22 
okt
2023
16:30
114

Tel:+99450 352 82 91
E-mail: [email protected]

8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyidir

22 okt, 2023
16:30
9114

Məlumdur ki, 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunun ardıcıl təxribatlarının və növbəti işğal planlarının qarşısını almaq məqsədilə yeni hərbi əməliyyatlara qoşulmağa məcbur oldu. Baş verən hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və biz Vətən savaşında parlaq qələbələr əldə etdik. Unutmaq olmaz ki, bəşər tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar, qələbələr və s. kimi çoxsaylı hadisələr baş vermişdir. 44 gün ərzində davam edən hərbi əməliyyatlar zamanı isə, müzəffər Azərbaycan Ordusu işğalçı ölkənin ötən otuz ilə yaxın müddət ərzində qurduğu istehkamlarını, silahlı qüvvələrini darmadağın etdi və sonda düşmən tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. Ağ bayraq qaldırması ilə bərabər, düşmənin uzun illər ərzində işğal altında saxladığı ərazilər də öz sahiblərinə qaytarıldı. Əgər ilk əvvəl 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olunmuşdursa, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra, yəni 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından da düşmən qüvvələri çıxarmağa məcbur oldular. Azərbaycan, RF-nin Prezidentləri və Ermənistan Baş nazirinin birgə imzaladıqları bəyanat, mahiyyət etibarilə işğalçı ölkənin kapitulyasiya aktı oldu və bununla da Ermənistan məğlubiyyətini təsdiq etmiş oldu. Döyüş meydanlarında məğlubiyyətini dərk edən Ermənistanın siyasi və hərbi rəhbərliyi münaqişənin ilk günlərindən Prezident İlham Əliyevin bəyan etdiyi şərtləri qəbul etməyə məcbur oldu və kapitulyasiya aktına imza atdı. Faktdır ki, düşmən ölkənin siyasi və hərbi rəhbərliyi Azərbaycanın dəmir yumruğunu başları üzərində hiss etməyənə qədər torpaqları geri qaytarmağa razılaşmırdı, hətta Şuşa şəhərini qondarma rejimin paytaxtı da elan etmək istəyirdi.

O da hər kəsə məlum oldu ki, Ermənistanın ötən otuz ilə yaxın müddət ərzində yaratdığı ordu Silahlı Qüvvələrimizin qarşısında cəmi 44 gün tab gətirə bildi və bununla da dünya ictimaiyyətində, bu ölkənin ordusu haqqında yaranmış yenilməzlik mifi tamamilə puç oldu. Bəli, biz 27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında haqq mübarizəsinə qalxdıq və düşmən qüvvələrini ərazilərimizdən iti qovan kimi qovduq. Ordumuz hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq etdi və ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə, hərbi texnikasına ciddi zərbələr vurdu. İnanırıq ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı, məhz Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. O da faktdır ki, 44 gün ərzində işğalçı Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycanın rəhbərliyinə diplomatik və siyasi təzyiqlər göstərildi. Buna baxmayaraq, Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqləri dəf etdi və prinsipial mövqeyindən heç bir halda dönmədi. Bununla da ölkə rəhbərimiz dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Təəssüf doğuran hal odur ki, müharibənin davam etdiyi vaxtlarda bəzi ölkələr işğalçıya təzyiq göstərmək, zalımı dayandırmaq və bölgədə sülh-əminəmanlıq yaratmaq əvəzinə, haqq mübarizəsi aparan Azərbaycana qarşı təzyiqlərini göstərdi, ölkəmizin öz torpaqlarını azad etmək və məcburi köçkünləri üçün yaşayış yeri təmin olunması uğrunda apardığı mübarizəni dayandırmaq istəyirdilər. Bütün bunlara baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin göstərdiyi iradə ölkəmizin güclü və qətiyyətli olduğunu bir daha nümayiş etdirdi. Bir sözlə, 44 gün davam edən Vətən müharibəsi Ermənistanın məğlub olması ilə nəticələndi və otuzillik işğala son qoyuldu. Müharibənin hər günü şanlı tarix oldu və hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad olundu. Bir sözlə, əsgər və zabitlərimiz yalnız bir amalla vuruşurdu, o da işğala və haqsızlığa son qoymaq idi. Bəli, dünya tarixi həqiqətləri bilməlidir. Azərbaycan əraziləri otuz ilə yaxın müddət ərzində işğal altında qaldı. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındılar. Faktdır ki, Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Hərbi uğurumuzu bərkidən amillərdən biri də, uzun illər ərzində davam etdirdiyimiz diplomatik mübarizəmiz oldu. Ötən illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük işlər aparıldı və bu da görülən işlərin nəticəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəklədilər. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaranmış oldu. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya şahidi oldu ki, Qarabağ bizim əbədi-əzəli tarixi torpağımızdır. Hər kəs görürdü ki, möhtərəm Prezident daim problemin sülh yolu ilə, qan tökmədən, heç bir şəhid qurban vermədən nizama salınmasına çalışırdı. Elə ki, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladı, həmin vaxt hər kəs ölkə rəhbərinin yanında olduğunu bəyan etdi. Həmrəyliyimiz, məhz gücümüzün qüdrətini ortaya qoydu. Yəni həmrəy olduq ki, Vətən müharibəsində parlaq qələbə əldə etməyi bacardıq. Bu gün də xalq ölkə rəhbərinin yanındadır, möhtərəm Prezidentlə həmrəydir. Bu gün də möhtərəm Prezidentimiz elə bir müdrik idarəçiliyini həyata keçirir ki, atılan hər addımda xalqımızın, dövlətimizin ümumilli maraqları öndə tutulur. Bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, mən də bir vətəndaş olaraq ilk günlərdən ölkəmizin haqq işini müdafiə edənlərdən biri oldum və Prezidentin DQ probleminin həlli istiqamətində atdığı addımları dəstəklədim. Artıq biz “məğlub xalq” adını üzərimizdən götürmüşük. Sözsüz ki, belə bir adın üzərimizdən götürülməsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, müdrik dövlət xadimi İlham Əliyev cənablarının əvəzsiz rolu oldu. Bu yöndə atılan addımlar, əldə olunan parlaq qələbələrə görə, qarşıdan gələn 8 noyabr- Zəfər Günü münasibətilə ölkə rəhbərimiz başda olmaqla, bütövlükdə xalqımızı ürəkdən təbrik edirəm. Eyni zamanda hər bir Azərbaycan vətəndaşını möhtərəm Prezidentimizin müdrik siyasətini müdafiə etməyə, dövlətimizin yanında olmağa çağırıram. Bu qələbə zəfər qələbəsi oldu, “Qarabağ Azərbaycandır!” demək oldu!

Onu da qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsində əldə olunan parlaq qələbə münasibətilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunması haqqında 03 dekabr 2020-ci il tarixdə Sərəncam imzalamışdır. Düzdür, Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 02-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 03-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu, həmçinin Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu.

Artıq üç il olacaq ki, ölkəmizdə Zəfər Günü təntənəli şəkildə qeyd olunur. Faktdır ki, həmin günün qeyd olunması ilə bağlı indidən hazırlıq işləri görülməkdədir. Bu sırada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun verdiyi tapşırıqlar əsasında, belə bir hazırlıq işləri bu şəhərin ərazisində də geniş vüsət alıb. Belə ki, əldə etdiyimiz məlumatlara görə şəhər ərazisində təmizlik işləri həyata keçirilir, tədbirlərin keçiriləcəyi yerlərdə lazımi təmir-bərpa işləri görülür və 8 noyabr- Zəfər Gününün əhəmiyyətini hər kəsə çatdırırlar. Bu yöndə atılan addımlar onu sübut edir ki, Zəfər Günü hər kəsin yaddaşında olduğu kimi, Gəncə şəhəri ərazisində yaşayan sakinlərin də yaddaşında silinməz izlər buraxacaq və heç vaxt unudulmayacaq.

Aris ƏLƏKBƏROV,
Gəncə şəhəri 5 saylı notariat ofisi

Bizimlə əlaqə saxlayın