apr
2022
17:17
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Mərminin haraya düşəcəyi məlum deyil” - Kiyev sakini Media.Az-a danışdı

6 apr, 2022
17:17
794

Bütün ukraynalılar üçün həmin gün təxminən eyni şəkildə başladı. “Lesya, bizi bombalayırlar, müharibə başlayıb”, – sevgilim bu sözlərlə səhər saat beşdə məni oyatdı. Dərhal Xarkovda yaşayan valideynlərimə zəng etdim. Onların şəhəri hələ də mütəmadi olaraq RF Silahlı Qüvvələri tərəfindən atəşə tutulur, lakin onlar evlərini tərk etmək istəmirlər...
Kiyev sakini Lesya Firsanova fevralın 24-nü məhz belə xatırlayır.
Media.Az-a müsahibəsində o, hələ müharibədən əvvəl Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsinin məlum olduğunu deyir:
“Hamı bilirdi, amma demək olar ki, heç kim inanmırdı ki, 2022-ci ildə suveren dövlətə qarşı bu cür alçaqcasına işğal baş verə bilər. Ürəyim mənə deyirdi ki, dəhşətli hadisələr yaxınlaşır. Ona görə də fevralın 23-də çamadana ən zəruri əşyaları yığdım. Göründüyü kimi, altıncı hissim məni yanıltmadı”.
Firsanova taleyüklü günün gecəsini onun üçün sığınacağa çevrilən zirzəmidə keçirib. Tezliklə isə sevgilisi ilə birlikdə onun valideynlərinin fərdi evinə köçüb.
“Biz birlikdə qalmaq qərarına gəldik. Onun valideynləri də təxliyə olunmaq istəmirlər, baxmayaraq ki, döyüşlərin elə ilk günündə onların məhəlləsində dəhşətli partlayış baş verib və qonşularının mənzilinə ziyan dəyib. Kiyevdə qaldığım üçün heç peşman deyiləm. Axı biz gəncik, aktivik və həssas vəziyyətdə olan insanlara kömək edə bilərik”, - deyə qadın əlavə edir.
Kiyev sakini etiraf edir ki, əvvəlcə Vətənə necə faydalı ola biləcəyini anlamayıb. Lakin sonradan sevgilisi ilə birlikdə “Zqraya” könüllülər təşkilatına qoşulub. Onlar çoxuşaqlı ailələrə, əlillərə, qocalara ərzaq bağlamaları, dərmanlar çatdırırlar. Assosiasiyanın digər üzvləri təxliyə, heyvanların xilas edilməsi, həmçinin Ukrayna ordusu və ərazi müdafiəsi üçün avadanlıqların çatdırılması ilə məşğuldur.
“Yardım etmək istəyən hər kəs öz ürəyincə bir şey tapacaq. Məsələn, evini tərk edə bilməyənlər kiberqüvvələrdə xidmət edir, müharibə mövzusunda foto və videolar hazırlayır, yaxud dezinformasiya ilə məşğul olan düşmən resurslarını bloklayırlar”, - deyə o davam edir.
Lesya Firsanova qeyd edir ki, Kiyevdə onlarla könüllülər mərkəzi fəaliyyət göstərir və bunun sayəsində paytaxtda panika səngiyib.
“Bizi nə gözlədiyini və yeni reallıqlarda necə yaşayacağımızı bilmirdik. Müharibənin ilk günlərində supermarketlərdə müəyyən ərzaq, apteklərdə isə dərmanlar tükənmişdi. İndi hər şey kifayət qədərdir, həm də ona görə ki, çoxları təxliyə olunublar və istehlak azalıb. Əsas odur ki, Kiyev yaşamağa davam edir. Yavaş-yavaş kafelər, hətta gözəllik salonları açılır. İnsan buna sevinməyə bilmir”, – deyə şəhər sakini bildirib.
Qızın sözlərinə görə, şəhər hələ də raket və artilleriya atəşi altındadır, sirenanın səsləri isə ukraynalıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
“Sirena səsinə məhəl qoymamaq olmaz, dərhal təhlükəsiz yerə getmək vacibdir. Axı mərminin haraya düşəcəyi məlum deyil. Bu, ölümcül “rus ruletkası”dır. Xoşbəxtlikdən, düşmən texnikasının çatmadığı ərazilər var”, - deyə Kiyev sakini əlavə edib.
O, iddia edir ki, Kiyev vilayətində, xüsusən də İrpen və Buça şəhərlərində yaşayan tanışları evsiz qalıblar, çünki Rusiya ordusu bu yaşayış məntəqələrini praktiki olaraq yerlə-yeksan edib.
“Mərmilər və onların dağıntıları bir neçə dəfə binamızın üzərindən uçdu, lakin xoşbəxtlikdən, qurbansız ötüşdü. Amma rəfiqəmin Xarkovun mərkəzindəki mənzili raket zərbəsi nəticəsində tamamilə dağılıb”, - o deyib.
Hər şeyə rəğmən, L.Firsanova vətənində qaldığı üçün sevinir və oranı tərk etməyi planlaşdırmır.
“Biz sevgilimin valideynlərini və ev heyvanlarını tərk edə bilmərik. İndi biz burada daha faydalıyıq. Biz həqiqətən də şabalıdın çiçəklənməsini və Şəhər Gününü işğalçılardan azad bir ölkə kimi qarşılayacağımıza ümid edirik!” - L.Firsanova sözlərini yekunlaşdırdı.

Bizimlə əlaqə saxlayın