apr
2022
23:23
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Xoşqədəm Hidayətqızı kimdir: şoumen, yoxsa prokuror? - FOTO

9 apr, 2022
23:23
777

Söz ən qorxulu silahdır. Bəlkə də atalarımız ona görə deyiblər ki, “güllə yarası sağalar, söz yarası sağalmaz”. Dahi Məhəmməd Füzuli də deyirdi ki, “yoxdan var olan söz”. Yəni söz heç nədən nəsə yarada bilir. Bu isə sözün ilahi qüdrətidir.

Təəssüf ki, bu gün istər dünyada, istərsə də bizim cəmiyyətdə ən dağıdıcı silah olan söz əsasən qeyri-peşəkarların və mövqeyi zəif olan insanların əlində cəmləşib. Bu da təsadüfi deyil. Çünki qeyri-peşəkar və mövqeyi olmayan insanları daha asanlıqla idarə etmək olur. Ona görə də bu cür “söz sahibləri” cəmiyyətdə daima üzdə olur və güclü maliyyə dəstəyi alırlar. Güclü maliyyə dəstəyi (sponsor da demək olar) olan “söz sahibləri” də təbii ki, cəmiyyətə və yaxud hansısa auditoriyaya böyük təsir imkanına malikdir.
Açıq danışmaq gərəkirsə deyə bilərik ki, bu gün Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının cəmiyyətə təsiri özündən deyən siyasi partiyadan daha çoxdur. Bu, adlarını çəkdiyim şəxslərin yüksək irudisiyasından, jurnalist bacarığından və savadından qaynaqlanmır. Sadəcə, bu adamlar asanlıqla idarə olunduqları (şərtlərə daha tez boyun əydikləri üçün də demək olar) və hansısa institutlara bağlı olduqları üçün  geniş meydan qazanıblar.
Mən bu yazımda Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) haqqında danışacam. Bu xanımı uzaqdan-yaxından tanıdığım 25 ildən çox olar. 90-cı illərin ortalarında Xoşqədəm xanımın “Üç nöqtə” adlı bir qəzeti vardı. O zaman bu qəzetin himayədarı kimi keçmiş millət vəkili Rza İbadovun adı hallanırdı. Rza İbadov Azərbaycandan gedəndən sonra Xoşqədəm xanımın bir müddət səs-sorağı gəlmədi. Və 2005-ci ildə o, Ağdam rayonundan özünün deputatlığa namizədliyini irəli sürdü. O zaman işimlə bağlı bir neçə dəfə onunla ünsiyyətdə oldum. Maraqlı idi ki, o vaxt Hidayətqızının xeyli sayda vəkilləri vardı. Və bu vəkillər cəmiyyətdə kifayət qədər tanınmış simalar idi. Onlardan biri də politoloq Əhməd Qəşəmoğluydu. Xoşqədəm xanım bütün vəkilləri ilə, o cümlədən, Əhməd Qəşəmoğluyla çox kobud rəftar edirdi. Hətta onları kimlərinsə yanında təhqir etməkdən belə çəkinmirdi. Bir dəfə dözməyib dedim ki, “Ay Əhməd müəllim, siz tanınmış adamsınız, nə işiniz var bu adamın yanında?”. Ağsaqqal yaşında olan Əhməd müəllim çarəsiz təbəssümlə qayıtdı ki, “Neyləyim, pulun uzu qara olsun”.
Az sonra Xoşqədəm xanım “Səni axtarıram” layihəsi ilə ATV-də göründü. Təbii ki, bir dəstə sponsor ilə. İlkin vaxtlarda bu veriliş humanist ideya daşıyıcısı kimi təqdim olunsa da, sonradan verilişin sırf kommersiya məqsədi daşıdığı ortaya çıxdı.
On-on beş ilin söhbətidir. Uzun illər Rusiyada yaşayan və heç bir xəbər-ətər olmayan bir tanışım var. Onun yaxın qohumu  bir gün  mənə dedi ki, “Xoşqədəmin verilişinə çıxacam”. Dedim ki, “Boş ver”. Məni eşitmədi. Gedib bir həftə verilişdə axtaranlar cərgəsində oturdu. Sonra bir xəbər olmadı. Bir dəfə həmin qohumumdan soruşdum ki, “Ayə, bəs nə oldu?”. Qayıtdı ki, “Məndən axtarış üçün əvvəlcə 2 min manat istədilər. Dedilər ki, “Qohumunu tapsaq, onun da xərci əlavədir”. Onlar istəyən pulu verməyə imkanım olmadığı üçün məni efirdən çıxartdılar”.
Əslində burada qeyri-adi heç nə yoxdur. Sırf Azərbaycan reallığıdır. Necə deyərlər, “bacarana baş qurban”. Lakin məsələnin mənəvi-psixoloji tərəfi daha çox ağrılı və təəssüfdoğurandır. Belə ki, bu veriliş artıq çoxdan öz hədəflərindən sapıb. Veriliş indi daha çox ailə-məişət səviyyəsində “razborka” məkanına çevrilib. Burada insanlar bir-birini olmazın ifadələrlə təhqir edir, aşağılayır, ailə məsələləri mental xüsusiyyətlərimizə zidd olaraq çılpaq şəkildə “müzakirə edilir”. Ailələrin mübhəmləri ədalətsizcəsinə ifşa olunur və insanların heysiyyatı alçaldılır.  Bütün “müzakirələr”in yekununda isə təbii ki, son söz Xoşqədəm xanımın olur. O isə öz qərarlarında jurnalistdən və anadan daha çox qəddar hakim və bəzən cəllad kimi çıxış edir. Ananı baladan, nəvəni nənədən ayırır. Onun bu absurd hökmü isə ora məqsədli şəkildə yığılan adamlar tərəfindən alqışlarla qarşılanır.
Xoşqədəm Hidayətqızı öz verilişində araşdırmaçıdan daha çox hakimi-mütləq kimi davranır. O, təkcə nicat axtarışında olanlarla deyil, dəvət etdiyi ekspertlərlə də kobud rəftar edir. İstədiyi vaxt onların sözünü kəsir və fikirlərini özünə sərf edən istiqamətə yönləndirir.
Adi bir misal deyim. Bu yaxınlarda ARB-də anons edildi ki, “Səni axtarıram” verilişini Xoşqədəm xanım bundan sonra həyat yoldaşı Doğuşla birgə aparacaq. Və studiyaya çıxışdan əvvəl ər-arvadın mükaliməsi də sosial şəbəkələrdə yayımlandı. Mükalimədə Xoşqədəm xanım Doğuşa deyir ki, “Bax haa, efirdə sözümü kəsmə, mən deyənin əksinə getmə…”. Doğuş da qayıdır ki, “Mən öz bildiyimi deyəcəm”.
Maraqlıdır ki, Doğuş kimi adam Xoşqədəm xanımın efir kaprizlərinə dözə bilmədi və yayımdan getdi. Amma Xoşqədəm xanım yenə də efirdə hökmünü oxuyur, istədiyini edir, studiyadakıların və tamaşaçıların heysiyyatı ilə oynayır.
Bu xanım bir çox hallarda özünü müstəntiq və dövlət ittihamçısı kimi aparır. Hətta ən qatı cinayətlərin üstünü “açır”. Sadəlövh tamaşaçı da Xoşqədəmin bu “hünəri”ni alqışlarla və göz yaşları ilə qarşılayır.

 
Amma televiziyadan az-çox başı çıxan insanlar bilir ki, bu, jurnalist araşdırması deyil. Bu veriliş konkret kommersiya hədəfi olan şoudur. Və əksər tamaşaçılar sosial şəbəkələrdə (konkret olaraq ARB TV-nin facebook hesabındakı paylaşımların rəy bölümündə) bununla bağlı tənqidi iradlarını açıq-aşkar ünvanlayırlar. İnsanlar Xoşqədəm Hidayətqızını ironik şəkildə “prokuror”, “müstəntiq”, “polis”, “kriminalist” də adlandırırlar, onun bu hərəkətlərini hüquq-mühafizə orqanlarının işinə müdaxilə kimi pisləyirlər. Əksəriyyət də deyir ki, əgər illər öncə baş vermiş cinayət hadisələrinin üstünü Xoşqədəm açırsa, onda DİN, DTX, Prokurorluq hara baxır? Göründüyü kimi, bu xanımın kommersiya maraqları üzərində qurduğu şou cəmiyyətdə böyük fikir ayrılıqları yaratmaqla bərabər, ölkənin güc strukturlarının nüfuzuna ciddi şəkildə xələl gətirir.
Amma təəssüf ki, bu şou getdikcə daha böyük miqyas alır ki, burada da qeyd etdiyimiz kimi, insanların taleyi heç kim üçün maraqlı olmur. Əsas hədəf o olur ki, verilişdə güclü dramatizm olsun və tamaşaçı ən azı 2-3 saat televizor qarşısında qapanıb qalsın. Təəssüf ki, Hidayətqızı əsl şoumen kimi bunu çox yaxşı bacarır. Yaxşı şoumen bacarığı və kommersiya duyumu olduğu üçün də televiziyalar onu “əl üstündə” tutur. Çünki Xoşqədəm xanım televiziyaya “reytinq” və yaxşı pul gətirir. Əminliklə deyə bilərəm ki, hazırda bu verilişin illik dövriyyəsi milyon manatlarla hesablanır. Milyonların hökm sürdüyü yerdə isə nə insanlıq olur, nə ədalət, nə də jurnalistika…
Bu isə artıq milli faciədir. Kimlərinsə korporativ maraqları üzündən milli dəyərlər ayaqlar altına atılır, insanlar alçaldılır, təhqir olunur.
Surxay Atakişiyev,
KONKRET.az

Bizimlə əlaqə saxlayın