E-mail: [email protected]
Nazirlikdən əhaliyə MÜRACİƏT:44 dərəcə isti, güclü külək...
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə temperaturun 42-44°-dək artacağı və arabir güclənən küləyin müşahidə olunacağı gözlənilir.
Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun, eləcə də güclü küləyin yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Bundan əlavə, yay mövsümündə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!".