E-mail: [email protected]
Azərbaycanlı şagirdlər ABŞ-yə yollanırlar: Dördü dünya reytinqində ən yüksək nəticə ilə finala qatılacaq- FOTO
ABŞ-nin Kopernik olimpiadasının mükafatlandırma mərasimi keçirilib.
Bakı Ali Neft Məktəbində “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-nin Kopernik olimpiadasının riyaziyyat üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıbar. 800-ə qədər şagird arasında təşkil edilən olimpiadada 386 nəfər qalib adını qazanıb.
BANM-də təşkil olunan mükafatlandırma mərasimi Azərbaycan Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə “Global Olimpic Center”in direktoru Xəyal İbrahimzadə tədbiri açıq elan edib. Sonra BANM-in rektoru Eldar Qasımov çıxış edib. Şagirdləri və valideynləri salamlayan rektor onları təbrik edib, uğurlar arzulayıb. Sonra Kopernik olimpiadasının direktor müavini Maria Pedro qonaqları Azərbaycan dilində salamlayaraq, maraqlı diskussiya aparıb. Ölkəmizdə ilk dəfə olan nümayəndə iştirakçılara qlobal turda uğurlar arzulayıb.
Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq qızıl medal qazananlara rektor Elmar Qasımov medallar təqdim edib. Gümüş və bürünc mükafatları isə qaliblərə dəvət olunmuş digər qonaqlar təqdim ediblər. Ümumilikdə mərasimdə 76 şagird qızıl, 108 şagird gümüş, 202 şagird bürünc medal, 114 nəfər isə həvəsləndirici sertifikat əldə edib.
Daha sonra fizika və astronomiya, təbiət elmləri üzrə qaliblərə mükafatları “Tərəqqi” medallı bioloq Camal Kərimov təqdim edib.
Qeyd edək ki, mükafatlandırılan fiziklər yanvarın 21-də ABŞ-də Rays Universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcəklər. Onlar eyni zamanda NASA-da olacaq, iş prosesi və raketlərlə tanış olacaqlar. Riyaziyyatçılar isə iyulun 10-da ABŞ-də Massaçusets Texnologiya İnstitutu (MIT) və Kolumbiya Universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, riyaziyyat üzrə finala vəsiqə qazananlar arasında dörd şagirdimiz 100 bal toplayaraq dünya reytinqində ən yüksək nəticə ilə final turuna vəsiqə qazanıb. Bunlar Bakı Avropa Liseyinin şagirdi Mehin Banu Məmmədli, “Oxbridge Academy”nin şagirdi Toğrul Məmmədli, 236 nömrəli məktəbin şagirdi Paşam Əlizadə, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Hüsna Məmmədlidir.