E-mail: [email protected]
Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb.
“Report”un məlumatına görə, sənədə bu gün Bakıda üç ölkənin hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imza atılıb.
Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə hökuməti adından bu ölkənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan hökuməti adından bu ölkənin Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıb.
Sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.
Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında, səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. Mallar haqqında ilkin məlumatın elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq. Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün logistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında çıxış edən nümayəndə heyətlərinin rəhbərləri regional və beynəlxalq ticarətin asan, sürətli reallaşdırılmasında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, sazişin bu istiqamətdə fəaliyyətin daha səmərəli qurulmasına mühüm töhfə verəcəyini bildiriblər.