E-mail: [email protected]
Ukraynada vəziyyət gərgindir - Ölənlər arasında azərbaycanlılar da var?
“Ukraynada vəziyyət gərgin olaraq qalır. Gecə və səhər saatlarında durmadan həyacan siqnalları çalınır”.
Bu barədə Modern.az-a AzərTAC-ın Ukraynadakı müxbiri Emil Hüseynli məlumat verib.
Onun sözlərinə görə, ötən gün həyata keçirilən raket hücumları nəticəsində bir sıra enerji infrastrukturuna ciddi ziyan dəyib:
“Bəzi istilik elektrik stansiyaları və su elektrik stansiyaları məhv edilib. Rusiyanın əsl məqsədi də məhz bu idi. Ölkədə enerji qıtlığı yaranıb. Kiyevdə gecə saatlarında işıq fasilələrlə verilib. Bəzi yerlərdə elektrik enerjisi ümumiyyətlə yoxdur. Ukrayna hökuməti əhalini işıqdan qənaətlə istifadə etməyə çağırır. Ukraynanın Lvov şəhəri də gecə qaranlığa qərq olub. İnsanlara sığınacaqlarda qalmaq tövsiyə olunur”.
E.Hüseynli iş həftəsi olmasına baxmayaraq, bir çox obyektlərin işləmədiyini müşahidə etdiyini deyib. Raket hücumundan sonra bəzi restoranlar və marketlər işləmir. Yanacaqdoldurma məntəqələrində isə avtomobillərin növbəsi yaranıb.
Jurnalist raket hücumu zamanı ölənlər və yaralananlar arasında azərbaycanlıların olub-olmamasına da aydınlıq gətirib:
“Ukrayna ərazisinə atılan raket zərbələrindən sonra ölən və xəsarət alan Azərbaycan vətəndaşları haqqında səfirliyə rəsmi məlumat daxil olmayıb. Ancaq Ukraynada yaralıların sayı getdikcə artır. Artıq Ukrayna üzrə ölənlərin sayı 14 nəfərdir. Xəsarət alanaların sayı isə 80 nəfəri ötüb. Onu da qeyd edim ki, Azərbaycan vətəndaşı olmayan soydaşlarımız arasında da ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur”.
Qeyd edək ki, ötən gün paytaxt Kiyev daxil olmaqla Ukraynanın bir çox şəhərləri Rusiyanın kütləvi raket hücumuna məruz qalıb. Raket zərbələri nəticəsində ölənlər və ağır yaralananlar olub.