E-mail: [email protected]
Kanada daha bir neçə rusiyalıya qarşı sanksiyalar tətbiq etdi
Kanada sanksiya siyahısına daha doqquz fiziki şəxsi əlavə edib ki, bunların sırasında “Nornikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin, biznesmen Viktor Vekselberq, “Sibur” şirkətinin səhmdarı Kirill Şamalov, “Novatek” şirkətinin rəhbəri və ortağı Leonid Mixelson və başqaları var.
Bu barədə məlumat Kanada hökumətinin saytında dərc olunub.
Həmçinin biznesmen Dmitri Pumpyanski, Qalina Pumpyanskaya, biznesmen Aleksandr Vinokurov, “Rusagro” Direktorlar Şurasının sədri Vadim Moşkoviç, Rusiya Baş Qərargahının (QRU) Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov sanksiyalara məruz qalıblar.
Sanksiyalar siyahısına düşmək isə Kanadada mümkün aktivlərin dondurulması və ölkəyə girişin qadağan edilməsi deməkdir.
Yeni məhdudiyyətlər eyni zamanda Belarus müdafiə nazirinin müavinləri Andrey Juk, Andrey Burdıko və Sergey Simonenkoya da şamil edilib.
Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Kanada hakimiyyəti Federasiya Şurasının 160 üzvü, rusiyalı iş adamları, eləcə də Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovaya qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, Kanada hakimiyyəti 32 Rusiya şirkətinə və dövlət təşkilatına Kanadadan hər hansı müdafiə avadanlıqları və ləvazimatları almağı qadağan edib.
Mənbə: Kommersant.ru