18 
dek
2022
12:10
98

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gələn il iqtisadi durum necə olacaq? - GÖZLƏNTİLƏR

18 dek, 2022
12:10
998

Geridə qoymağa hazırlaşdığımız 2022-ci ili Azərbaycan üçün iqtisadi baxımdan uğurlu hesab etmək olar. Cari il ərzində bir sıra ölkələrlə müxtəlif sferalarda təmasların möhkəmləndirilməsi, yeni əlaqələrin qurulması, Ukraynada davam edən müharibə fonunda Avropada Azərbaycan qazına və enerjisinə tələbatın artması, eləcə də ticarət dövriyyəsinin yüksəlməsi uğurlu göstərici sayıla bilər.
 
Bununla belə, dünyada cərəyan edən iqtisadi böhran fonunda qiymət artımı ölkəmizdən də yan keçməyib. İl ərzində başda ərzaq olmaqla, bir çox məhsulların qiymətində nəzərəçarpacaq artım qeydə alınıb ki, bu da vətəndaşları ciddi şəkildə narahat edir.
 
Bəs, gələn ili bizi nələr gözləyir? Yenidən qiymət artımı olacaqmı? 
 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov vurğulayıb ki, ölkənin iqtisadiyyatını onun dövlət büdcəsi və Ümümi Daxili Məhsul (ÜDM) göstəriciləri əsasında pronozlaşdırmaq mümkündür.
 
Deputatın sözlərinə görə, gələn il Azərbaycanda ÜDM-də artım gözlənilir: "Ən azı 4 faiz artımın şahidi olacağıq. Eləcə də, dövlət büdcəsinin passiv gəliri 30 milyard manatdan yuxarı proqnozlaşdırılır. Bu da gələn il iqtisadiyyatımızda inkişafın olacağını göstərir. Onu da vurğulamaq lazımdır ki, gələn il manatın məzənnəsi də  sabit qalacaq. Hazırda bizim 55 milyard dollardan artıq valyuta ehtiyyatımız var".
 
A.Hüseynov hesab edir ki, 2023-cü ildə iqtisadi sahədə dinamika müşahidə olunacaq:
 
"Məlumdur ki, pandemiya artıq səngiyib. Buna görə də, dünya ölkələrində iqtisadi dinamizm özünü göstərəcək. Bununla yanaşı, ixrac potensialımız yüksələcək. Nəqliyyat, logistika və turizm sahəsində gəlirlərimiz daha da artacaq. Xüsusilə, kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə olunacaq".
 
Parlamentari onu da iddia edib ki, gələn il ərzaq məhsullarının süni şəkildə bahalaşmasının şahidi olmayacağıq:
 
"Hesab edirəm ki, dövlət büdcəsində gərginlik olmayacaq. Maaş və pensiyalar, təqaüdlər artacaq. Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət proqramı mövcuddur. Məncə, görülən işlərin nəticəsi olaraq, ərzaq məhsullarında süni bahalaşmanın qarşısı alınacaq".
 

 
Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov isə vurğulayıb ki, gələn ilin iqtisadi durumunu proqnozlaşdırmaq olduqca çətindir. O düşünür ki, iqtisadi durum dünyada gedəcək siyasi proseslərdən asılı olacaq.
 
“İqtisadi inkişaf üçün ölkə iqtisadiyyatına və ilk növbədə real sektorlara investisiyalar yatırılmalıdır. Bu, olduqca vacib şərtdir. Bu sırada qeyri–neft sektorunun sənaye sahəsi xüsusi yer tutur. İqtisadiyyatda real artım yalnız ona real yatırımlar olduqda mümkündür. Cari ilin 10 ayı ərzində iqtisadiyyatın real sektorunun qeyri-neft sənayesi sahələrinə əsaslı vəsait qoyuluşu ötən ilin eyni dövrü ilə müqaisədə 15%-dən çox azalıb. Bölgədə cərəyan edən siyasi hadisələrdən dolayı iqtisadi inkişafı əks etdirən bütün rəqəmlər özlüyündə bizi hərəkətə keçməyə vadar edir”.
 
Bundan əlavə, F.Yusifov qeyd edib ki, gələn il qiymət artımının olmamasına çalışmaq lazımdır və bu istiqamətdə ciddi işlər görülməlidir:
 
“Rəsmi statistikada cari ilin yanvar-oktyabr aylarının məlumatları yer alıb. Cari ilin 10 ayı ərzində keçən ilin 10 ayı ilə müqaisədə Ümumi Daxili Məhsulun (ÜDM) nominal artımı 40 milyard manata yaxın və ya 55%-dən çox olub. Dünya bazarlarında və xüsusilə ölkə daxilində ciddi qiymət artımlarının bu məsələdəki “rolu” ortatdadır”.
 

Xatırladaq ki, bu yaxınlarda Milli Məclis “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini qəbul edib.
 
Qanun layihəsinin yeni redaksiyasına əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat təşkil edir. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təklif edilmişdi.
 
2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur. Dövlət büdcəsinin xərcləri də 53 milyon 278 min manat artırılaraq 33 milyard 353 milyon 278 min manat müəyyənləşdirilir.
 
Onu da bildirək ki, qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təklif edilmişdi.

Bizimlə əlaqə saxlayın