E-mail: [email protected]
Saakaşvili azad edilməlidir - BƏYANAT
Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı bəyanat yayıb.
Turkdunyasi.az APA-ya istinadla xəbər verir ki, bəyanatda hazırda Tbilisidəki klinikalardan birində müalicə alan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin səhhətinin əhəmiyyətli dərəcədə pisləşməsindən dərin narahatlıq ifadə edilib.
Bəyanatda Gürcüstan tərəfinə Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və müalicə alması üçün Qərb ölkələrinə köçürülməsi çağırışı edilib: “Ukrayna vətəndaşının vəziyyətinin ağır olduğunu nəzərə alaraq, biz Gürcüstan tərəfini ona lazımi tibbi yardım göstərməyə, habelə Mixeil Saakaşvilinin daha sonra Avropa və ya Amerika klinikalarından birinə köçürülməsi üçün cəzasının təxirə salınması tələbini təmin etməyə çağırırıq”.
XİN-in bəyanatında, Gürcüstan hakimiyyətini Ukrayna Ali Radasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Dmitri Lubinetsin Mixeil Saakaşvili ilə görüşməsinə icazə verməyə çağırıb.
“Ukrayna Gürcüstan ərazisində olan Ukrayna vətəndaşlarının, xüsusən də azad edilməli olan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin qanuni hüquq və mənafelərinin qorunmasına bundan sonra da xüsusi diqqət yetirəcək”, - deyə bəyanatda qeyd olunub.