxdan qələbə ilə bitirib. Bundan sonrakı məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Lakin separatçılar Qarabağdan çıxmadıqca, antiterror əməliyyatı hər an ola bilər və bu, Azərbaycanın daxili mübarizəsidir.
Ekspert qeyd edib ki, Ermənistanın üzərinə həm sərhədlərin delimitasiyası, həm də demarkasiyası, eyni zamanda sülh sazişi ilə bağlı məsuliyyət düşür:
“Bu məsuliyyət üçtərəfli bəyanatdan irəli gəlir. Çünki bunlar olmadıqda nə Zəngəzur dəhlizindən, nə də digər məsələlərin həll edilməsindən söhbət gedə bilər. Sülh danışıqları ilə bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən prinsiplər təklif olunub. Görünür, ermənilər ağıllanıblar, yaxud görürlər ki, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər o qədər də ağır deyil. Başa düşürlər ki, Azərbaycan bu şərtləri irəli sürməklə onların daxili siyasətinə, maraqlarına xələl gətirmir. Mən düşünürəm ki, sülh sazişi ilə bağlı danışıqlar artıq reallaşır”.
“Digər yandan Azərbaycan ilə sülh sazişi olmasa, Ermənistan-Türkiyə sərhədinin açılması prosesi baş tutmayacaq. İndi Ermənistan iqtisadiyyatı böhran içərisindədir. Hazırda onun bir tərəfi Azərbaycan, digər tərəfi isə Türkiyədir. Əgər Ermənistan iqtisadi böhrandan xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi sülh müqaviləsini qəbul etməlidir”, - deyə Ş.Ramaldanov bildirib.
Polkovnikin sözlərinə görə, Ermənistan hərbi cəhətdən heç vaxt Azərbaycana çata bilməyəcəyini yaxşı bilir:
“44 günlük müharibə Ermənistanın cəzalanması ilə nəticələndi. Azərbaycan Ordusu torpaqları azad etdi. Yenə də müharibədən söhbət getsə, ordumuz kifayət qədər güclüdür və günü-gündən güclənir. Müharibə yolunu tutmaq Ermənistanın özünü məhv edəcək. Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa Ermənistanın çıxış yolu yoxdur. Bundan sonra iqtisadi layihələr də işə başlayacaq. Bununla da Ermənistan düşdüyü iqtisadi böhrandan xilas olacaq.
Sülh sazişi Ermənistanın istəyib-istəməməsindən asılı olmayacaq. Buna onlar məcbur qalacaqlar. Hesab edirəm ki, sülh sazişinin prespektivi var. Ermənistan hələ də yerinə yetirmədiyi üçtərəfli bəyanatın bütün müddəalarını mütləq yerinə yetirilməlidir”.