E-mail: [email protected]
Naftalanın başçısı deputatlığa namizədin vəkilliyini edir
Naftalanın icra başçısı Vüqar Novruzov sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə “ciddi şəkildə” hazırlaşır. Turkdunyasi.az Tribunainfo.az-a istinadən xəbər verir ki, seçkilərə qanunla neytral qalmalı olan və yalnız seçki prosesini təşkil etməyə məsul olan icra başçısı, vəzifəsini kənara qoyaraq, vəkilliyə başlayıb.
Belə ki, Vüqar Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 96 saylı Goranboy – Naftalan Seçki Dairəsindən YAP-ın namizədi olan Bədəl Bədəlova nəinki dəstək verir, hətta vəkilliyini edərək, təbliğatını belə aparır. O, hətta işini bununla da yekunlaşdırmayıb, həmin dairədən kimin namizəd olub-olmayacağına da qərar verir.
İcra başçısının özünü vəkillik səviyyəsinə qədər endirməsinin konkret səbəbi məlum deyil. Bunun partiya gərəyi atılan addım olması inandırıcı görünmür. Çünki belə olsaydı, digər rayonların da icra başçıları namizədlərin vəkilliyini edərdilər.
Məlumata görə, deputatlığa namizəd Bədəl Bədəlov geniş maddi imkanlara sahib olan biri kimi tanınır. Onun çoxsaylı əmlaklarının və normal biznesinin olduğu deyilir. Bəlkə də Bədəlovu Novruzova sevdirən bu amildir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.