sen
2022
12:30
102

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“BİLMİRSİNİZ, BURA TÜRMƏLƏRİN RƏİSİ CEYHUN MÜƏLLİMİN OBYEKTİDİR!” - Generalın restoranında “Penitensiar pomidoru” yeməyin başqa ləzzəti varmış...

6 sen, 2022
12:30
12102

“Hürriyyət”in ötən saylarının birində “Ceyhun Həsənovun yeni sort pomidoru ölkədə böyük marağa səbəb olub” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun yeni növ pomidor yetişdirməsindən söhbət açılırdı. Qeyd olunurdu ki, sosial şəbəkələrdə “Penitensiar pomidoru”, “General pomidoru” adı verilən bu tərəvəz növü çox sayda insanın diqqətini cəlb edib. Belə ki, vətəndaşlar general-leytenantın yetişdirdiyi pomidorun dadına baxmaq arzusunda olduğunu bildiriblər...

Etiraf edək ki, yazı müəllifi olaraq həmin pomidorun dadına baxmaq istəyi bizim də içimizdən keçməmiş deyildi. Amma eşidəndə ki, bu pomidorların böyük hissəsi ölkədən kənarda satılır, boşalmış, yarızay məhsullar isə Penitensiar Xidmətin tabeçiliyində olan həbsxanalara göndərilir, nəfsimizi boğmaqdan başqa çarəmiz qalmadı. Çünki karantin rejiminin davam etdiyi, quru sərhədlərin bağlı olduğu indiki dönəmdə ölkədən kənara çıxmağın çətinlikləri hər kəsə bəllidir. “Penitensiar pomidoru” yemək üçün cinayət törədib həbxsanaya düşmək isə heç də ağıllı fikir deyildi. Hətta bu yola əl atsaq belə, digər məhkumlar kimi, bizim də ancaq boşalmış, xarab pomidorların dadına baxmaqdan başqa şansımızın olmadığı bəlli idi.

Elə bu düşüncələr içərisində “General pomidoru” əldə etməyin yollarını axtararkən, təsadüfən saytların birində qarşıma maraqlı bir xəbər çıxdı. Məlum oldu ki, general-leytenantın yenicə biznesə qədəm qoyan oğlu Salyan rayonunda atasının şərəfinə “Yolüstü” adlı restoran açaraq, müştərilərə “Penitensiar pomidoru”, eləcə də Ceyhun Həsənovun yetişdirdiyi digər tərəvəz məhsullarını təklif etməkdədir. Sayt yazırdı ki, təmtəraqlı açılış mərasimi keçirilən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir və general-leytenantın doğulduğu kəndin adını daşıyır.

İşə bax ki, C.Həsənovun oğlunun restoran açması xəbərini eşidər-eşitməz könlümüzdən “quşdan qanad alıb” Salyana uçmaq həvəsi keçdi. Lakin qarşıdakı günlərdə peşə fəaliyyətimizlə əlaqədar cənub rayonlarından birinə səfərimiz nəzərdə tutulduğundan, “quşları narahat etməyib”, məhz həmin vaxt yolüstü general-leytenantın oğlunun restoranına da baş çəkməyi qərara aldıq.

Beləliklə, həftə sonu “Yolüstü” restoranında “Penitensiar pomidoru” yemək, Ceyhun Həsənovun bostanından olan məhsulların dadına baxmaq arzumuz çin oldu. Oxucularımız arasında da bu istəkdə olanların varlığına şübhə etmədiyimizdən, öncə restoranın yerləşdiyi ərazinin mənzərəsini canlandırmağa çalışaq. Yuxarıda da qeyd etdiyimiz kimi, restoran Salyan rayonu ərazisində yerləşir və Bakı-Astara yolunun hər iki hissəsini əhatə edir. Yanında “SOCAR” yanacaq doldurma məntəqəsi, mağaza, ibadət evi və s. iaşə müəssisələri fəaliyyət göstərir. Obyektin bir hissəsində, daha böyük ərazidə isə adı mətbuatda bir çox qalmaqalda hallanan “Salyan Aqro” yerləşir. Obyektin tikintisi hələ tam başa çatmasa da, ərazidə böyük sürətlə abadlaşma işləri aparılırdı...

Ətrafı bir qədər seyr etdikdən sonra “Yolüstü” restoranına daxil olduq. Gözlədiyimizin əksinə olaraq içəridə müştəri az idi. Görünür, həmin yolun üstündə uzun zamandır fəaliyyət göstərən və özünə müştəri toplayan “Hacıoğlu” kimi restoranlar olduğundan, yenicə fəaliyyətə başlayan “Yolüstü” təbii olaraq müştəri qıtlığı yaşayır...

Restorana daxil olanda diqqətimizi ilk olaraq cəlb edən içəridə quraşdırılan və qiyməti 4 min manatdan ucuz olmayan çoxsaylı “AUX” kondisionerləri oldu. Hiss olunurdu ki, general-leytenant oğlunun biznesi üçün yaxşı pul buraxıb. Amma kondisoner məsələsinin marağımıza səbəb olmasının başqa bir səbəbi vardı. Kimsəyə sirr deyil ki, Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində kondisionerli otaqlar üçün məhkumlardan böyük məbləğdə pullar alınır. Əksər kameralarda isə yay aylarında temperatur 35-40 dərəcədən aşağı düşmür. Bu səbəbdən, bir anlıq fikrimizdən keçdi ki, kaş, Ceyhun müəllim oğlunun obyektinə qoydurduğu 4 min manatlıq “AUX” kondisionerlərindən ikisinin qiymətinə 10-12 ədəd sıradan kondisioner alıb, türmələrdə istidən əzab çəkən kasıb məhbusların kameralarına yerləşdirəydi. Lakin bunun heç vaxt olmayacağını bildiyimizdən, boş xəyala dalmaqdan vaz keçib, masalardan birinə əyləşdik.

Bir neçə dəqiqə sonra sonra ofisiant yaxınlşadı və bizi menyü ilə tanış etdi. İnsaf naminə, qiymətlər cənub zonasında mövcud olan digər restoranlarla müqayisədə münasib idi. Ətrafdakı milçəklərin çoxluğunu nəzərə almasaq, xidmət və yeməklərin keyfiyyəti də pis deyildi. İlk olaraq pomidor sifariş verməyimiz ofisiantı təəccübləndirsə də, istəyimizə uyğun olaraq masaya öncə ayrıca qabda pomidor, əlavə olaraq xiyar və qarpız gətirildi. Tərəvəzlərin yerli məhsul olub-olmadığı ilə maraqlandıqda isə, hamısının “Salyan Aqro”nun bostanından olduğunu söylədi.


Beləliklə, Avropasayağı həzin musiqilərin sədası altında yeməyimizi yeyib, üstündən də çay içdikdən sonra hesabı istədik. Ofisiant məbləği birbaşa söylədikdə, “sizin restoranda müştərilərə çek verilmirmi” deyə sual etdik. O, “verilir” deyib, kassaya yaxınlaşdı. Az sonra üzərində sadəcə məbləğin qeyd olunduğu ağ kağız parçası ilə geri döndü. Bu zaman bizə agah oldu ki, əksər məmurların obyektlərində olduğu kimi, Ceyhun müəllim də vergi ilə “dərin anlaşma” içərisindədir. Amma uzunçuluq etməyib hesabı ödədik və ofisianta “çayvoy” verməyi də unutmadıq. Restoranı tərk edərkən hər şeydən xəbərsiz kimi, ofisiantdan obyektin sahibinin kim olduğunu soruşduq. Təbii ki, aldığımız cavab bizi heç də təəccübləndirmədi: “Bilmirsiniz, bura türmələrin rəisi Ceyhun müəllimin obyektidir”.

Çıxışda mağazaya da baş çəkib, yol üçün yüngül alış-veriş etdik. Maşına minərkən “Salyan Aqro”nun böyük anbarı diqqətimizi cəlb etdi. Yerli sakinlərin birindən bu anbarda nə saxlanıldığını soruşduq. Məlum oldu ki, Ceyhun Həsənov təkcə tərəvəz yetişdirməklə məşğul deyil, rayonda özünə məxsus hektarlarla ərazidə taxıl da becərir və toplanılan məhsulu “Salyan Aqro”nun anbarına yığır. Dedilər ki, general-mayor buğdanı daha baha qiymətə satmaq üçün qış fəslini gözləyir...

P.S. Əlbəttə, “Penitensiar pomidoru” yemək üçün Bakıdan Salyana gedib, sonra onun dadı ilə bağlı düşüncələrimizi oxucularla paylaşmasaq, doğru olmaz. Amma dəyərli oxucuların əfvinə sığınıb, bu haqda susmaq qərarına gəldik... //hurriyyet.az//

Bizimlə əlaqə saxlayın