E-mail: [email protected]
Yol polislərinin üzərindəki kameralar işləmir? - “Dəfələrlə həmin cihazı təqdim etməsini istəmişik“
Azərbaycanda polisə müqavimət ittihamı saxlanılan və İnzibati Xətalar Məcəlləsinə əsasən cəzaların tətbiqi geniş hal alıb. Bir çox vəziyyətlərdə vətəndaşın həqiqətənpolisə müqavimət göstərməsi və s. şübhə doğurur. Xarici təcrübədə xidməti vəzifəsini yerinə yetirən polislərin üzərində xüsusi kameralar olur. Onun küçədə və ya meydanda vətəndaşla təması həmin kamera ilə qeydə alınır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan vəkil Əsabəli Mustafayev deyib ki, bu məsələ Azərbaycanda tətbiq edilsə belə, onun istifadəsi xarici ölkələrdəki təcrübədən fərqli olacaq:
“Azərbaycanda mövcud olan bir sıra qaydalara əsasən Yol Polis Xidmədinə (YPX) bu üsul tətbiq edilib. Onlar hər hansı sürücünü saxlayan zaman üzərlərində olan kameranı işə salmalıdır. Sürücü və polis əməkdaşının ünsiyyəti mütləq surətdə qeydə alınmalıdır”.
Vəkilin sözlərinə görə, bir çox hallarda polisin qəsdən adam saxlama halları baş verir:
“Bu halda iş məhkəməyə qədər gedir. Dəfələrlə polisin üzərindəki kamera cihazının təqdim etməsini istəmişik. Amma sonda məlum olur ki, polis sözügedən cihazı işə salmayıb. Mənim özüm şəxsən dəfələrlə bu halların şahidi olmuşam”.
Ə. Mustafayev vurğulayıb ki, DİN əməkdaşları qanunvericiliyin tələblərinə o qədər də ciddi əməl etmir:
“Polislərin üzərindəki kameralardan savayı, bütün küçələrdə təhlükəsizlik kameralarıda mövcuddur. Hər dəfə məhkəmədə məsələ qaldırılır ki, küçə kameralarına baxılsın”.
Vəkilin sözlərinə görə, bu qaydanın Azərbaycanda tətbiqi çox vacibdir:
“Qanunlara, qaydalara heç kim lazımi qədər əməl etmir. Həmçinin, cəmiyyətdə bu qaydalara o qədər maraq göstərilmir. Əminliklə deyə bilərəm ki, heç sürücülərin çoxu bilmir ki, polislərin üzərində xüsusi səsyazan cihaz fəaliyyət göstərməlidir. Kimə bunu desən, təəccüblə üzünə baxar. Qanunların içində olan adamlar olduğumuz üçün məlumatlıyıq”.