E-mail: [email protected]
Qərb Rusiyaya qarşı ən təhlükəli silahını işə salmaq niyyətindədir: Putin qaz əvəzinə rubl istəyir - TƏHLİL
Əksər müşahidəçilərin gəldiyi qənaət bundan ibarətdir ki, Rusiyanın qazı rublla satmaq istəyi baş tutmayacaq. Ən əsas problem də odur ki, bunun üçün hər iki tərəfi qane edən mexanizm olmalıdır. Satanla alıcı arasında ticari münasibətlər birtərəfli ola bilməz.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Ukrayna ilə müharibə səbəbindən iqtisadi durumu günbəgün ağırlaşan Rusiya vəziyyətdən çıxmaq üçün reallaşması mümkün olmayan addımlar atmaqdadır. Prezident Vladimir Putinin qeyri-dost ölkələr siyahısına daxil edilmiş ölkələrə satılan təbii qaz üçün ödənişlərin rublla edilməsi barədə göstərişi də bu addımlar sırasındadır. Və həftənin sonuna kimi hökumət bu istiqamətdə müvafiq mexanizmi təqdim etməlidir. Müharibə, sözsüz ki, başa çatacaq və bu da heç kimdə şübhə doğurmur. Lakin hər kəsi müharibənin nəticələrindən çox, sanksiyaların, iqtisadi embarqoların nə qədər davam edəcəyi maraqlandırır. İş yerləri bağlanır, xarici investorlar çıxır, rubl çökür. Qərb ən təhlükəli silahını - Rusiyanın əsas gəlir mənbəyi olan neft və qaz satışına embarqoları tətbiq etmək niyyətindədir.
Kreml israrla bildirir ki, qaz ixracı üçün ödənişləri rublla almağın metodlarını hazırlayır və əgər Avropa ölkələri Rusiya valyutası ilə ödənişdən imtina edərlərsə, bu zaman adekvat qərarlar veriləcək. “Qazı pulsuz verməyəcəyik, aydındır. Bizim vəziyyətimizdə avropalı alıcılarımıza xeyriyyəçilik etməyimiz mümkün deyil”, - Kremlin sözçüsü Dmitri Peskov deyib. “Böyük yeddilik” artıq bu tələbi rədd etməyə qərar verib. Almaniyanın enerji naziri Robert Habek deyib ki, G7-nin nazirləri bunun mövcud kontraktların birtərəfli və aşkar pozuntusu olacağına razılaşıblar. O, qrup üzvlərinin mövqelərini koordinasiya etmək üçün görüşdüklərini deyib. Habekin sözlərinə görə, rublla ödəniş qəbul edilməzdir və aidiyyəti olan şirkətləri Putinin tələbinə əməl etməməyə çağıracaqlar.
Ekspertlər bildirirlər ki, qaz üçün ödənişin rubla keçirilməsi faktiki olaraq Rusiyaya qarşı sanksiyalardan yan keçmə mexanizmidir. Bu halda qaz alan xarici şirkətlər Rusiya Mərkəzi Bankından xarici valyuta ilə rubl almalı olacaqlar. Avropa İttifaqı bildirir ki, Rusiyanın tələbi mövcud müqavilələrin şərtlərinə ziddir və Aİ ölkələri Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verməyəcəklər. Rusiya hakimiyyəti və onu dəstəkləyən iqtisadçılardan başqa heç kim bu təklifin reallaşacağına inanmır. Bir faktı da qeyd etmək yerinə düşər ki, Avropanın Rusiyadan illik qaz alışı 150 milyard kubmetr təşkil edir. Yaxın bir ildə ABŞ və Qətərdən maye qaz alışı, Norveçdən idxalın artırılması, alternativ enerji güclərinin yaradılması, nəhayət, ciddi qənaət hesabına Avropa Rusiyadan qaz alışını 50 faiz azaltmaq qərarındadır. Rusiya üçün bu, çox böyük itkidir və mümkün qədər çalışır ki, qarşısını alsın. Putinin son qərarı da məhz Avropanı bu plandan çəkindirmək məqsədi daşıyır.
Əksər müşahidəçilərin gəldiyi qənaət bundan ibarətdir ki, Rusiyanın qazı rublla satmaq istəyi baş tutmayacaq. Ən əsas problem də odur ki, bunun üçün hər iki tərəfi qane edən mexanizm olmalıdır. Türk mediasına şərhlər verən ekspertlər hesab edirlər ki, bu prosesin necə başlayacağı sxemi nə Rusiyadan olan ekspertlərə, nə də hökumət üzvlərinə bəlli deyil. Məhsulu istənilən valyuta ilə satmaq olar. Satanla alıcı arasında ticari münasibətlər birtərəfli ola bilməz. Bu mənada Avropa Komissiyasının sədri Ursula fon der Leyenin “qazın pulunu rublla ödəməyəcəyik” bildirməsi onu deməyə əsas verir ki, Moskvanın bu niyyətinin reallaşması asan başa gəlməyəcək. Ekspertlərin qənaətincə, Rusiyanın bu tələbi qaz satışının tam dayandırılması ilə nəticələnəcək.
Öz növbəsində rusiyalı ekspertlər “Qazprom”un Avropa ölkələri ilə bağlamış olduğu uzunmüddətli müqavilələrdə nəzərdə tutulan ödəniş valyutasını dəyişmək üçün bir neçə variantın olduğunu bildirirlər. Onların fikrincə, ödəniş valyutasını dəyişmək ilk növbədə tərəflərin qarşılıqlı razılaşması ilə ola bilər. Bundan əlavə, dəyişiklik tənzimləyicinin qanuni tələbi əsasında da mümkündür. İndiyədək Avropa Komissiyasının tələbi əsasında mövcud müqavilələrə çoxsaylı dəyişikliklər edilməsi təcrübəsi var. Bu baxımdan, “Qazprom” Avropadakı alıcılardan ödəniş valyutasını Rusiya hökumətinin tələbi əsasında dəyişməyi istəyə bilər. Alıcılar bu tələbi qəbul edə bilərlər, amma ondan imtina etmək hüquqları da var. Hansı ki, imtina qaz nəqlinin dayandırılmasına gətirib çıxara bilər. Məlumdur ki, Avropanın yaxın aylarda, hətta illərdə Rusiya qazından tam imtina etməsi, demək olar ki, mümkün deyil. Putin bunu bildiyi üçün Aİ-yə təzyiq etməyə çalışır.
Bəziləri isə hesab edir ki, Rusiyanın tələbi gerçəkləşsə belə, bunun ciddi iqtisadi mənfəət gətirəcəyi mübahisəlidir. Məsələn, avropalı əvvəl avro ödəyib birbaşa qazı alırdı. Bu tələblə razılaşacağı halda avronu verib rubl alacaq, daha sonra o rublu qaz üçün ödəyəcək. Hər iki halda Avropadan qaz üçün avro çıxacaq, hər iki halda Rusiyaya avro daxil olacaq. Şübhəsiz ki, texniki baxımdan bu cür hesablaşma əlavə mürəkkəblik, valyuta mübadiləsi üçün çox da böyük olmayan əlavə xərclər yaradır. Amma Rusiya öz qazını rubla satmağın əvəzinə qarışlıqlı hesablaşmalarda milli valyutadan istifadə şərti qoysa idi və nəzəri olaraq qarşı tərəf bu şərtə razılaşsaydı, proses Rusiya üçün uduşlu olardı. Belə olan halda Rusiya həm qaza görə avro alardı, həm də Avropadan idxal etdiyi mallara görə avro xərcləmək əvəzinə öz rublunu təqdim edərdi.