E-mail: [email protected]
Biləsuvarda narkotiklərə görə 12 nəfər saxlanılıb, aralarında qadın da var - VİDEO
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə xaricdən əldə etdikləri narkotik vasitənin ölkə ərazisində satışını təşkil etmək istəyən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Rövşən Azayev və Samirə Nəcəfli saxlanılıblar. Baxış zamanı onların olduğu avtomobildən 1 kiloqram 500 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı onların həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdikləri müəyyən olunub.
Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə 10 nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan narkotik vasitə aşkarlanaraq götürülüb.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 103 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.