E-mail: [email protected]
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında çəkişmə xəstəxanalaradək ayaq açıb
Həkimlər deyir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında çəkişmə xəstəxanalaradək ayaq açıb.
“Bölgələrdə ciddi həkim çatışmazlığı var. Səhiyyə Nazirliyinin dövründə müasir tibbi avadanlıqlar alınıb. Amma avadanlıqları toz basıb, çünki işlədə biləcək kadrlar yoxdur”.
Bunu Meydan TV-yə adlarının mətbuatda açıqlanmasını istəməyən bir neçə həkim deyib. Həkimlərin sözlərinə görə, maaş az olduğundan, o cümlədən xüsusilə kəndlərdə tibb məntəqələri qəzalı vəziyyətə düşdüyündən rayonlara, kəndlərə işləməyə gedən yoxdur:
“TƏBİB bu problemi aradan qaldırmaq əvəzinə bir-iki ay əvvəl xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin simpoziumunu keçirdi. Həmin tədbirdə iştirak edən onlarla şəxsin bütün xərcləri qarşılandı, milyonlarla manat vəsait silindi. Halbuki ölkədə ciddi dərman çatışmazlığı var, şəkərli diabet xəstələrindən dərmanla bağlı hər gün şikayətlər daxil olur. Desmopressin, insulinin dozası kifayət etmir”.
Rayonların birindəki tibb ocağının rəhbərliyində təmsil olunan həkim qeyd edib ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında çəkişmə xəstəxanalaradək ayaq açıb. Həkimlərdən biri danışıb ki, sənəd yazmaqdan xəstə qəbul etməyə vaxt qalmır:
“Bir xəstəxana ay ərzində neçə dəfə yoxlanar? TƏBİB yoxlayır, sonra agentlik yoxlama aparır. Birinin tapşırığını digəri qəbul etmir. Məzuniyyətdə olan həkimə təbii ki, bonuslar hesablanmır, yalnız maaş verilir ki, bu da olduqca cüzi məbləğdir”.
Narazılıqlardan biri də poliklinikalarda iş saatının 6-dan 8-dək artırılmasıdır. Baş tibb bacılarına 2 saat əlavə işdə olmaları tapşırılıb. Həkim deyib ki, xəstə olmadığı halda işdə otururlar, halbuki təcili xəstə qəbulu təcili tibbi yardım xidmətinin işidir:
“Təcili tibbi yardım həkimlərinə isə avtomobildə gözləməyi tapşırıblar, guya həkim məntəqədə olanda çağırışa gecikir. Kameralarla nəzarət edirlər”.
Həkimlərdən biri danışıb ki, təkcə cənub bölgəsində onlarla həkim və tibb bacısına ehtiyac var. 3 həkimin işi birinə yüklənib, ancaq bunun qarşılığında maaşlar yüksək deyil. Lerik Rayon Mərkəzi Xəstəxanasında cərrah da daxil olmaqla 47 həkim və 60 tibb işçisi, Astara rayonunda 50 həkim ştatı boşdur.
TƏBİB-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən TƏBİB-in tibb müəssisələrində 17 minə qədər həkim, 58 minə qədər tibb işçisi çalışır.
Hazırda dövlət tibb müəssisələrinə xaricdə təhsil alan və çalışan həkim-mütəxəssislərin cəlb olunmasına hesablanan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində müxtəlif ixtisas üzrə 100-dək həkim-mütəxəssis tibb müəssisələrində fəaliyyət göstərir.
Eyni zamanda, dövlət strategiyamıza uyğun olaraq, gənc kadrların potensialını gücləndirmək, onlara özlərini inkişaf etdirə biləcək bir meydan vermək, gənc həkim mütəxəssislərin Azərbaycan səhiyyəsinə qazandırılması üçün TƏBİB Azərbaycan Tibb Universiteti ilə birgə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin yuxarı kurs tələbələri tabeliyimizdəki tibb müəssisələrində işlə təmin olunur.
Stimullaşdırma tədbirlərinə gəlincə, həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
TƏBİB-in tabeliyindəki Lerik Rayon Mərkəzi Xəstəxanasında 94 həkim ştatından 43-ü tutulub, 51-i vakantdır. 206 orta tibb işçisi ştatından isə 151-i tutulub, 55-i vakantdır.