E-mail: [email protected]
Nazir müavini Vüqar Kərimovun mürtəce kadr siyasətinin növbəti acı nəticələri - Şamaxı və qonşu rayonların meşələri qeyri-peşəkar vəzifəli şəxslərin əsarətində
ETSN sistemində hamıya gün kimi aydındır ki, qeyri-peşəkarların irəli çəkilməsində patronajlığı nazir müavini Vüqar Kərimov edir. Məhz onun “xeyir-duası” ilə Şabran, Sabirabad, Göygöl, Lənkəran meşə idarələrinin müdirlərini işdən çıxarıb yerinə baytar həkim, idman müəllimi, hərbçi və s. qeyri-peşəkarları təyin etdilər. Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələrimizdə ortaya qoyduğumuz “Şamaxı RMTM-nin mühafizə işləri üzrə direktor müavini təyin olunan Firqət Camalov və onun kimi qeyri-peşəkarlar hansı nəzəri və praktik bilikləri ilə az meşəli ölkə olan Azərbaycanın meşələrini inkişaf etdirəcəklər” sualımıza hələ də cavab verilməyib. Maraqlı məqam kimi qeyd etmişdik: o direktorları işdən çıxardırlar ki, onlar Rusiyada təhsil almış mühəndislərdi. Hətta Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarına belə iş verilmir”.
Son vaxtlara qədər yanlış olaraq bəziləri hesab edirdilər ki, ETSN-də kadr təyinatı məsələləri Firdovsi Əliyevin kurasiyasındadır. Lakin az əvvəl Firdovsi Əliyevin nazir müavini görəvindən alınandan sonra bir daha aydın oldu ki, bu məsələdə “boz kardinal” Vüqar Kərimovdur. “Nazir müavini Vüqar Kərimov Azərbaycanda meşə talançılığı institutu yaradıb” sərlövhəli məqaləmizdə onun yarıtmaz siyasətinin axmaq siyasətinə nümunələr sadalamışdıq.
Vüqar Kərimovun ciddi dəstək verdiyi kadrlardan olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyevin, mühafizə üzrə direktor müavini Tural Qasımovun “xeyir-duası” ilə baş verən meşə talançılığından, ETSN 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilən yoxlamalar zamanı aşkar edilən qırıntı faktları, verilmiş bir meşə biletinin əvəzinə dörd qat artıq sayda və həcmdə ağacların qırılmasının ört-basdır edilməsindən, Vasif Nəbiyevə meşələri qoruyan deyil, maddi marağın təmin olunması müqabilində ağacların qırılmasına şərait yaradan işçilərin sərf etməsindən, əvvəllər Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM), sonra isə Şəmkir MMBM-nin direktoru vəzifələrində işlədiyi dövrlərdə barəsində xeyli şikayətlər səslənməsindən, sabiq nazir Hüseynqulu Bağırovun onu işdən çıxarandan sonra bir müddət ETSN sistemindən kənarda qalmasından, Muxtar Babayev nazir vəzifəsinə təyin olunandan sonra havadarı, nazir müavini Vüqar Kərimovun dəstəyi yenidən vəzifəyə təyin olunmasından yazmışdıq.
Əvvəllər Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM), sonra isə Şəmkir MMBM-nin direktoru vəzifələrində işlədiyi dövrlərdə barəsində xeyli şikayətlər səslənən, tənqidi məqalələr dərc olunan, sabiq nazir Hüseynqulu Bağırov onu işdən çıxarandan sonra bir müddət ETSN sistemindən kənarda qalan, Muxtar Babayev nazir vəzifəsinə təyin olunandan sonra havadarı, nazir müavini Vüqar Kərimovun dəstəyi yenidən “at belinə mindirilən” Vasif Nəbiyevin işçiləri müxtəlif bəhanələrlə Əmək Məcəlləsinin 70 C maddəsi ilə vəzifələrindən qovub yerlərini 2000-3000 manata satmasını da ictimailəşdirmişdik.
“Gözün üstə qaşın var” deyilməyən Vasif Nəbiyevin göstərişi ilə Əmirvar meşəbəyliyinin 6 – 10 saylı və digər dolaylarında qiymətli cavan ağaclar kütləvi şəkildə qırılaraq kömür və məmulat tədarükü məqsədilə Gəncə ətrafındakı mebel və yeşik sexlərinə satılmasını, uşaqlarının kirvəsi Rövşən Rəsulovla əlbir olaraq qohum-əqrəbasını, köhnə meşə qatillərini, keçmişdə talançı hərəkətlərinə görə işdən qovulanları, hərbi xidmətdən yayınanları başına yığmasını, təsərrüfat təşkili planına uyğun gəlməyən, meşənin sıxlığı qırılmaya uyğun olmayan yerlərdə qırıntı aparılmasına rəvac verməsini qeyd etmişdik. Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan Gədəbəy rayonu Qalakənd meşəbəyliyinin 5 və 10 saylı meşə dolayısındakı palıd və fıstıq ağacları kütləvi şəkildə talan edilməsinə, ETSN 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilən yoxlamalar zamanı aşkar edilən qırıntı faktlarının, verilmiş bir meşə biletinin əvəzinə dörd qat artıq sayda və həcmdə ağacların qırılmasının ört-basdır edilməsinə dair səhih məlumatlar təqdim etmişdik.
Eyni sözləri Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəsul Quliyev barəsində də demək olar. Redaksiyamıza daxil olan yeni məlumatlarda Şamaxı RMTM-nin Qalınçaq meşəbəyliyinin 14 saylı meşə dolayının ərazisində, həmçinin İsmayıllı-Şəki avtomobil yolunun kənarında diqqəti çəkən bir sahədən söz gedir. Bildirilir ki, sözügedən ərazi hissəsi 2022 - ci ilə qədər Şamaxı RMTM-nin kadastr üzrə baş mütəxəssis Xəlilov Bəxtiyar Mirzəhüseyin oğlunun olmuşdur. 2022 - ci ildə başqa vətəndaşa 150 min manata satılmış və əraziyə mişar daşı və kərpic gətirilərək göl üçün yer qazılır. Vaxtilə cənab nazirin müşaviri işləmiş Xəlil Ramazanov ərazidə işləri dayandırmışdı. Amma hal - hazırda işlər davam etdirilir. Şamaxı RMTM-nin direktoru Rəsul Quliyev, direktor müavini Firqət Camalov, kadastr üzrə baş mütəxəssis Bəxtiyar Xəlilov burada gedən işlərə göz yumurlar. Sadalanan faktları təsdiqləyən fotoşəkilləri təqdim edirik.
İbrahim Hümbətov