E-mail: [email protected]
Referendum və icra başçısı vəzifəsinin ləğvi iddiaları, bələdiyyələrin fəaliyyəti – Deputatla MÜSAHİBƏ
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Oxu.Az saytına müsahibə verib.
Deputatla müsahibəni təqdim edirik:
- Kamran müəllim, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılmasına ehtiyac varmı?
- Ölkəmizdə böyük şəhər bələdiyyələrinin yaradılması təklifi yeni bir məsələ deyil və zaman-zaman cəmiyyətdə müzakirə olunur. Milli Məclisin son iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2021-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı da bir sıra həmkarım böyük şəhər bələdiyyələrinin yaradılmasının məqsədəuyğun olmasını qeyd edib. Onu da bildirim ki, böyük şəhər bələdiyyəsinin yaradılması hələ Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ilə əlaqədardır.
Qurumun qəbul etmiş olduğu rəydə bu məsələ öz əksini tapıb. O ki qaldı, böyük şəhər bələdiyyələrinin yaradılmasına, zənnimcə, yalnız şəhərlərdə deyil, bütün ölkə üzrə böyük bələdiyyələr yaradılmalıdır və bu proses bələdiyyələrin birləşməsi yolu ilə öz həllini tapmalıdır. Bu gün Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir.
Onların 87 faizini maliyyə baxımından zəif, xırda, yerli əhəmiyyətli məsələləri səmərəli şəkildə həll etmək, vətəndaşların sosial sifarişlərini yerinə yetirmək, özünü saxlamaq belə iqtidarında olmayan bələdiyyələr təşkil edir. Bu səbəbdən də bələdiyyələrin birləşməsi onların iri olmaqla yanaşı, maliyyə potensialını və əmlak bazasını gücləndirər.
- Bəs bu birləşmə üçün potensial varmı?
- Birləşmək üçün də kifayət qədər potensial var, bir çox rayonlarda bələdiyyələrin sayı olduqca çoxdur. Məsələn Ağcabədidə 41, Bərdədə 66, Goranboyda 47, Şəkidə 40, Şəmkirdə 42, Tovuzda 41 bələdiyyə var və əksəriyyəti xırda kənd bələdiyyələridir.
Lakin bələdiyyələrin birləşməsi ilə yanaşı, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi, yerli vergi və ödənişlərə dair qanunvericiliyə yenidən baxılması, bələdiyyə mülkiyyətini təsdiq edən xəritələrin hazırlanması, ərazilərində yerləşən yaşayış evlərinin sənədləşdirilməsi işinin sürətləndirilməsi kimi tədbirlər hökmən həyata keçirilməlidir.
Yəni, bələdiyyələrin gücləndirilməsi ilə bağlı kompleks tədbirlər görülməlidir, köklü islahatlar həyata keçirilməlidir. Bu olmadan, böyük bələdiyyələrin yaradılmasının və fəaliyyət göstərməsinin heç bir effekti olmayacaq.
- Əgər yaradılsa, idarəetmədə hansı dəyişikliklər olacaq və büdcənin yükü necə tənzimlənəcək?
- Bir daha təkrarlayım ki, böyük bələdiyyələrin yaradılması ilə iş bitmir. Bununla bərabər səlahiyyətlərinə yenidən baxılmalıdır, onların maliyyə potensialının əsasını təşkil edən yerli vergi və ödənişlərin bazası möhkəmlənməlidir, əhali tərəfindən yerli vergi və ödənişlərin ödənilməməsinə görə qanunvericilikdə məsuliyyəti gücləndirilməlidir, torpaqların xəritələri və yaşayış evlərinin sənədləşməsi məsələləri öz həllini tapmalıdır.
Bütün bu tədbirlər görüldükdən sonra idarəetmə və büdcə yükü məsələləri tənzimlənməlidir, yeni bələdiyyədə üzvlərinin, bələdiyyənin fəaliyyətini təmin edən icra aparatlarında çalışan bələdiyyə qulluqçularının sayı artırılmalıdır.
- Siz yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrinin fəaliyyətinə müdaxiləsi haqqında fikirlərlə razısınızmı?
- Ümumiyyətlə, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin statusu, təşkili qaydası, vəzifə və səlahiyyətləri Azərbaycan Konstitusiyası və qanunları ilə müəyyən edilir. Bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər və dövlət hakimiyyəti orqanlarının onların fəaliyyətinə müdaxiləsi yolverilməzdir.
Əgər bu cür hallar mövcuddursa, bununla bağlı müdaxilə edən qurumların səlahiyyətli şəxsləri məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidirlər. Onu da bildirim ki, cəmiyyətdə zaman-zaman fikirlər səsləndirilir ki, guya Azərbaycanda bələdiyyə institutunun səmərəli fəaliyyətinə mane olan əsas amillərdən biri yerli icra hakimiyyətləri və bələdiyyələr arasında müəyyən paralelliyin olması və iki qurum arasında konkret səlahiyyət bölgüsünün olmamasıdır.
Xatırladım ki, hər iki qurumun fəaliyyətini tənzimləyən ayrı-ayrı normativ hüquqi aktlar qəbul olunub. İstisna etmirəm ki, vəzifə və səlahiyyətlərdə müəyyən üst-üstə düşən, təkrarlanan məqamlar var. Bu məqamların aradan qaldırılması üçün isə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaranır.
- Vətəndaş bələdiyyədən sənəd alırsa, həmin sənəd əsasında ev və ya hansısa obyekt inşa edə bilərmi?
- Məlumat üçün bildirim ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna əsasən bələdiyyə torpaqları bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış və bağ evlərinin tikintisi üçün ayrılır. Bunun üçün bələdiyyə müvafiq qərar qəbul edir, vətəndaş və bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılır.
Bundan sonra vətəndaş aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi Əmlak Məsələləri Dövlət Xidmətindən almalıdır. Torpaq üzərində fərdi yaşayış evinin tikintisi üçün isə razılıq və ya icazə artıq bələdiyyədən deyil, hallardan asılı olaraq, yerli icra hakimiyyətindən və ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınmalıdır.
- İcra başçısı vəzifəsi ləğv etmək, yerində daha mükəmməl işləyən bir yerli icra hakimiyyəti orqanı yaratmaq mümkündürmü?
- Azərbaycan Konstitusiyasının 109-cu və 124-cü maddələrinə əsasən Prezident dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində yerli icra hakimiyyəti orqanlarını yaradır və həmin qurumların səlahiyyətlərini müəyyən edir. Buna görə də qeyd etdiyiniz məsələnin birbaşa cənab Prezidentin səlahiyyətlərinə aid olduğundan yeni icra hakimiyyəti qurumlarının yaradılıb-yaradılmaması ilə bağlı fikir söyləmək düzgün olmazdı.
- Bu postun ləğvi Konstitusiya dəyişikliyindən keçir. Kuluarlarda referendum müzakirələri keçirilirmi?
- Təbii ki, Konstitusiyada nəzərdə tutulmuş yerli icra hakimiyyətlərinin statusunun ləğvi və ya dəyişdirilməsi ölkəmizin ana qanununa dəyişikliklər edilməsi, müvafiq referendumun keçirilməsi yolu ilə həyata keçirilməlidir. Ümumilikdə, hazırda hər hansı bir referendumun keçirilməsi ilə bağlı məlumatım yoxdur. Onu da bildirim ki, Konstitusiyanın 109-cu maddəsinin 18-ci bəndinə əsasən referendumun təyin edilməsi Azərbaycan Prezidentinin səlahiyyətindədir.
- Şəxsən siz icra başçılarının fəaliyyətində nələri bəyənmirsiniz?
- Ümumiyyətlə, yerli icra hakimiyyətinin başçısı vəzifəsi olduqca məsuliyyətli bir vəzifədir. İcra başçıları yerlərdə cənab Prezidentin səlahiyyətli nümayəndələridir və yerlərdə icra hakimiyyətini həyata keçirirlər. Hər bir rayonun inkişafı əhəmiyyətli dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır.
Regionların sosial-iqtisadi inkişafında mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının da rolu böyükdür və onun öhdəsindən gəlməyə çalışmalıdırlar. Bildiyiniz kimi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları icra olunub, hazırda sayca dördüncü proqram icra edilir. Regionlarda böyük infrastruktur layihələrinin, tikintilərin, sosial infrastruktur layihələrinin reallaşdırılması üçün yerli icra hakimiyyəti orqanları fəal iştirak edir. Bununla yanaşı, icra başçıları vətəndaşlara daha yaxın olmalı, onların problemləri ilə maraqlanmalı, təhlil etməli və həlli üçün səylər göstərməlidirlər.
Təsadüfi deyil ki, pandemiya səngiyərkən rayonlarda icra başçılarının səyyar qəbullarına start verilib, hər həftə bu qəbullar keçirilir, vətəndaşlar icra başçıları ilə birbaşa təmasda olurlar, qaldırdıqları problemlər dinlənilir, müzakirə olunur, onların həlli istiqamətində tədbirlər görülür. Düşünürəm ki, icra başçıları, xüsusilə də post-pandemiya dövründə vətəndaşların problemlərinə daha böyük həssaslıqla yanaşmalıdırlar.
- Azərbaycanın ərazi bölgüsündə hansı dəyişiklik lazımdır? Vilayətlərin yaradılması məntiqə uyğundurmu?
- Azərbaycanın inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi 2000-ci il iyunun 13-də qəbul olunmuş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun ilə tənzimlənir. O ki qaldı, yeni ərazi vahidlərinin, məsələn vilayətlərin yaradılmasına, bu məsələ də dövlət başçısının səlahiyyətlərinə aid olan məsələdir.
Bu məsələdə diqqətli olmaq lazımdır, müvafiq təhlillər aparılmalıdır, bir sıra məqamlar, o cümlədən ərazilərdə idarəetmənin çevikliyinin və operativliyinin nəzərdən keçirilməsi, səmərəsinin artırılması, əhalinin tələbat və ehtiyaclarının ödənilməsi məsələləri nəzərə alınmalıdır.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu cür ərazi vahidləri yaradılarsa, onların idarəetməsi ilə bağlı yaradılacaq qurumların yerlərdə mövcud olan qurumlarla münasibətləri, qarşılıqlı fəaliyyəti tənzimlənməlidir və müvafiq qanunvericilikdə öz əksini tapmalıdır.
- Bələdiyyələrin fəaliyyətinə dair illik məruzələr parlamentdə müzakirə edilir. Parlamentin belə hesabatı dinləməsi nə dərəcədə düzgündür? Bu, sadə prosedurdur, yoxsa parlamentin bələdiyyə idarəetməsindəki nəzarəti?
- İlk növbədə qeyd edim ki, Milli Məclisə illik məruzə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan, yəni Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur və bələdiyyələr tərəfindən qanunvericiliyə riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyəti əhatə edir.
İllik məruzələrin hər ilin yekunu üzrə Milli Məclisə təqdim edilməsi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunda nəzərdə tutulub.
Düşünürəm ki, illik məruzənin parlamentdə müzakirəsi və qəbul edilməsi bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, onların üzləşdikləri problemlərin müəyyən edilməsinə, həlli yollarının axtarılmasına və nəticə etibarı ilə qanunvericilik müstəvisində həll olunmasına xidmət edir. Əslində, illik məruzə bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsində mühüm rol oynayan bir sənəd kimi qəbul olunmalıdır.
Bu səbəbdən parlamentin bələdiyyələr üzərində hər hansı bir nəzarət formasından söhbət gedə bilməz.