Vəndam bələdiyyəsinin sədri qanunlara “şpaqat” atır
28 iyl, 2023
20:30
11113
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Amma bütün qərarları təkbaşına verən elə bələdiyyə sədrləri vardır ki, yerli özünüidarəetmə qurumunun mülkiyyətində olan torpaqları öz dədələrinin malıymış kimi sağa-sola satırlar. Hələ bir neçə il əvvəl mətbuat yazırdı ki, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov qəsəbədə torpaqları plansız, əsassız şəkildə sataraq, talanını həyata keçirməkdədir. Qeyd olunurdu ki, Vəndam bələdiyyəsi tərəfindən satılan hər 0.01 ha bələdiyyə torpaq sahəsinə görə vətəndaşlardan rəsmi rüsumlardan əlavə, minimum 500 manat rüşvət alınır. İndi, əlbəttə ki, o qiymətlər daha da kvadrata yüksəlib. Əgər istənilən vaxt yoxlama aparılsa, bələdiyyə sədrinin satmış olduğu torpaq sahələrinin torpaqayırma sənədlərinin Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274 – IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə, qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlmədiyi aşkarlanar. Daha nələr deyilməyib, nələr yazılmayıb indiyədək Asif Həşimovun haqqında?! Adam tarixi qəbristanlığın yerini dolduraraq mağaza tikib. Bələdiyyə sədri 2018-ci və 2020-ci illərdə qəsəbə ərazisində məişət tullantılarının Qaraçay və Dəstəmaz çaylarının kənarına qeyri-mütəşəkkil atılmasına və qanunauyğun idarə edilməməsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən barəsində protokollar tərtib olunaraq 2000 və 3000 manat məbləğində cərimələnib. Asif Həşimovun arxasında kim durub ki, belə özündən müştəbehdir, bilinmir. Bəlkə qəsəbədə heykəli qoyulan Jan Klod Van Dam? Ola bilməz, avropalılar Asif Həşimov kimi çamura bulaşmış adamlara qahmar çıxmazlar. Bəlkə qohumu olduğunu dediyi rəhmətlik şəhid general Polad Həşimovun xatirəsinə ehtiram əlaməti olaraq ona toxunmurlar? – Bu da inandırıcı deyil, Polad Həşimovun şəxsiyyətinə hörmət edən, qohum olan kəs Asif qədər korrupsiyaya qurşanıb bu statusdan sui-istifadə etməzdi. İbrahim Hümbətov